Xəbərlər

Prezident: Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir

Bu gün Hadrutda yeni hərbi hissənin açılması bir daha demək istəyirəm ki, çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır; Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq, – digər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir.

“Poliqon”un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.

“Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Biz bunu heç vaxt gizlətmirdik və işğal dövründə hərbi paradlarda dəfələrlə nümayiş etdirmişdik.

Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması, – bütün bunlar göz qabağındadır, – onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Əksinə, müharibə təcrübəsi bizə göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurlarımız haradadır. Müharibə dövründə qüsurlarımız çox deyildi, amma olub. Ona görə müharibə bizim üçün əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır”, – deyə dövlət başçısı bildirib.

Poliqon.az

Back to top button