Estoniya “Carl-Gustaf” M4 qumbaraatanlarının ilk partiyasını qəbul edib

Estoniya İsveçin Saab şirkətindən aldığı “Carl-Gustaf” M4 qumbaraatanlarının ilk partiyasını qəbul edib.
“Poliqon” xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiyaları Dövlət Mərkəzinin (FMV) mətbuat xidməti məlumat yayıb.
Mərkəz onları Latviya ilə əməkdaşlıq edərək sifariş edib və artıq ilk çatdırılmada 300 dəstdən artıq qumbaraatan qəbul edib.
Xatırladaq ki, 2019-cu ilin iyun ayında Estoniya Müdafiə İnvestisiyaları Dövlət Mərkəzi İsveçin Saab şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Keçən il isə latviyalı tərəfdaşlar yeni “Carl-Gustaf” M4 qumbaraatanlarının və sursatlarının alınmasına qoşulub. Estoniya “Carl-Gustaf” qumbaraatanının son versiyasını sifariş edən 13 ölkədən biridir.
Son versiya olan “Carl-Gustaf” M4 modeli 84 mm-lik tank əleyhinə qumbaraatanın xeyli azaldılmış çəkiyə malik versiyasıdır. M4 modelinin kütləsi 6.3 kq təşkil edir ki, bu da kütləsi 10 kq olan M3 modelindən 37% və 14.2 kq-lıq kütləyə sahib M2 modelindən 2,2 dəfə yüngüldür.
“Saab” şirkəti, “Carl-Gustaf” çoxməqsədli qumbaraatanlarının universallığını vurğulayan tank əleyhinə, qəlpəli-fuqas, tüstüləyici və işıqlandırıcı qumbaralar daxil olmaqla on müxtəlif növ sursat istehsal edir.
Qeyd edək ki, “Carl-Gustaf” qumbaraatanının M4 versiyası geniş ictimaiyyətə ilk dəfə 2014-cü ilin 13-15 oktyabr tarixlərində ABŞ-ın Vaşinqton şəhərində keçirilən “AUSA Annual Meeting and Exposition 2014” (AUSA-2014) sərgisi zamanı təqdim edilib.
Əhəd Əzizov
Poliqon.az




