Estoniyada K9 ÖAQ təkmilləşdirilir

Estoniyada K9 ÖAQ təkmilləşdirilir

Estoniyada ordunun silahlanmasında yer alan 155 mm-lik K9 “Kõu” (K9 “Thunder” ÖAQ yerli adıdır) özüyeriyən artilleriya qurğuları (ÖAQ) təkmilləşdirilir.

“Poliqon” xəbər verir ki, ERR portalının məlumatına görə, Dövlət Müdafiə İnvestisiya Mərkəzi (RKIK – Riigi Kaitseinvesteeringute Keskus) Estoniya Müdafiə Qüvvələrinin ehtiyacları üçün 24 ədəd K9 “Kõu” özüyeriyən haubitsaların təkmilləşdirilməsi üçün dəyəri 4,6 milyon avro təşkil edən müqavilə imzalayıb.

“GoCraft” (keçmiş “Ühinenud Depood”) şirkəti ilə bağlanan müqavilə, ÖAQ-lara rabitə və idarəetmə sistemlərinin quraşdırılmasını, boyalama işlərinin, yanğınsöndürmə sisteminin dəyişdirilməsini, elektrik sisteminin uyğunlaşdırılmasını və digər əlavə avadanlıqların quraşdırılmasını nəzərdə tutur.

K9 “Kõu” ÖAQ Estoniya ehtiyaclarına uyğunlaşdırılarkən, onun potensialının yerli şəraitdə ən effektiv istismarı üçün ilkin şərtlər yaratmaqdan ötrü gələcək istifadəçilərin ehtiyacları və təklifləri nəzərə alınıb. Yerli hərbi mütəxəssislərin fikrincə yerinə yetiriləcək təkmilləşdirmə işləri Müdafiə Qüvvələrinin briqadalarının atəş dəstəyi imkanlarını artıracaq.

Əldə edilmiş razılaşmaya əsasən, birinci mərhələdə orduda sınaq müddətini keçəcək iki prototip təkmilləşdiriləcək. Daha sonra, təsdiqlənmiş layihə əsasında artilleriya qurğularının qalan hissəsi təkmilləşdiriləcək. Bütün işlər K9 “Thunder” ÖAQ istehsalçısı olan Cənubi Koreyanın “Hanwha Defence” şirkəti ilə əməkdaşlıqda yerinə yetiriləcək.

Hazırda mövcud olan “Dövlət müdafiə inkişaf proqramı” 58 milyon avroya Estoniyaya daha 18 ədəd K9 “Thunder” özüyeriyən haubitsanın çatdırılmasını nəzərdə tutur. Həmçinin bu modelin altı əlavə artilleriya qurğusunun satın alınması və təkcə birinci deyil, həm də ikinci piyada briqadasında uyğun müvafiq atəş dəstəyi bölməsinin yaradılması imkanı da nəzərdən keçirilir.

Qeyd edək ki, keçən ilin payızında Cənubi Koreyada Estoniya hərbçiləri üçün ÖAQ istifadə və texniki xidmət qaydaları üzrə məşğələlər keçirilməyə başlayıb. İndi isə Müdafiə Qüvvələrinin bu payızda hərbi xidmətə çağırılanların təlimini öz təlimatçıları keçəcək. K9 “Thunder” ÖAQ faydalı istismar müddəti 45 ildir və istifadədən alınmış qurğular Müdafiə Qüvvələrində ən az daha 30 il xidmət edəcək.

Müqavilə şərtlərinə əsasən, sonuncu təkmilləşdirilmiş artilleriya qurğuları Müdafiə Qüvvələrinə 2024 -cü ildə təhvil veriləcək.

Bu ilin aprelində, Estoniya Müdafiə Qüvvələrinin Mərkəzi poliqonunda, Artilleriya divizionunun təlimatçıları K9 “Kõu” özüyeriyən haubitsalardan ilk sınaq atışını aparıblar. Atışlar zamanı “Tooru” atəşi idarəetmə sistemi də uğurla sınaqdan keçirilib. Onun köməyi ilə korrektə edənlər hədəfin koordinatlarını qurğu heyətlərinə rəqəmsal formatda ötürə bilir ki, bununla da silahın tuşlanması vaxtına əhəmiyyətli dərəcədə qənaət edilir. Bu isə öz növbəsində bölmənin manevr qabiliyyətini və effektivliyini artırır.

155

Estoniya Müdafiə Qüvvələrinin 155 mm-lik K9 “Kõu” özüyeriyən artilleriya qurğusu

155a

Estoniya Müdafiə Qüvvələrinin 155 mm-lik K9 “Kõu” özüyeriyən artilleriya qurğusunun sınaq atışı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS