ETAİ-R və ETAİ-RV – Azərbaycan istehsalı olan müşahidə radarları – FOTO

Azərbaycan Milli Aviasiya Akademiyası tərəfindən hazırlanmış ETAI-R və ETAİ-RV adlı radar sistemləri yaxın gələcəkdə sərhədlərin və təyin olunmuş obyektlərin məsafədən mühafizəsinin təmin olunmasına imkan verəcək. “AzeriDefence”nin məlumatına görə, hər iki müşahidə radarı Milli Aviasiya Akademiyasının Elmi Aviasiya Araşdırmaları İnstitutu tərəfindən Macarıstanın “Pro Patria Electronics” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Radar ilk dəfə 2011-ci ilin fevral ayında Abu-Dabidə keçirilən İDEX-2011 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, artıq yeni radarlar Azərbaycanın müvafiq qurumlarında praktik olaraq sınaqdan çıxarılaraq istifadəyə qəbul edilib. Pakistan da daxil olmaqla, bir neçə ölkənin hərbçilərin marağına səbəb olub.

Yüngül, bir hərbçinin daşıya biləcəyi çəkiyə (təxminən 30 kq) malik ETAİ-R hədəfləri aşkarlama, tanıma, eləcə də yerini müəyyənləşdirmək funksiyalarına malikdir. Radar həmçinin, hədəfin ölçüsü və hərəkət xüsusiyyətləri təsnif edir. ETAİ-R vasitəsi ilə sərhədə, döyüş meydanına nəzarət etmək mümkündür.

Bundan başqa, ETAI-R həm müstəqil vahid kimi, həm də 2 və 3 ədəd olmaqla şəbəkə formasında istifadə edilə bilər. Əməliyyat zamanı operator displeydən real vəziyyəti müşahidə etmə imkanı qazanır. Hədəflər displeydəki xəritə üzərində qeyd olunur. Proqram təminatındakı kiçik nişanlar müxtəlif funksiyaları əks etdirir və hətta ixtisassız istifadəçilərin onu asanlıqla öyrənməsi mümkündür. ETAİ-R sistemi 5 dəqiqə ərzində əməliyyata hazır şəklə gətirilə bilir. Ətraf təsirlərə davamlı olan bu radar GPS, anten, I/J (X) Band fiksə edilmiş 32 tezlik kanalına malikdir. ETAİ-R -32 °C +50 °C tempraturda əməliyyat aparır. Radar vahidinin ölçüsü 69 x 47 x 13 sm təşkil edir.

Radarın müşahidə qabiliyyətinə gəlincə, piyadanı (0.5 kv.metr ölçü) 6 km, silahlı əsgəri (1 kv.metr ölçü) 8 km, nəqliyyat vasitəsini (10 kv.metr ölçü) 15 km, böyük avtomobili (50 kv.metr ölçülü) 24 km məsafədə müəyyənləşdirə bilir. ETAİ-R radarı 6° – 346° sahədə yoxlama aparır. Hədəf təsnifatını avtomatik və audio formatda həyata keçirir.

Nəqliyyat vasitələrində qurulan ETAI-RV isə daha uzaq perimetrlərdə müşahidə aparmaq qabiliyyətinə sahibdir. Böyük ərazilərə nəzarət və mobil hədəfləri müşahidə üçün nəzərdə tutulan ETAİ-RV-nin yerləşdiyi avtomobilə sifariş əsasında elektrooptik sensorlar və digər avadanlıqlar inteqrasiya etmək mümkündür. ETAİ-RV kompleksi -30° C +45 °C tempraturda əməliyyat aparmağa qabildir.

ETAİ-RV piyadanı 10 km, nəqliyyat vasitələrini 15 km, böyük nəqliyyat vasitələrini 25 km, gəmiləri isə 48 km məsafədə təyin edə bilir.

KATEQORIYA: