F-16 qırıcısı ASELSAN-ın lazer tuşlama dəstləri ilə sınaq atışları həyata keçirib – VİDEO
ÖZGÜR layihəsi çərçivəsində modernləşdirilən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) F-16 qırıcısı ASELSAN şirkətinin LGK-82 və LGK-84 lazer tuşlama dəstləri ilə sınaq atışları həyata keçirib.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, milli missiya kompüteri ilə təchiz olunan F-16 qırıcısının sınaq zamanı 15 min fut yüksəklikdən buraxdığı LGK-82 və LGK-84 lazer tuşlama dəstləri hədəfləri dəqiqliklə məhv edib.
ASELSAN tərəfindən LGK lazer tuşlama dəsti idarə olunmayan aviasiya bombaları üçün hazırlanıb. Bu dəstlər 250 lb sinifindəki MK-81, 500 lb sinifindəki MK-82, 1000 lb sinifindəki MK-83 və 2000 lb sinifindəki MK-84 aviasiya bombalarını sərfəli və son dərəcə etibarlı “ağıllı” sursata çevirən bir avadanlıqdır. LGK lazer tuşlama dəsti stasionar və hərəkətli hədəflərə qarşı daha yüksək vuruş dəqiqliyi, atəş məsafəsinin artması, kənar ziyan və atışdan sonra hədəfi dəyişdirmə imkanlarını təmin edir. Dəst, yarıaktiv lazer özütuşlama başlığı, tuşlama bölməsi, istilik batareyası, qanad sükan sistemi və arxa quyruqdan ibarətdir.
Sursat hədəfdən əks olunan lazer şüası ilə idarə olunur: lazer özütuşlama başlığı hədəfdən əks olunan lazer şüasını qəbul edir, sükanlar isə bombanı lazerlə işarələnmiş hədəfə yönəldir. 12 km mənzilə sahib olan LGK dəsti maksimum 40 min fut hündürlükdən və 1.2 mach sürətlə uçan aviasiya vasitəsindən buraxıla bilər. Yüksək dəqiqliyə malik LGK hədəfi maksimum 10 metr sapma ilə vura bilir. Tuşlama dəsti F-16, F-4, F-15, Su-25 döyüş təyyarələrinin və “Akıncı” PUA-larının istifadəsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, ÖZGÜR, Türkiyə HHQ-nin aviasiya parkında yer alan 35 ədəd F-16 Blok-30 döyüş təyyarəsinin milli və yerli həllərlə modernləşdirilməsini nəzərdə tutan layihədir. Layihə çərçivəsində TUSAŞ şirkəti tərəfindən modernləşdirilən hər təyyarənin 1200-1500 ədəd konstruksiya hissəsi yenilənir və ya təmir edilir. Modernləşdirmə nəticəsində F-16 qırıcılarının istismar müddətinin 8000 saatdan 12000 saata qədər artırılması hədəflənib.