Fariz Əliyev: “TEKNOFEST Azərbaycan” ölkəmizdə bir çox sahədə texnoloji inkişafa təkan verəcək

Fariz Əliyev: “TEKNOFEST Azərbaycan” ölkəmizdə bir çox sahədə texnoloji inkişafa təkan verəcək

Azərbaycanda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və İnnovasiyalar fesitvalı ölkəmizdə bir çox sahədə texnoloji inkişafa, o cümlədən gənclərin marağının daha da artmasına təkan verəcək.

Bunu Azərbaycan Respublikası Kosmik Agentliyi – Azərkosmos, Tədqiqat və İnkişaf departamentinin direktoru Fariz Əliyev “Poliqon”a açıqlamasında deyib.

Departament direktoru bildirib ki, adında da qeyd edildiyi kimi mühüm texnolji sahələrdən biri aerokosmik sahədir: “44 günlük Vətən müharibəsində aerokosmik sahənin nə dərəcədə əhəmiyyətli olduğunun hər birimiz şahidi olduq. Bu səbəbdən ölkəmizdə kosmik sahəyə marağın artırılmasını, potensiallı gəncləri kəşf etmək üçün “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən 10 müsabiqədən iki müsabiqəni – beynəlxalq “Pilotsuz Uçuş Aparatları” və “Həvəskar Peyk Modelləşdirilməsi” yarışmalarının keçirilməsini Azərkosmos olaraq öz öhdəliyimizə götürdük.

Bu müsabiqələr tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqları formalaşdırmaq məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Burada qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara yiyələnirlər”.

F.Əliyev beynəlxalq “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulduğunu deyib. Onun sözlərinə götə, müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən sərbəst missiyalı uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir.

“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi də əsasən tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, sensorlardan lazımi məlumatı toplayır və həmin məlumatı paket formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirir.

“Seçim meyarları müxtəlif mərhələlərdən ibarətdir. Burada komandanın layihələndirmə bacarıqları, elektronika dövrələrinin qurulması, mexanika altsisteminin hesabatları və proqramlaşdırma üzrə meyarlar əsas götürülür. Hər iki yarışma üzrə iştirakçı fəallığı yüksəkdir. “Pilotsuz Uçuş Aparatları” yarışına Azərbaycan və Türkiyədə yerləşən 45 universitetdən ümumilikdə 130 komanda qeydiyyat üçün müraciət edib. Onlardan 65 komanda yarışın şərtlərinə uyğun müraciət formasını uğurla təqdim edərək “Missiya təyini və komponent seçimi” mərhələsinə vəsiqə qazanıb.

“Missiya təyini və komponent seçimi” mərhələsinin qaydalarına tam cavab verən 14 Azərbaycan və 6 Türkiyə komandası olmaqla, ümumilikdə 20 komanda “Video hesabat” mərhələsinə şans qazanıb. Video hesabat mərhələsini 10 azərbaycanlı komanda və 4 türk komandası uğurla keçib. Bu 14 komanda Finala vəsiqə qazandı və komandalar hazırladıqları PUA modellerini uçuş missiyasını həyata keçirəcəklər”, – deyə F. Əliyev vurğulayıb.

Departament direktoru yarışmanın qaliblərinə müəyyən məbləğdə pul mükafatı nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, 1-ci yer üçün 4000, 2-ci yer üçün 2000 və 3-cü yer üçün isə 1000 ABŞ dollar məbləğində mükafat veriləcək.

F.Əliyev bildirib ki, “Həvəskar peyk modelləşdirilməsi” müsabiqəsində 23 komanda qeydiyyatdan keçib və onlardan 15 komanda yarışın “Missiya təsviri və komponent seçimi” mərhələsində iştirak hüququ əldə edib. Bu mərhələni uğurla keçən 10 ən yaxşı komanda isə “Video hesabat” mərhələsinə vəsiqə qazanıb.

““Video hesabat” mərhələsində komandalar qarşıya qoyulmuş konkret missiyaya hazırlıq, modelin gövdəsinin hazırlanması, sensor və dövrənin işləməsi haqqında eləcə də uçuş proqram təminatı haqqında məlumatları video hesabat şəklində təqdim etdilər.

Bu hissəni uğurla başa vuran 7 komanda isə müsabiqənin növbəti mərhələsində – Finalda iştirak etmək hüququ qazanıb. Hazırlanan peyk modellərinin buraxılışına, yəni finala vəsiqə qazanan komandalar hazırladıqları modellərinin daşıyıcı vasitəsilə havaya buraxılması imkanını əldə ediblər. Yarışmanın qaliblərinə müəyyən məbləğdə pul mükafatı nəzərdə tutulub. Beləki, 1-ci yer üçün 6000, 2-ci yer üçün 4000 və 3-cü yer üçün isə 2000 AZN məbləğində mükafat veriləcək.

Onu da qeyd edimki burada sadəcə pul mükafatı yox daha əvvəl də qeyd etdiyim kimi, aerokosmik sahədə fundamental bilik və bacarıqlara, bundan əlavə verilmiş tapşırıqlara innovativ yanaşma, komandada işləmə, təqdimat və planlaşdırma kimi bacarıqları da əldə edəcəklər.

Bu məqamda vurğulamaq yerinə düşərdi ki, daha çox gəncin kosmik sahəyə cəlb edilməsi və marağın artırılması məqsədilə Azərkosmos Təhsil Nazirliyi ilə birgə 2018-ci ildən etibarən hər il “CanSat Azərbaycan” tələbə model peyk müsabiqəsi keçirir. “CanSat Azərbaycan” layihəsində ümumilikdə ölkə üzrə 17 universitetdən 400-ə yaxın tələbənin yolu bu müsabiqədən keçib. Ölkəmizdə artıq ənənə halını almış “CanSat Azərbaycan” model peyk müsabiqəsi zamanı müşahidələrimizə əsasən deyə bilərik ki, tələbələr bu müsabiqə zamanı peyk platforması və onun faydalı yükünün dizaynı, istehsalı, peykin yerinə yetirəcəyi tapşırıqların proqramlaşdırlması və yerüstü sistemlərə dair nəzəri biliklərlə praktiki bacarıqlara yiyələniblər. Həmin gənclərin əksəriyyəti Azərkosmosda çalışır və peyklərimzin idarəolunmasında birbaşa iştirak edirlər.

Fürsətdən istifadə edib gənclərimizə bu kimi yerli və beynəlxalq müsabiqələrdə də aktiv iştirak etməyi, öz üzərlərində daimi olaraq işləyib bilik və bacarıqlarını artırmaqlarını və Azərbaycanın texnoloji sahədə inkişafı üçün çalışmağa səsləyirəm!”, – deyə Azərkosmos, Tədqiqat və İnkişaf departamentinin direktoru F. Əliyev vurğulayıb. PQ

Zaur Babaşov

Poliqon Jurnalı

CATEGORIES
TAGS