Fərid Məmmədov: ADEX Azərbaycanın beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində yeni fürsətlər açır

Fərid Məmmədov: ADEX Azərbaycanın beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində yeni fürsətlər açır

Azərbaycan 5-ci dəfə müdafiə sənayesinə həsr olunan ADEX beynəlxalq sərgisinə və paralel olaraq, 14-cü dəfə daxili təhlükəsizlik, mühafizə və xilasetmə vasitələrini əhatə edən “Securex Caspian” sərgisinə ev sahibliyi edir. Bu sərgi Azərbaycan müdafiə sənayesinin imkanlarının dünyaya tanıdılmasında mühüm rola malikdir. Eyni zamanda, ADEX sərgisi ölkənin müdafiə təyinatlı məhsullar ixracatının artmasına da təkan verir.

Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov “Poliqon” hərbi-kosmik texnoloji jurnalına müsahibə verib.

– Fərid müəllim, biz artıq bu il ADEX sərgisinin 5 illik yubileyini qeyd edirik. Sərgi 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ADEX, müdafiə, müdafiə sənayesi və digər əlaqəli sahələrdə peşəkarları bir araya toplayaraq, regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbirə çevrilib. Sərginin digər xüsusiyyətlərini qeyd etməzdən öncə, bu sərginin necə yaranması haqqında fikirlərinizi bilmək istərdik.

– İlk növbədə qeyd etmək istəyirəm ki, ADEX kimi 5 illik yubileyini qeyd edən sərgilərin, həmişə keçilmiş yoluna nəzər salmaq və nəticələrini dəyərləndirilməsi üçün bir məqam olur. ADEX sərgisi Azərbaycan Respiblikasının Müdafiə Sənayesi Nazirliyi ilə uzun müddət aparılan və diqqətlə düşünülmüş müzakirələrin nəticəsidir. Sərginin keçirilməsi ilə bağlı ideya ilk dəfə ortaya çıxdıqda, bir çoxları belə miqyaslı bir tədbirin regionumuzda nə dərəcədə uğurlu olacağını düşünürdü.

Müdafiə Sənayesi Nazirliyi ilə keçirilən mütəmadi görüşlər zamanı sərginin konsepsiyası, məqsədləri və inkişaf strategiyası ətraflı müzakirə olunmuşdur. Bu müzakirələrin nəticəsi olaraq, 10 il ərzində ADEX Müdafiə Sənayesi Nazirliyinin aktiv təşəbbüsü və təşkilati dəstəyi ilə təkcə Azərbaycanda deyil, bütövlükdə regionda müdafiə sənayesi peşəkarları arasında qabaqcıl texnologiyaların nümayişi və təcrübə mübadiləsi üçün əhəmiyyətli platformaya çevrilib. Bir təşkilatçı olaraq biz onun 5 illik yubileyini qeyd edə bildiyimizə, həmçinin onun təkmilləşdirilməsi və genişləndirilməsi üzərində işləməyə davam etdiyimizə görə fəxr edirik.

Fərid müəllim, bir az da sərginin nailiyyətləri haqqında fikirlərinizi dinləmək istərdik. 10 il ərzində ADEX ölkənin müdafiə sahəsinə necə töhfə verib?

ad3– Ötən 10 il ərzində ADEX sərgisi, ölkələr arasında hərbi-texniki əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verərək, qlobal müdafiə sənayesinin və yerli istehsalatın nailiyyətlərini nümayiş etdirmək, müdafiə müəssisələri və dövlət qurumları arasında qarşılıqlı əlaqəni təşviq etmək və sənaye liderlərinin ənənəvi görüş yeri olmaqla qabaqcıl bir platformaya çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin davamlı dəstəyi və diqqəti bu sərginin inkişafında mühüm rol oynayır.

10 illik uğurlu fəaliyyəti ərzində ADEX dünyanın 50-dən artıq ölkəsini təmsil edən 1000-dən çox şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgiyə 30000-dən çox ziyarətçi təşrif buyurub. Sərgi mütəxəssislər arasında fikir və təcrübə mübadiləsində də vacib rol oynayır. Bu, sadəcə bir sərgi deyil, müdafiə sənayesinin aktual məsələlərinin müzakirə olunduğu, dövlət və özəl sektor nümayəndələrinin bir araya gəldiyi, yeni çağırışlar və imkanların müzakirə edildiyi bir platformadır. 10 il ərzində ADEX sərgisi müdafiə sənayesinin inkişafına töhfə verməklə yanaşı Azərbaycanın beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində digər ölkələrlə əməkdaşlıq üçün yeni fürsətlər açır.

– Beynəlxalq əlaqələrdən söz düşmüşkən, ADEX-in 10 ildir uğurla fəaliyyət göstərdiyini nəzərə alsaq, onun beynəlxalq aləmdəki rolunu necə qiymətləndirirsiniz və gələcəkdə onun təsirini və populyarlığını daha da genişləndirmək üçün hansı strateji planlarınız var?

ad4Bu 10 il ərzində ADEX sərgisi yerli brend kimi yaradılaraq, beynəlxalq arenada müdafiə sənayesi sahəsindəki əsas sərgilərdən biri kimi layiqli yerini tutmuşdur.

Diqqətəlayiq haldır ki, hər il sərgimizə maraq artır. Əgər 2014-cü ildə iştirakçı sayı 200 idisə, builki sərgidə 270-ə yaxın şirkətin iştirakı gözlənilir. Nümayəndə heyətlərinə gəlincə isə 2022-ci ildə 22 beynəlxalq nümayəndə heyəti sərgimizdə iştirak etmişdisə, bu il artıq 52 ölkədən nümayəndə heyətini gözləyirik. Bu artım “ADEX” sərgisinin beynəlxalq ictimaiyyət üçün nə qədər vacib və əhəmiyyətli olduğunu göstərir.

Gələcək üçün strateji planlarımızdan biri iştirakçıların coğrafiyasını daha da genişləndirmək və təqdim olunan texnologiyaların sayını artırmaqdır. Biz çalışırıq ki, ADEX sərgisi müdafiə sahəsindəki ən son nailiyyətlərin müzakirəsi və nümayişi üçün aparıcı platforma olaraq qalsın və inkişaf etsin.

Biz 10 il ərzində ölkəmiz üçün bu əhəmiyyətli tədbirin təşkilində iştirak etməkdən qürur duyuruq.

Sərgiyə göstərdiyi daimi diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda bu sərginin təşəbbüskarı və təşkilatçısı olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə, eləcə də tədbiri daim dəstəkləyən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bizə göstərilən etimada görə öz minnətdarlığımızı ifadə edirik.

Sonda mən sizə göstərdiyiniz daimi dəstəyə görə təşəkkürümü bildirirəm, eləcə də sərgidə iştirakınızın uğurlu olmasını arzu edirəm.

– Çox sağ olun, müsahibə üçün təşəkkür edirik.

Zaur Babaşov

CATEGORIES
TAGS