FHN: Ermənistan tərəfindən atəşə tutulan yaşayış məntəqələrində maarifləndirmə tədbirləri davam etdirilir

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq dinc əhalinin sıx yaşadığı ərazilərimizi, o cümlədən döyüş meydanından kənarda yerləşən yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutması halları davam edir. Təcavüzkar Ermənistan tərəfi dinc sakinləri hədəfə almaqda davam etdiyindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilir.
Bu barədə “Azeri Defence” saytına Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Fövqəladə Hallar Nazirliyi həmin tədbirlər çərçivəsində dinc sakinlər arasında maarifləndirmə işinin genişləndirilməsi üçün çap materialları (maarifləndirici vərəq və plakatlar, bröşürlər, istiqamətverici plakatlar) dərc edib.
Müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılır və müvafiq maarifləndirmə işləri aparılır.




