
İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) və Fransanın “Naval Group” şirkəti arasında dörd ədəd FDI (Defence and Intervention Frigate) müdafiə və müdaxilə freqatının tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
“Poliqon” “Naval Group”a istinadən xəbər verir ki, müqaviləyə əsasən, ilk FDI freqatının 2030-cu ildə İsveç Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilməsi planlaşdırılır.
Yeni nəsil çoxməqsədli freqat hesab olunan FDI hazırda Fransa və Yunanıstan HDQ-lərinin donanmasında yer alır. Freqat bütün əsas döyüş sahələrində effektiv imkanlara, xüsusilə “Aster” raketləri əsasında qurulmuş güclü hava hücumundan müdafiə (HHM) qabiliyyətinə malikdir.
FDI freqatı Şimalın çətin dəniz şəraitindən isti sulardakı əməliyyatlara qədər müxtəlif mühitlərdə mövcud və gələcək təhdidlərə qarşı fəaliyyət göstərə biləcək imkanlarla təchiz olunub.
Yeni freqatlar İsveç HDQ-nin imkanlarını gücləndirəcək, həmçinin NATO və müttəfiq dəniz əməliyyatlarında ölkənin rolunu dəstəkləyəcək. Gəmilərin İsveçin müdafiə qabiliyyətinin gücləndirilməsində mühüm rol oynayacağı bildirilir.






