Fransa Senatı Ermənistana CAESAR ÖAQ-larının verilməsini tövsiyə edib
Fransa Senatının Komitəsi ölkə hakimiyyətinə Ermənistana CAESAR özüyeriyən artilleriya qurğularının (ÖAQ) verilməsi məsələsinə baxmağı tövsiyə edib.
“Poliqon” xəbər verir ki, bu, Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin hazırladığı 2024-cü il üçün müdafiə xərclərinə dair layihədə öz əksini tapıb.
Sənəddə Ermənistanın ümumilikdə 50 ədəd “Bastion” zirehli transportyoru alacağı qeyd olunub. Bu nəqliyyat vasitələrindən 24-ü artıq sifarişçiyə göndərilib, qalanları isə istehsaldadır.
Xatırladaq ki, Ermənistan bu yaxınlarda Fransanın “Thales” şirkəti tərəfindən istehsal olunan üç ədəd GM200 radarının alınmasına dair müqavilə imzalayıb və “Mistral 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır.
Təklif olunan CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehli kabinəyə malik 6×6 təkər formullu “Renault Sherpa 10” şassisində quraşdırılmış ÖAQ-ın artilleriya hissəsi TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.
Haubitsanın ERFB mərmilərlə atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 kilometrdir. Atəş tezliyi 6 saniyədə 3 atış və daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17.7 ton və heyəti 4-5 nəfərdir.