Xorvatiya HIMARS YARS və “Leopard 2A8” tanklarını almağı planlaşdırır

Xorvatiya HIMARS YARS və “Leopard 2A8” tanklarını almağı planlaşdırır

Xorvatiya ABŞ-ın M142 HIMARS yaylım atəşli reaktiv sistemlərini (YARS) və Almaniyanın “Leopard 2A8” tanklarını almağı düşünür.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, son on ildə Xorvatiya hərbi xərclərini təxminən iki dəfə artıraraq 1.5 milyard avroya çatdırıb.

Bildirilib ki, bu artım artıq Xorvatiyaya Fransadan 12 ədəd “Rafale” qırıcısı almaqla öz aviasiyasını modernləşdirməyə imkan verib. Həmçinin rəsmi Zaqreb maliyyə yardımı sayəsində ABŞ-dan 12 ədəd UH-60M “Black Hawks” alaraq helikopter parkını gücləndirib.

Bununla belə, çox güman ki, Xorvatiya öz quru qüvvələrinin sovet mənşəli texnikalarını Qərb sistemləri ilə əvəz etməklə transformasiyasını başa çatdırmaq üçün əlavə səylər göstərməli olacaq.

İndiyədək Xorvatiya Quru Qoşunları M2A2 “Bradley ODS” piyada döyüş maşınları əldə etmək üçün ABŞ-ın köməyinə arxalanıb. Onlar həmçinin Bundesverin ehtiyatından PzH2000 özüyeriyən haubitsalar alaraq artilleriya imkanlarını qismən yeniləyiblər. Amma qarşıdakı aylarda daha çox alışların həyata keçirilməsi planlaşdırılır.

Birincisi, Xorvatiya Müdafiə Nazirliyi 2023-cü ilin martında verdiyi ümumi dəyəri 158 milyon avro olan əlavə 30 ədəd “Patria AMV” döyüş maşın sifarişini maliyyələşdirməli olacaq.

Lakin Xorvatiya Ordusu üçün prioritet məsələlərdən biri sovet istehsalı T-72 tankının dizaynı əsasında hazırlanmış 70 ədəd M-84 tankının əvəzlənməsidir. Bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç avqustun əvvəlində çıxışlarının birində bildirib. Nazir qeyd edib ki, rəsmi Zaqrebin məqsədi “müasir Qərb tankı” əldə etməkdir. Bundan bir neçə gün sonra “Jutarnji List” qəzeti Xorvatiya Müdafiə Nazirliyi ilə KNDS şirkəti arasında ilk mərhələdə 30 ədəd “Leopard 2A8” tankının alınması üçün müzakirələrin aparıldığını açıqlayıb. Ümumilikdə isə Xorvatiya 75 ədəd “Leopard 2A8”in alınmasını planlaşdırır.

Bundan başqa, Xorvatiya Ordusu artilleriya imkanlarını artırmağı da düşünür. “EuroSatory” sərgisində rəsmi Zaqreb Fransanın CAESAR ÖAQ-larının birgə satınalma proqramına qoşulmaq niyyətində olduğunu elan edib.

Eyni zamanda, Xorvatiya Müdafiə Nazirliyi Xarici Hərbi Satış proqramı vasitəsilə ABŞ-ın M142 HIMARS sistemlərini almağı planlaşdırır.

“Xorvatiya, Silahlı Qüvvələrini M142 HIMARS ilə təchiz etməyi və modernləşdirməyi planlaşdırır. Bunun üçün ABŞ hökuməti ilə 2024-cü ilin sonuna qədər anlaşma memorandumunun imzalanması gözlənilir”, – deyə Xorvatiya Müdafiə Nazirinin sözçüsü təsdiqləyib.

Rəsmi Zaqrebin əldə etmək niyyətində olduğu HIMARS YARS-ların sayı hələlik dəqiqləşdirilməyib. Bu, çox güman ki, ABŞ hərbi məhsullarının ixracı ilə məşğul olan Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin təqdim etdiyi qiymətdən asılı olacaq.

CATEGORIES