Fransa Ukraynaya daha altı “Caesar”  ÖAQ verəcək

Fransa Ukraynaya daha altı “Caesar”  ÖAQ verəcək

Fransa Ukraynaya “Nexter” şirkətinin istehsalı olan daha altı “Caesar” 155 mm-lik özüyeriyən artilleriya qurğusu (ÖAQ) verəcək.

“Poliqon” “ La Tribune”yə istinadən xəbər verir ki, bundan başqa, Ukrayna müəssisələrinin birində “Caesar” ÖAQ-ın texniki xidməti və bəzi hissələrin istehsalı haqqında da müqavilə imzalanıb.

Bildirilir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekorn Kiyevə səfəri zamanı açıqlama verib. Xüsusilə, nazir qeyd edib ki, Fransa Ukrayna ilə “öz ehtiyatlarından silah çıxarmaq məntiqindən sənaye tərəfdaşlığı məntiqinə” keçməyə hazırlaşır.

Xatırladaq ki, Fransa naziri Lekornun Ukraynaya səfəri zamanı Ukraynanın müdafiə müəssisələri ilə iyirmiyə yaxın müqavilə, niyyət məktubu və ya anlaşma memorandumu imzalanıb. Görüşdə həmçinin bəzi silah növlərinin birgə istehsalına başlamaq imkanları müzakirə olunub. Tədbir zamanı Vladimir Zelenski fransız silahlarının, o cümlədən “Caesar” ÖAQ-ın yüksək effektivliyini qeyd edib.

Məlumdur ki, 2022-ci ildə Fransa Ukraynaya 24 ədəd 155 mm-lik artilleriya qurğusu verib. Qeyd etmək lazımdır ki, söhbət həm “Caesar” ÖAQ-dan, həm də TRF1 yedəyə alınan haubitsalardan gedə bilər. Bundan başqa, Ukraynaya “Caesar” ÖAQ-larını digər istifadəçi ölkələr, xüsusən Danimarka, Tatra T815 şassisində quraşdırılmış variantını verib.

Qeyd edək ki, cari ilin mart ayında Fransanın Ukraynaya təhvil verilmiş haubitsaları əvəz etmək üçün “Caesar” ÖAQ istehsalını artırdığı barədə xəbərlər yayılmışdı.

Əhəd Vahidoğlu

CATEGORIES