
Fransanın “Thales” şirkəti “X-Fire” yaylım atəşli reaktiv sisteminin (YARS) ilk atış sınaqlarını keçirib.
“Poliqon” “Thales”ə istinadən xəbər verir ki, sınaqlar YARS-ın yetkinlik səviyyəsini təsdiqləyib.
“Thales” və “Soframe” şirkətlərinin əməkdaşlığı çərçivəsində birgə hazırlanan “X-Fire” sistemi çevik arxitekturaya malikdir. Bu YARS həm Fransa, həm də müttəfiq ölkələrin istehsalı olan müxtəlif tip raketlərdən istifadə etməklə 150 km və daha artıq məsafədə yerləşən hədəfləri vurmağa imkan verir.
İstehsalçının bildirdiyinə görə, yeni sistem LRU (Unitary Rocket Launcher) YARS-ın əvəzlənməsi proqramı çərçivəsində iki əsas tələbi qarşılayır. Bunlardan biri uzaqmənzilli quru zərbələri üçün milli raket imkanlarının təmin edilməsidir. Bu məqsədlə “Thales” “ArianeGroup” şirkəti ilə birlikdə mayın 5-də FLP-T 150 ballistik raketinin nümayiş atışlarını həyata keçirib. Sözügedən raketin 2030-cu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Digər əsas tələb isə mövcud LRU sisteminin istismar müddətinin başa çatması fonunda imkanların qorunub saxlanılmasıdır. “X-Fire” sistemi keçid dövründə xarici istehsal olan raketlərdən istifadə edə bilir ki, bu da Fransanın milli döyüş sursatı hazır olana qədər əməliyyat fasiləsinin qarşısını almağa imkan verir.
“X-Fire” sistemi Fransa Ordusunun logistika parkı ilə uyğunluq təşkil edən çevik 8×8 mobil platforması sayəsində yüksək əməliyyat qabiliyyəti təmin edir. Sistem, həmçinin “Thales”in hazırladığı dayanıqlı naviqasiya həlləri – “TopStar Smart Receiver GNSS” radioelektron mübarizəyə davamlı qəbuledicisi və “TopAxyz” inertial ölçmə qurğusu ilə təchiz olunub. Bu həllər mürəkkəb elektromaqnit mühitində fasiləsiz mövqe, naviqasiya və zaman təyinatını, eləcə də yüksək dəqiqlikli hədəfləmə və atəşi təmin edir.




