
Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq, odun ehtiyatı normalara uyğun olaraq yaradılıb, şəxsi heyət isti geyimlə təmin edilib və ümumilikdə maddi-texniki təminat üzrə cari il ərzində qarşıya qoyulan məqsədlərə nail olunub.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.
Azərbaycan Ordusunda cari il ərzində qoşunların təminat və təchizatı sahəsində görülən işlər barədə məruzə edən general-leytenant N.Osmanov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə aparılan quruculuq işləri, yeni istifadəyə verilən hərbi infrastruktur obyektləri, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin olunması, silah və hərbi texnikanın daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, şəxsi heyətin həyat və sağlamlığının qorunması, keyfiyyətli qidalanmasının təşkili ilə bağlı ətraflı məlumat verilib.
General-leytenant N.Osmanov zirehli və avtomobil texnikasının döyüşə hazır vəziyyətdə saxlanılması istiqamətində müvafiq işlərin həyata keçirildiyini, birləşmə, hərbi hissələrin raket və döyüş sursatları ilə normalara əsasən tam təmin olunduğunu bildirib.




