Xəbərlər

General: Pakistan Azərbaycanla hərbi sahədə əməkdaşlığın davam etdirilməsinə önəm verir

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Nadim Raza ilə görüşüb.

Bu barədə “Poliqon”a Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Ordu generalı Nadim Raza Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi qələbənin, torpaqların işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib.

General, Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmlənməsinə Pakistan Silahlı Qüvvələrinin önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını deyib.

Səfir Əli Əlizadə, Ermənistanın Azərbaycana qarşı son təxribatları və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə mövcud olan cari vəziyyət haqqında məlumat verib. Azərbaycan və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduqlarını bildirib.

Səfir Əli Əlizadə, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən olan müdafiə, təhlükəsizlik və hərbi sahələrdə də ölkələrimizin strateji tərəfdaşlığa malik olduğunu vurğulayıb və hər iki ölkənin rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində qeyd olunan sahələrdə də mütəmadi yüksəlişin müşahidə edildiyini qeyd edib.

Görüşdə, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Back to top button