“Glock 17” tapançası üçün ağıllı “Smart Slide” ekranı

Atıcı silahlar silahlanmada elektronikanın ən az istifadə olunduğu nadir sahələrdən biridir. Ancaq bu hal, belə demək müvəqqətidir. Çünki, artıq atıcı silahların “ağıllandırılması” istiqamətində bəzi işlərin yerinə yetirilməsinə başlanılıb.
“Poliqon” “The Firearm Blog”a istinadən xəbər verir ki, ABŞ-ın “Radetec” (Rade Technology Corporation) şirkəti “Glock 17” tapançasını “ağıllı” bir silaha çevirmək üçün təyin edilmiş “Smart Slide” dəstinin prototipini rəsmən təqdim edib.
“Smart Slide” sisteminə mikrokompyüter, OLED ekran və idarəetmə düymələrinin inteqrasiya olunduğu “Glock 17” tapançasının çaxmaq çərçivəsi daxildir. Bu, standart patron maqazinlərində quraşdırılmış xüsusi itələyicilərlə cütlükdə atıcıya bir sıra əlavə seçim imkanı verən “ağıllı” silahlar sistemini yaradır.
Eyni zamanda, elektronikanın batareyası boşaldıqda belə, tapança atəşetmə qabiliyyətini saxlayır. Bluetooth modul vasitəsilə isə tapançanı smartfona qoşaraq xüsusi proqram vasitəsilə silahın işləməsi haqqında ətraflı məlumat almaq mümkündür.
“Smart Slide” ilə atıcı, maqazindəki patron sayını, patronun patron yuvasında olub -olmadığını görə, həmçinin silahın atışının ümumi qeydiyyatını apara bilir.
“Radetec” şirkətinin mütəxəssisləri “Smart Slide” qurğusunun quraşdırılması üçün silahın quruluşunda hər hansı bir müdaxilə tələb etmədiyinə diqqət çəkir, lakin dəstin quraşdırılmasından ötrü sahiblərindən silahı müəssisəyə vermələrini xahiş edirlər.
“Smart Slide”, “Radetec” şirkətinin atıcı silah elektronikasının ilk seriyalı prototipidir. İspan şirkəti 2012-ci ildə ABŞ-da bir nümayəndəlik açmış və 2013-cü ildən etibarən silah nümayişlərində öz məhsullarını təqdim edir.
“Glock 17” tapançasının üçüncü modifikasiyası (Gen 3) üçün “Smart Slide” dəsti 1000 ədəd olmaqla məhdud sayda, quraşdırma ilə birlikdə hər dəsti üçün 1000 ABŞ dolları qiymətinə satışa çıxarılacaq. “Radetec” şirkəti, “Smart Slide” dəsti almaq istəyənlərdən sifarişləri əvvəlcədən qəbul edir, eləcə də dəsti dördüncü nəsil Glock 17 (Gen 4) tapançalarına cari ilin payızında quraşdırmağı planlaşdırır.


Əhəd Əzizov




