Xəbərlər

“Glock” avtomat silahını patentləşdirib

Özünün polimer tapançaları ilə dünyaca məşhur “Glock” (“Glock Technology GmbH”, Avstriya) şirkəti Avropa Patent Bürosunda halqavari qaz porşeni sistemli avtomat silahını patentləşdirib.

“Poliqon”un məlumatına görə, “Glock” şirkətinin patentləşdirdiyi avtomatın əsas konstruktiv xüsusiyyəti onun halqavari qaz sistemidir. Belə ki, Rusiyanın AK, ABŞ-ın AR-15, Belçikanın FN FNC, İtaliyanını AR-70/90, İsrailin Galil ACE və digər məşhur avtomatlar yuxarı, aşağı və ya yan tərəflərdə lüləyə paralel yerləşən qaz porşenli silindrə sahibdirsə, “Glock” şirkətinin mütəxəssisləri onu lülənin ətrafında halqa şəklində yerləşdirməyi təklif edirlər.

Patentlərə dair dərc edilmiş dörd sənədə əsaslanaraq söyləmək olar ki, “Glock” şirkətinin bir qrup mühəndisi bir neçə ildir halqavari qaz porşeni sistemli hücum tüfənglərinin/karabinlərinin yaradılması üzərində işləyir.

Özlüyündə halqavari qaz porşeni sistemi nisbətən köhnə bir layihədir. Belə ki, bu konstruksiya hələ XX əsrin 30-cu illərindən bəri tanınır, lakin seriyalı istehsal atıcı silah nümunələrində az tətbiq edilmişdir. Nəzəri olaraq belə konstruksiya daha sabit atış təmin etməlidir.

Patentlərdə yer alan konstruksiyaya, ABŞ silah konstruktoru Yudjin Morrison Stonerin (Eugene Morrison Stoner) 5,56×45 mm-lik AR-18 avtomatik tüfənginin konstruksiyasına əsaslanan fırlanan çaxmaq və çaxmaq çərçivəsi daxildir. Həmçinin, patentlərdəki şəkillərə əsaslanaraq, “Glock” şirkətinin tüfənginin dəyişdirilə bilən lülə ilə dəstləşdiriləcəyini ehtimal etmək olar.

Patent tüfəngin görünüşünə dair çox geniş təfərrüat vermir, əksinə lülə qutusunun, lülə yatağının və çaxmaq çərçivəsinin adi quruluşunu əks etdirən ümumi plan sxemlərini göstərir.

Əhəd Əzizov

Back to top button