
GÖKBERK mobil lazer silah sistemi FPV dronları uğurla zərərsizləşdirib – VİDEO
ASELSAN şirkətinin GÖKBERK mobil lazer silah sistemi müasir münaqişələrdə kritik təhlükə olaraq ortaya çıxan FPV dronlarına qarşı effektivliyini sübut edib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, GÖKBERK, son sınaq zamanı müxtəlif ssenarilər üzrə FPV dron təhdidlərinin aşkarlanmasını, avtomatik izlənilməsini və məhv edilməsini uğurla həyata keçirib.
Bidirilib ki, sürətli nişanalma və yüksək dəqiqlikli hədəfləmə bacarığını nümayiş etdirən GÖKBERK, Türkiyənin milli hava hücumundan müdafiə konsepsiyası olan “Polad Günbəz”də mühüm rol oynayacaq.
Türkiyənin lider müdafiə şirkəti ASELSAN, yeni nəsil texnologiyalarından biri olan yönləndirilmiş enerji silahları sahəsində mühüm addımlar atmağa davam edir. Əvvəllər fırlanan və sabit qanadlı kamikadze pilotsuz uçuş aparatlarına (PUA) qarşı effektivliyi sübuta yetirilən GÖKBERK, indi FPV dronlarını müxtəlif sınaq ssenarilərində aşkarlayıb, avtonom şəkildə izləyib və aradan qaldırıb müstəsna sürət və nişanalma dəqiqliyini, o cümlədən qabaqcıl imkanlarını nümayiş etdirir.
“Polad Günbəz” konsepsiyasının kritik komponenti olan GÖKBERK, mini/mikro PUA təhdidlərini məhv etməyə imkan verən yaxın mənzilli hava hücumundan müdafiə sistemi kimi seçilir. GÖKBERK, ASELSAN-ın İHTAR sistemi ilə lazer silahını 6×6 təkər formullu şassiyə malik platformada bir araya gətirir. TÜBİTAK BİLGEM də daxil olmaqla, əsas sənaye tərəfdaşlarının töhfələri ilə inkişaf etdirilən GÖKBERK-in bütün əsas alt komponentləri Türkiyənin müdafiə sənayesinin milliliyini gücləndirərək yerli olaraq dizayn və istehsal edilib. ASELSAN, GÖKBERK ilə “Polad Günbəz” hava hücumundan müdafiə konsepsiyası daxilində xidmət edəcək yeni və kritik bir sistem hazırlayır.
GÖKBERK, hədəflərin məhv edilməsi üçün yüksək şüa keyfiyyətinə malik yerli lazer mənbəyindən istifadə edir. O, həmçinin ASELSAN tərəfindən hazırlanmış elektron müharibə sisteminin vasitəsi ilə də hava hədəfini zərərsizləşdirir. Mobil lazer silah sistemi bələdçi bölməsində müxtəlif elektro-optik sistemlərlə çox dəqiq hədəf izləmə həyata keçirə bilir. Süni intellektlə dəstəklənən alqoritmlərlə sistemin izləmə və identifikasiya imkanları maksimuma çatdırılır ki, bu da GÖKBERK-ə təyin olunan hədəf təhdidləri çox qısa müddətdə məhv etməyə imkan verir. 7/24 işləmək üçün nəzərdə tutulmuş GÖKBERK, soyuducu sayəsində uzun müddət fasiləsiz atəş edə bilir. Bununla da sistem minimum güclə maksimum təsir yaradan sistem sərfəli həll yolu kimi önə çıxır.
GÖKBERK, hərbi bazalar, hava limanları, elektrik stansiyaları və neft emalı zavodları kimi sabit obyektlərin müdafiəsində mühüm rol oynayacaq və mobil yerləşdirmə qabiliyyəti sayəsində geniş tətbiq sahəsinə sahib olacaqdır. Fərqli hava şəraitində aparılan atış sınaqları və bu sınaqlardan əldə edilən məlumatlar ilə GÖKBERK üzərində təkmilləşdirmə və inkişaf işləri davam etdirilir.