
GÖKÇE yeni nəsil tuşlama dəstinin atış sınağı keçirilib
Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən inkişaf etdirilən GÖKÇE yeni nəsil tuşlama dəstinin “Baykar” şirkətinin istehsalı olan “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı keçirilib.
“Poliqon” “Baykar”a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı”dan atılan GÖKÇE tuşlama dəsti yerüstü hədəfi tam dəqiqliklə vurub.
Qeyd edək ki, GÖKÇE, 1000 lb-lik Mk-83 və SARB-83 aviasiya bombalarını “ağıllı” sursata çevirən tuşlama dəstidir. O, həm F-16 döyüş təyyarələri, həm də pilotsuz uçuş aparatları ilə uyğunluq göstərir və bu platformalara inteqrasiya oluna bilir. Tuşlama dəsti yüksək hündürlükdə uçan döyüş təyyarəsindən (məsələn, F-16) buraxıldıqda 20+ dəniz mili (təxminən 37+ km), PUA-dan buraxıldıqda isə 10+ dəniz mili (təxminən 18+ km) mənzilə sahib olur.