H145M helikopterləri “Spike” raketi ilə silahlandırılacaq

Dünyaca məşhur “Airbus Helicopters” aviaquraşdırma şirkəti İsrailin “Rafael” şirkətinin istehsalı “Spike” ER2 tank əleyhinə idarə olunan raketini özünün çoxməqsədli H145M döyüş meydanını dəstək helikopterinə inteqrasiya etmək niyyətindədir.
“Poliqon” xəbər verir ki, bu barədə “Europäische Sicherheit & Technik” nəşri məlumat yayıb.
Yayılan məlumatlara görə, silahın yeni, daha yüngül dörd yerli buraxma qurğusu ilə ilk uçuş sınaqları artıq baş tutub. “Airbus” şirkətinin nümayəndəsinin təsdiqlədiyi kimi, aerodinamik sınaqlar, başqa xüsusiyyətlərlə yanaşı, quraşdırılmış sistemin hava müqaviməti təyin edilmiş və titrəmə xüsusiyyətləri yoxlanmışdır. Qüllənin tam rəqəmsal idarə edilməsi “Spike” ER2 raketini H145M arxitekturasına inteqrasiya etməyə imkan verib.
H145M helikopterini döyüş tapşırıqlarını yerinə yetirməsindən ötrü “Airbus” şirkəti H-Force silah platformasını hazırlayıb. Atəşi idarəetmə elementləri ilə birlikdə modul şəklində müxtəlif pulemyotların, o camlədən idarə edilməyən və idarə edilən raketlərin inteqrasiyası mümkündür. “Airbus” şirkətinə görə, bütün mövcud silahlar ən yüksək genişləndirmə mərhələsində H-Force ilə birlikdə istifadə edilə bilər.
İnteqrasiya edilməsi nəzərdə tutulan “Spike” ER2 raketi təxminən 35 kq ağırlığındadır və on kilometrədək məsafədə yerləşən hədəfləri məhv etmək üçün təyin edilib. Yeni məlumatötürmə kanalları və elan edilmiş texnologiyalar ilə döyüş məsafəsi 16 km-ə qədər artırıla bilər. İstehsalçının bildirməsinə görə, yeni özütuşlama başlığı sayəsində gündüz və infraqırmızı rejimlər arasında keçid etmək mümkündür.
Ehtimal olunur ki, “Spike” ER2 raketi ilə təchiz edilmiş H-Force silah platforması üçün artıq müştəri var, amma “Airbus” şirkəti onun adını açıqlamaq istəmir. Sistemin çatdırılmasından əvvəl, onun uçuşda dəqiq atışı daxil olmaqla bütün imkanları nümayiş etdirilməlidir. İstehsalçı bildirir ki, müştəri sınaq uçuşları üçün yer seçən kimi bu nümayişin yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılır. Lakin, tarixlər hələ təyin edilməyib.
H145M helikopterlərinin qısa texniki xüsusiyyətləri: yük olmadan kütləsi – 1905 kq, maksimal kütləsi – 3800 kq, faydalı yük – 10 sərnişinə qədər, mühərrik növü – Turbomeca Safran Helicopter Engines Arriel 2E, mühərriklərin sayı – 2 ədəd, maksimum uçuş gücü – 667 kVt, maksimal qəza gücü – 800 kVt, yanacaq ehtiyatı – 723 kq, maksimal uçuş sürəti – 265 km/saat, praktiki məsafə – 638 km, heyəti – 2 nəfər.


“Spike ER2” TƏİR üçün dörd yerli buraxma qurğusu
Əhəd Əzizov




