Haluk Görgün: 10 milyard dollarlıq ixracat hədəfinə çatmağı planlaşdırırıq

Haluk Görgün: 10 milyard dollarlıq ixracat hədəfinə çatmağı planlaşdırırıq

Türkiyənin müdafiə sənayesi qarşıdakı illərdə 10 milyard dollarlıq ixracat hədəfinə çatmağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, bu sözləri SAHA – EDGE Müdafiə Sənayesi Toplantısı zamanı Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı Prof. Dr. Haluk Görgün deyib.

O bildirib ki, Türkiyənin müdafiə sənayesi son illər ərzində platforma və sistemlərin istehsalı məsələsində əhəmiyyətli nailiyyətlər qazanıb: “Türkiyə bu gün müdafiə sənayesində dünya nəhəngləri ilə rəqabət aparacaq mövqeyə çatıb. Müdafiə sənayesinin bəzi sahələrində dünyanın qabaqcıl ölkələrindən biriyik. Bəzi sahələrdə rəqabətədavamlı məhsullar hazırlayırıq. Bu gün müdafiə sənayesi məhsullarımızı ixrac etdiyimiz ölkə sayı 170-ə, ixrac edilən məhsul çeşidinin sayı 230-a yüksəlmiş və Türkiyə müdafiə sənayesinin məhsulları qlobal liqada ön sıralarda yer almağa başlamışdır.

2002-ci ildə cəmi 62 müdafiə layihəsi həyata keçirilirdisə, bu gün biz 850 layihə üzərində işləyirik. Layihə həcmimiz 5.5 milyard dollardan 90 milyard dollara yüksəlib. Tədqiqat və inkişaf xərclərimiz 2.6 milyard dolları keçib. Müdafiə sənayesi ekosistemi olaraq önümüzdəki illərdə 10 milyard dollarlıq ixracat hədəfinə çatmağı planlaşdırırıq”.

Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müdafiə sənayesi sektorundakı əməkdaşlığını yüksək qiymətləndirən Haluk Görgün, bu sahədə aparılan işlərdən danışıb: “Aviasiya vasitələrində “Baykar” şirkətimizin qabaqcıl platformalarından olan “Bayraktar TB2” və “Akıncı” PUA-ları ilə bağlı davam edən əməkdaşlığımız var. Quru platformalarında FNSS tərəfindən illər əvvəl təhvil verilən “Dhabyan” zirehli transportyorları, BMC-nin “Kirpi”, “Vuran” avtomobilləri və “Otokar” ilə “EDGE Group”un birgə şirkəti “Al Jassor”un istehsal etdiyi “Rabdan” 8×8 zirehli maşınları Birləşmiş Ərəb Əmirliklərinin Ordusuna güc qatıb.

Dəniz platformalarında “Yonca Onuk” tərsanəsinin MRTP 16 sahil mühafizə katerləri və ASELSAN şirkətinin STAMP silah sistemləri Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Dəniz Qüvvələrinə əlavə güc verib. Ağıllı silah sistemlərində “Roketsan” şirkətinin lazer tuşlamalı “Cirit” raketi, MAM-L sursatı və İHA-230 səsdən sürətli ballistik raketi, ASELSAN-ın “Tolun” miniatür bombası, MKE-nin raket, bomba və digər silahları əməkdaşlıq etdiyimiz mövzuların başında gəlir”.

CATEGORIES
TAGS