
HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib – VİDEO
Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.
Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, tibb personalı tərəfindən müayinədən keçmiş dalğıclar tapşırıqları icra etməyə buraxılıb.
Heyətin işarələrlə xəbərləşmə və idarəetmə bacarıqları qənaətbəxş hesab edilib. Cari mərhələdə sualtı hərəkət vasitələri və digər axtarış üsullarından istifadə edərək batmış obyektin axtarışı, tapılması və su üzərinə qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Bundan başqa, toplanış zamanı barokamerada insan orqanizminin yüksək təzyiqə uyğunlaşdırılması, qəzalı dalğıca ilk yardımın göstərilməsi üzrə nəzəri və praktiki məşğələlər yerinə yetirilib. Şəxsi heyət səthdən qidalanma üsulu ilə sualtı dalğıc işlərini həyata keçirərək nəzəri biliklərini təcrübədə tətbiq ediblər.
Qeyd edək ki, toplanışın əsas məqsədi dalğıc heyətinin ixtisas hazırlığının artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsidir.