“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis olunub

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis olunub

“Poliqon” (əvvəlki adı “Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi və Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətləndirilməsi üçün “POLIQON JURNALI” MMC tərəfindən “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə mükafat ilk dəfə Milli Mətbuat Günü ərəfəsində, iyulun 18-də Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, online xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim olunub.

Əvvəlcə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. O, həm mükafatlandırılan hərbi jurnalistləri, həm də Milli Mətbuat Günü ilə bağlı mətbuat orqanlarında çalışan bütün jurnalistləri təbrik edib: “Bu gün “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis və təqdim olunması münasibəti ilə yığışmışıq. Rəşad Süleymanov Vətəni sevən və peşəkarlar içərisində xüsusi yeri olan jurnalist olub. Tale belə gətirib ki, Rəşadla bir yerdə işləmişəm. O, “525-ci” qəzetdə çalışıb. Rəşad özünün bütün keyfiyyətləri ilə həmişə yaddaşımızda çox isti bir insan kimi qalıb.

POLİQON jurnalının belə bir addım atması hesab edirəm ki, həm də bir vəfa borcudur, öz həmkarımızın xatirəsinə böyük bir ehtiramın nümunəsidir. Buna görə də mən POLİQON jurnalının rəhbəri Zaur Babaşova öz təşəkkürümü bildirirəm. Biz də, ətrafdakı dostlar da çalışacaq ki, bu mükafat öz sanbalını saxlasın, gələcəkdə də davamlı olsun. Bu sahədə həm hərbi jurnalistlər yetişdirmək, həm də gənc jurnalistləri bu istiqamətə yönəltmək, təkmilləşdirmək işində həmkarlarımızla birgə fəaliyyət göstərəcəyik”.

“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis edilməsi bağlı danışan POLİQON jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib: “Rəşad Süleymanov “AZERİ DEFENCE” indiki adı ilə POLİQON jurnalını 2012-ci ildə təsis etdi. Mən deyərdim ki, o, bu jurnalı təsis etməklə Azərbaycanda hərbi-texnologiya məktəbinin əsasını qoydu. Bu günləri həmin sütunlar üzərində qurulan “POLIQON JURNALI” MMC tərəfindən Azərbaycanda ilk dəfə olaraq məhz hərbi sahədə fəaliyyət göstərən jurnalistlər üçün media mükafatı ilə təsis olundu və onlar bu mükafatla təltif edilirlər. İnanıram ki, bu baxımdan Rəşad Süleymanovun özünün də ruhu şad olar.

İstərdim mükafat haqqında danışam. Mükafatın təsis olunmasının ideya müəllifi hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovdur. Bu baxımdan POLİQON jurnalının heyəti adından ona təşəkkür edirəm. Üzeyir müəllim belə bir ideyə ilə çıxış etdi və bu mükafatı təsis etməyimizdə bizə istiqamət oldu. Bu mükafatla ilk dəfə təltif olunanlardan biri onlayn media olaraq fəaliyyət göstərən “Ordu.az” saytı və hərbi sahədə fəaliyyət göstərən 11 jurnalistimizdir. Onları təbrik edirəm”.

POLİQON jurnalının baş redaktoru bildirib ki, Rəşad Süleymanovun həm Azərbaycan jurnalistikasının hərbi sahəsində, həm də müdafiə sənayesi sahəsində böyük xidmətləri olub. Xüsusən mərhum hərbi jurnalistin Türkiyə-Azərbaycan arasında müdafiə sənayesinin inkişafına verdiyi töhfə diqqətə çatdırılıb, o cümlədən “ASELSAN-Bakı” şirkətinin “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis edilməsinə göstərdiyi böyük dəstək vurğulanıb.

Medianın Agentliyinin şöbə müdiri Natiq Məmmədli tədbirdə çıxış edərək deyib ki, jurnalistin, fikir adamının əsas xoşbəxtliyi ondan ibarətdir ki, onun sözü və mətbu irsi özündən sonra da yaşayır: “Rəşad Süleymanov haqqında o qədər xoş fikirlərimiz, xatirələrimiz var ki, danışanda adam qəhərlənə bilər. Mən Zaur müəllim sizə çox təşəkkür edirəm ki, Rəşadın irsini layiqincə yaşadırsınız. Bu işdə sizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk. Yəni bu bizim Azərbaycan mediasının bir minnətdarlıq borcudur. Siz bu şərəfli missiyanı layiqincə yerinə yetirirsiniz. Rəşadın adını daşıyan mükafatı almaq fəxrdir və məsuliyyətdir. Yəni o deməkdir ki, həmin mükafata baxdıqda, o mükafat hansısa kitab rəfində, otağımızın əziz bir guşəsində qoyulduqda orada Rəşadın adı anılacaqdır və istər-istəməz sual yaranacaqdır bu adam kimdir, nəyə onun adına mükafat təsis edilib. Beləliklə onun xidmətləri xatırlanacaqdır.

Əziz dostlar bizim müharibə başa çatıbdır, amma belə bir məşhur ifadə var ki, informasiya cəbhəsində heç vaxt atəşkəs olmur. Bizim cəsur hərbçilərimiz öz funksiyalarını yerinə yetirdilər, döyüş meydanında öz sözlərini dedilər və indi də ölkəmizin sərhədlərini layiqincə qoruyurlar. Biz jurnalistlər isə ölkəmizin infirmasiya sərhədinə məsuliyyət daşıyan şəxslərik. Azərbaycan jurnalistləri 44 Günlük Vətən müharibəsində öz peşəkarlıqlarını bacardıqları qədər və hətta daha yüksək səviyyədə nümayiş etdirdilər.

Keçən il biz Şuşada beynəlxalq forum keçirdirdik və oraya cənab Prezidentin müraciəti oldu. Azərbaycan jurnalistlərinə müraciətində cənab Prezident xüsusən də hərbi jurnalistlərin, müharibə dövründə fəaliyyət göstərən Azərbaycan mediasının fəaliyətini çox yükəsk qiymətləndirdi. Həyatı bahasında insanları informasiya ilə, məlumat ilə təmin etmək çox cəsarət tələb edən peşədir. Biz iki dəyərli jurnalistimizi məhz həyatı bahasına informasiya əldə edərkən şəhid olduqlarının şahidi olduq. Məhərrəmin və Siracın xatirəsi bizim daim qəlbimizdədir. Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanına çevrilirlər. Bu mükafatın təsis olunması, bu jurnalın yaşaması Azərbaycan hərbi jurnalistikasına nəfəs verəcəkdir. Sizin bu çətin, məsuliyyətli və şərəfli fəaliyyətinizdə hər birinizə təşəkkürümüzü bildiririk. Bir daha Zaur müəllim Rəşadın irsini yaşatdığınıza görə sizə təşəkkür edirəm. Bu fəaliyyətinizdə sizə dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk”.

“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis olunması ilə bağlı ilkin ideya verən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu mükafatın yaradılmasında iştirak edən hər kəsə təşəkkür edib və hərbi jurnalistika ilə bağlı məsələlərə toxunub: “Bilirsiniz dünyada iki növ jurnalistika var. Mülki jurnalistlər və bir də hərbi jurnalistlər mövcuddur. Azərbaycanda mülki jurnalistika və bu sahədə jurnalist yetişdirən fakültəmiz də var. Ancaq hərbi jurnalistka ilə bağlı bu yoxdur və mütləq hazırlamaq lazımdır. İndi hərbi jurnalistika ilə maraqlanan insanlar bilirlər ki, bu günlərdə NATO Kanadada həmin mütəxəssisləri hazırlayır. Düzdür Azərbaycan Müdafiə Nazirliyi hər il iki nəfəri Moskvaya, orada hərbi instituta təhsil almağa göndərir. Ancaq o iki nəfər yaraya məlhəm deyil. Bilirsiniz Azərbaycan boyda bir dövlətin güc strukturlarında kifayət qədər şəxsi heyət xidmət edir. Ona görə də Azərbaycanda bununla bağlı ya universitetdə, ya da Azərbaycan Ali Hərbi İnstitutunda fakültə açılmalıdır və orada yavaş-yavaş tədricən 10, 20, 30 nəfər hazırlanmalıdır.

Baxın görün bu gün Dövlət Sərhəd Xidmətinin Akademiyası var. Baxın o Akademiya Dövlət Sərhəd Xidmətinə nə boyda kömək göstərir. Əvvəllər o kadrlar Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Akademiyasında hazırlanırdı. Ona görə də bu məsələ üzərində mütləq işləməliyik. Çünki 3-5 nəfərlə və yaxud kursla bu boşluğu doldura bilmərik.

Amma hesab edirəm Rəşadın ruhu şaddır ona görə ki, onun adına mükafat var. Natiq müəllim də burda qeyd etdi ki, o mükafat hansı ki, bizim dəyərli dostlarımıza təqdim olunacaq evlərinə gələn adam, heç bəlkə bu sahəyə aid olmayan bir adam içəri girəndə istər-istəməz diqqətini cəlb edəcək. Zaur Babaşova təşəkkür etmək istəyirəm və ümumiyyətlə gəlin bu qayda ilə bütün dostlarımızın adlarını yaşadaq ki, onların ailələri də bir qədər rahat olsunlar ki, onların qardaşları və yaxud ailə başçıları seçdikləri peşədə yanılmayıblar”.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının təşkilat komitəsinin rəhbəri Ayaz Mirzəyev tədbirdə çıxış edərək, mükafatla təltif olunan jurnalistləri təbrik edib: “Burada mükafata layiq görülən jurnalist həmkarlarımın arasında o qədər insan var ki, bir zamandan sonra onların adına da mükafat olacaq. Çünki həqiqətən onlar öz sahəsində sözlərini demiş insanlardır.

Bu mükafatın formalaşmasına nail olmaq üçün bizə sadəcə bir dayaq nöqtəsi lazım idi. Rəşadın həyatda əldə etdiyi nəaliyyətlər, vətənpərvər və hərbi jurnalist olaraq göstərdiyi nümunələr bizə bunun üçün mayak oldu. Bu mükafatla mükafatlandırılanlar öz sahəsində nəaliyyətlər əldə etmiş, hərbi sahədə fərqlənən peşəkar jurnalistlərdir. Rəşad haqqında çox danışmaq olar. Rəşad bizim qəlbimizdədir. Deyirlər vətənpərvərlik peşə deyil, vətənpərvərlik ya var, ya da yoxdur. Rəşad həqiqətən də həm vətənpərvər idi, həm vətənini çox istəyirdi, həm də öz peşəsini çox sevirdi. O, bir çoxlarımıza nümunədir. Biz də onun yolunu davam etməyə çalışırıq. Rəşadın ailəsində onun yolunu davam etməyə artıq namizəd var. Onun böyük oğlu Məhəmməd bizim sərhədçimizdir, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində təhsil alır. Kiçik övladları da böyüyür. Biz Rəşadın həmkarları olaraq onun yolunu davam etdiririk. Mənim sadəcə arzum odur ki, bu mükafat davamlı olsun. İlk mükafatda həqiqətən də çox peşəkar jurnalistlərin adları var. O, jurnalistlər ki, onların bir çoxunun fəaliyyətinin hətta Vətən müharibəsi dövründə özüm şəxsən şahid olmuşam, kənardan izləmişəm. Mənim üçün də böyük bir fərəhdir ki, həmin jurnalistlərin mükafatlandırma mərasiminin təşkilat komitəsinin üzvüyəm”.

Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatının təşkilati dəstəkçisi olan “ASELSAN-Bakı” şirkətinin nümayəndəsi tədbirdə çıxış edərək, mərhum hərbi jurnalist ilə yaşanan xatirələrini bölüşüb: “Rəşad Süleymanovla mən şəxsən tanış olmuşam və onu vətənpərvər jurnalist kimi tanıyıram. Çox isti xatirələrimiz var. Rəşad bizimlə on ildən çoxdur ki, ünsiyətdədir və qeyd etdiyiniz kimi müdafiə sənayesinin inkişafına öz töhfəsini verib. Türkiyədə bizim baş şirkətimiz ASELSAN-da olub. Bizim əlaqələrə həmişə dəstək verib. Buna görə biz həm Rəşad Süleymanovun təsis etdiyi jurnalın kollektivinə, eyni zamanda sizdən aldığımız dəstək üçün bütün mətbuat kollektivinə öz təşəkkürümüzü bildiririk. Arzu edirəm ki, Rəşad bəyin xatirəsi əbədi olaraq Azərbaycanda, mətbuatda yaşayacaq və gənclərimizə örnək olacaq. Biz hər zaman mətbuatla dostluq etməyə və mətbuata dəstək verməyə hazırıq. Təşəkkür edirəm”.

Daha sonra tədbirdə Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxış edib və Rəşad Süleymanovla görülən birgə fəaliyyətlərdən danışıb: “Biz Ordunun dostları mətbuat klubunu yaradanda Rəşad Məcidlə görüşdük. Rəşad müəllim “525-ci” qəzetdə hərbi yazı ilə bağlı həftədə 1 səhifə verirdi və onu da rəhmətlik Rəşad Süleymanov aparırdı. Daha sonra o gündəlik oldu. Həmin vaxt internet və imkanlar yox idi. “525-ci” qəzetdə bunu başladıq. Daha sonra “Hərbi And” qəzeti yarandı, Rəşad da sonra APA-ya getdi və APA-da böyük bir fəaliyyət göstərdi. Ondan sonra özü müstəqil olaraq bu saytı və jurnalı yaratdı. Çox böyük xidmətləri var. Onun ən böyük arzusu Qarabağın azad olunması idi. Rəşad Qarabağın, Füzulinin, Şuşanın azad olunmasını gördü və onun arzuları daim yaşayır. Bayaq Natiq müəllimdə doğru qeyd etdi. O jurnalist xoşbəxtdir ki, dünyasını dəyişəndən sonra yaşayır”.

Tədbirdə iştirak edən Rəşad Süleymanovun oğlu Məhəmməd Süleymanov media mükafatı ilə təltif olunan bütün hərbi jurnalistləri təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. O, “Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatının təsis olunmasında əziyyəti keçən hər kəsə təşəkkür edib.

Son olaraq Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli çıxış edib. O, Rəşad Süleymanovun təsis etdiyi “AZERİ DEFENCE” (POLİQON) jurnalının Azərbaycan hərbi jurnalistikasındakı rolundan və əhəmiyyətindən danışıb: “Rəşad sözün əsl mənasında idealogiya daşıyıcısı idi. O, mətbuata biznes, ticari nöqteyi-nəzərdən yanaşmırdı. Bu çox vacib idi. Elə gəldiyi ilk gündən “525-ci” qəzetdə həmin idealogiyanın daşıyıcısına çevrildi. Həmin idealogiya, dövlət sevgisi, Vətən sevgisi də onu gətirib buraya çıxartdı. Amma hərbi jurnalistika dedikdə bu təkcə hərbi hissələrdə olmaq, səngərdə olmaq deyildi, məsələyə akademik yanaşma idi.

“AZERİ DEFENCE” saytı təsis olunanda həmin vaxt məqsəd o idi ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dilli oxucular ana dilində hərbi-texnologiya barəsində məlumat əldə etsin. Hələ o zaman sosial şəbəkələr çox  yayılmamışdı və internet resurslarında da Azərbaycan dilində hərbi-texnologiya ilə bağlı məlumatlar az idi. Məqsəd bu məlumatların vacib olanlarını bir yerə toplayıb onu həmin saytda dərc etmək və Azərbaycan oxucusuna çatdırmaq idi. Bu olduqca çətin proses idi. Çünki məlumatlar Rus və İngilis dillərindən tərcümə olunmalı idi. Eyni zamanda termin məsələləri ortaya çıxırdı. Məsələn, indi PUA adlanan vasitəyə əvvəl pilotsuz təyyarə deyirdilər. Hətta rəsmi açıqlamalarda da pilotsuz təyyarə deyilirdi. Biz Rəşadla söhbət edirdik ki, bunu necə adlandıraq və nəticədə pilotsuz uçuş aparatının üzərində qaldıq. Pilotsuz uçuş aparatı abreviatura olaraq da daha rahat səslənir. Hərbi-texnlogiya ilə bağlı bir çox məsələlər, eləcə də bu sözləri tapıb çıxartmaq özümüz üçün də kəşf idi.

Həqiqətən bu bir istək, bir arzu idi. “AZERİ DEFENCE” jurnalının ilk nömrəsi 2012-ci ilin oktyabr ayında 10 ədəd çıxmışdı. Demək istəyirəm ki, bu təkcə onunla bitmir. Rəşad Süleymanov və “AZERİ DEFENCE” jurnalı Azərbaycan mətbuat nümayəndələrinin, burada İlqar Mikayıloğlu, Anar Şuşalı iştirak edir hərbi sərgilərdə, beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak ənənəsini qoydu. Sözün əsl mənasında, o, bir araşdırma məntəqəsi idi ki, biz hər dəfə o sərgilərə gedəndə yeni nəsə kəşf edirdik. Yadıma gəlir ki, bədcikini çevirib ermənilərin stendinə yaxınlaşıb müəyyən fotolar çəkib informasiyanı əldə etməyə üçün risklərə gedirdi. Xarici ölkədə olduğundan təhlükələr də yaşaya bilərdi. Rəşad sözün əsl mənasında Azərbaycan hərbi-texnoloji jurnalstikasının qurucularından biri deyil, qurucusudur.

O vaxt Üzeyir bəy “Hərbi And” qəzeti və bir də “Hərbi Bilik” jurnalı vardı. “Hərbi Bilik” Müdafiə Nazirliyinin tərkibində idi. Ancaq geniş ictimaiyyət üçün nəzərdə tutulan jurnal kimi, hərbi-texnologiya, hərbi-texnoloji mətbuat, müdafiə sənayesi sahəsində ixtisaslaşmış mətbuat orqanı kimi “AZERİ DEFENCE” (POLİQON) jurnalı bu ənənəni qoyub. Burada da Rəşad Süleymanovun əməyi çox böyükdür, hədsizdir. Allah ona rəhmət etsin”.

Daha sonra qalib olan jurnalistlərə və onlayın media orqanına “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təqdim edilib.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb:

  • “Ordu.az” hərbi yönümlü onlayn media orqanı
  • Hərbi jurnalist Anar Şuşalı
  • Real TV-nin əməkdaşı İlqar Mikayıloğlu
  • Baku TV-nin əməkdaşı Fərdin İsazadə
  • “Yeni Çağ” Media Qrupunun əməkdaşı Səxavət Məmməd
  • ARB Media Qrupunun əməkdaşı Rasim Salehli
  • CBC telekanalının xüsusi müxbiri Elmira Musazadə
  • AzTV-nin əməkdaşı Vüsal Qaraca
  • İctimai TV-nin Qarabağ bölgəsi üzrə müxbiri, hərbi jurnalist Şöhrət Eyvazov
  • “Report” İnformasiya Agentliyinin redaktoru İsmayıl Nəsibli
  • Bakı Media Mərkəzinin fotoqrafı Vüqar İbadov
  • Real TV-nin operatoru Azər Qarayev

Dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbir kütləvi informasiya vasitələrinin (KİV) yayımı ilə geniş auditoriyaya çatdırılıb. Türkiyə-Azərbaycan müdafiə sənayesi əlaqələrinə böyük töhfələr vermiş Rəşad Süleymanovun adına təsis edilmiş media mükafatına “ASELSAN-Bakı” şirkəti təşkilati dəstək verib. “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının laureatlarına “ASELSAN-Bakı” şirkəti tərəfindən hədiyyələr də verilib.

Tədbirdə Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Türkiyənin “ASELSAN-Bakı” şirkətinin şöbə müdiri və baş mühəndisi, o cümlədən Rəşad Süleymanovun ailə üzvləri və başqaları iştirak ediblər.

Bu mükafatın məqsədi hərbi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə, onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, hərbi jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının ilk mərhələsində fərqləndirmə ölçüsü kimi hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin yaradıcılığının özü bütöv götürülüb. Yəni məqsəd hərbi jurnalistikamızın həm dünənində, həm də bu günündə zəhməti olanların qiymətləndirilməsidir. Burada hərbi jurnalistika sahəsində önəmli xidmətləri olan, bu gün də səmərəli fəaliyyətini davam etdirən şəxslərin əməyinin dəyərləndirilməsidir.

“Hərbi jurnalist Rəşad Süleymanov Media Mükafatının növbəti mərhələdə tərtibatı başlıca meyar olaraq bir növ, müsabiqəlilik prinsipinə əsaslanacaq. Yəni, kütləvi informasiya vasitələrinin hərbi sahə üzrə fəaliyyət göstərən təmsilçiləri özlərinin konkret yaradıcılıq nümunələrini təqdim edərək müsabiqəyə qatılacaqlar və münsiflər heyətinin qərarına əsasən fərqlənən jurnalistlər “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına və pul mükafatına layiq görüləcək.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının əsasnaməsinə görə, mükafatın laureatlarının müəyyənləşdirilməsi mükafat komissiyası tərəfindən həyata keçiriləcək. Komissiyanın tərkibi, əsasən, Media sahəsində çalışan, təcrübəli jurnalistlər, media qurumlarının rəhbərləri və peşəkar media ekspertləri olacaq.

Əsasnaməyə uyğun olaraq komissiya hər il 15 aprel – Rəşad Süleymanovun Doğum Günü öncəsi hərbi sahə üzrə, əsasən Azərbaycan Silahlı Qüvvələrinin inkişaf prosesini və ordu quruculuğunu əhatə edəcək, elan edilmiş yazı müsabiqəsinin nəticələrini qiymətləndirəcək.

Laureatlar üç dərəcə üzrə qiymətləndiriləcək. Birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə isə 3 nəfərin mükafatlandırılması nəzərdə tutulur.

Beləliklə, hərbi jurnalistika sahəsində xüsusi xidmətlərə görə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülmüş şəxslər müəyyənləşdiriləcək.

Poliqon.az

CATEGORIES
TAGS