Hindistan T-90 “Bhishma Mk-3” tanklarının ilk partiyasını təhvil alıb 

Hindistan T-90 “Bhishma Mk-3” tanklarının ilk partiyasını təhvil alıb 

Hindistan Ordusu təkmilləşdirilmiş T-90 “Bhishma Mk-3” tanklarının ilk partiyasını təhvil alıb.

“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, ilk partiya 10 ədəd T-90 “Bhishma Mk-3” tankından ibarətdir.

Qeyd olunub ki, növbəti beş il ərzində Hindistan Ordusu mərhələli şəkildə cəmi 464 ədəd T-90 “Bhishma Mk-3” əldə edəcək.

Effektiv atəş gücü və qabaqcıl zireh müdafiəsi ilə tanınan T-90 “Bhishma Mk-3”ün Hindistan Ordusunun döyüş qabiliyyətini nəzərəçarpacaq dərəcədə artırması planlaşdırılıb. Tankın Mk-3 versiyası qabaqcıl hədəfləmə sistemləri, yüksəldilmiş sağ qalma xüsusiyyətləri və artırılmış mobillik bacarıqları da daxil olmaqla müasir təkmilləşdirmələri özündə birləşdirir.

T-90 “Bhishma Mk-3”ün əhəmiyyətli xüsusiyyəti onun Hindistan tərəfindən yüksək dərəcədə yerliləşdirilməsidir. Belə ki, tankda istifadə edilən hissələrin 83%-i, eləcə də mühərriki 100% yerli istehsaldır. Bu yüksək səviyyəli yerliləşdirmə Hindistanın xarici satınalma asılılığını azaltmaq və hərbi texnologiya sahəsində inkişaf bacarıqlarını gücləndirmək məqsədi daşıyır.

T-90 “Bhishma Mk-3”, 1130 at gücü hasil edən V12 dizel mühərriki ilə təchiz olunub. Bu mühərrik tanka maksimum 60 km/saat sürətə çatmağa və 550 km məsafəni qət etməyə imkan verir. Kütləsi 50.7 ton olan tank döyüş meydanında həm möhkəm və dayanıqlı, həm də sürətli olmaq üçün nəzərdə tutulub.

Onun silahlanmasına avtomatik yükləyicisi olan 125 mm-lik 2A46M-5 əsas top, koaksial 7.62 mm-lik pulemyot və əlavə olaraq uzaqdan idarə edilən 7.62 mm-lik zenit pulemyotu daxildir.

Tank DRDO və “Bharat Electronics Limited” tərəfindən hazırlanmış gündüz/gecə 8 km-ə qədər məsafədəki hədəfləri aşkar etməyə qadir termal nişangah sistemi və 5 km-ə qədər məsafəyə malik lazer məsafəölçən ilə təchiz edilib. Tankın avtomatik hədəf izləmə sistemi istifadəçiyə hədəfi daha tez və dəqiq şəkildə aşkarlamağa və izləməyə imkan verir.

T-90 “Bhishma Mk-3”də müdafiə və sağ qalma üçün “Kontakt-5” partlayıcı reaktiv zirehdən (ERA) istifadə olunub ki, bu da mərmilərdən və tank əleyhinə raketlərdən müdafiəni gücləndirir. O, həmçinin “Saab”ın müasir təhlükələrə qarşı sağ qalma qabiliyyətini artıran LEDS-150 aktiv mühafizə sistemi (APS) ilə təchiz edilib.

Hindistanın Avadi bölgəsində yerləşən “Heavy Vehicles Factory” (HVF) zavodu bu tankların yığılması və modernləşdirilməsinə cavabdehdir. HVF-nin yeni tankların tədarükü ilə yanaşı, digər vəzifəsi də mövcud T-90S tank parkını T-90MS standartlarına uyğunlaşdırmaqla Hindistan Ordusunun zirehli texnika imkanlarını artırmaqdır.

CATEGORIES
TAGS