Hindistan yüngül tank axtarışındadır

Keçən il Qalvan vadisinin Ladakxa bölgəsindəki qarşıdurmalardan sonra Hindistan, öz ordusu üçün yüngül tank axtarışından ciddi şəkildə narahatdır və bununla əlaqədar olaraq tədbirlərin həyata keçirilməsini davam etdirir.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyinin 350 ədəd 25 ton ağırlığında döyüş maşınının mümkün alışı üçün məlumat təqdim edilməsinə sorğu (Request for information – RFI) yayımlayıb.
RFI-nin təsviri hissəsində Hindistanın müxtəlif silah sistemləri ilə təchiz oluna bilən və müxtəlif təhdidlərə qarşı durmağı bacaran modul tipli döyüş maşınl ilə maraqlandığını göstərilir.
Məlumat təqdim edilməsi üçün sorğuda, “yeni yüngül tankda, insansız döyüş modulunda yerləşən müxtəlif çaplı bir neçə növ silah olmalıdır. Tank sursatı kimi müasir çoxməqsədli “ağıllı sursat”dan və raketlərdən (TƏİR) istifadə edilməlidir. Tankda köməkçi güc qurğusu, isitmə, ətraf mühitə nəzarət bloku, pilotsuz uçuş aparatlarlndan (PUA) müdafiə vasitələri və mütərəqqi rabitə şəbəkə sistemi olmalıdır”, deyə bildirilir.
Hindistan ordusunun silahlanmasında, böyük əksəriyyətini Sovet və Rusiya istehsalı T-72 və T-90 tankları təşkil edən, təxminən 3 700 ədəd tank durur. Bu döyüş vasitələri yüksək dağlıq ərazilərdə hərəkət etmək üçün uyğunlaşdırılmayıb. Bu səbəbdən, Hindistanın, xüsusən Çinin yüksək hündürlüklü döyüşlər üçün yaradılmış Type 15 yüngül tankına qarşı çıxmaq üçün yeni tanklara ehtiyacı var.
Dünyada müasir yüngül tankların inkişaf etdirilməsinə baxmayaraq, onlar hələ də nisbətən nadir rast gəlinən zirehli nəqliyyat vasitəsinə aiddirlər. Məlumdur ki, ABŞ, Cənubi Koreya, Myanma, Türkiyə, İsrail, Almaniya və digər ölkələrdə yeni nəsil yüngül tankların inkişafı davam etdirilir.
Hazırda dünya bazarında yüngül tank konsepsiyasını inkişaf etdirən bir neçə şirkət var. Xüsusilə tırtıllı şassili məmulatlar “BAE Systems”, “General Dynamics” və “Elbit Systems” şirkətləri tərəfindən yaradılmışdır. ABŞ Ordusu, Hava-Desant Qoşunları üçün yüngül bir tank yaratmaqdan ötrü MPF proqramına başlamış və artıq iki prototip sınaqlar üçün hərbiçilərə təhvil verilib.
“General Dynamics” şirkəti, standart əsas döyüş tankındakına bənzədiyi iddia edilən 120 mm-lik və ya 105 mm-lik top və zirehlə təchiz olunmuş məmulat hazırlayıb. Lakin, bununla belə, Hindistan tenderinin kütlə ölçülərinə uyğun gəlmir: maşının kütləsi təxminən 30 tondur. Eyni səbəblərdən “BAE Systems” şirkətinin 18 ton ağırlığında olan ELT yüngül tankı istisna edilir. Bu maşın CV90 və “Bradley” piyada döyüş maşınlarının (PDM) yetkin texnologiyalarından istifadə edilrək təkmilləşdirilmiş M8 platforması əsasında yaradılıb.
İspaniyanın “ASCOD” PDM tırtıllı platforması əsasında yaradılmış İsrailin “Elbit Systems” şirkətinin “Sabrah” yüngül tankının kütləsi barədə məlumat yoxdur. Ancaq PDM-in tanka çevrilməsi prosesində “ağırlaşdırılacağı” nəzərə alınmadan “ASCOD” PDM kütləsinin 26,3 ton olması səbəbindən, kütlənin hindlilər tərəfindən göstərilən həddi aşdığını düşünə bilərik.
Vəziyyət Cənubi Koreyanın 26 ton ağırlığındakı K-21 PDM bazasında hazırlanmış K-21-105 “orta tankı” və Türkiyənin “Kaplan MT” (30-35 ton) döyüş maşını ilə də eynidir.
Beləliklə, hazırda dünya bazarında Hindistan ordusunun tələbini ödəyə biləcək məmulat yoxdur. Bir hipotetik fərziyyə – Rusiyanın 18 ton ağırlığındakı 2S25 “Sprut-SD” tank əleyhinə platforması istisna olmaqla. Lakin, bu vasitə yenidən qurulmasını tələb edəcək insanlı döyüş bölməsinə malikdir. Rusiyanın 2S25 “Sprut-SD” döyüş vasitəsinin yüngül tanka çevrilə biləcəyini isə, Hindistanın yüzlərlə yeni tipli döyüş vasitəsi tədarükü üçün elan etdiyi sifariş ətrafında ticarətin gedişatı göstərəcəkdir.
Əhəd Əzizov




