Hindistanda istehsal olunan AK-203 avtomatları sifarişçiyə təhvil verilib

Hindistanda istehsal olunan AK-203 avtomatları sifarişçiyə təhvil verilib

Rusiya və Hindistanın “Indo-Russian Rifles Private Limited” (IRRPL) birgə müəssisəsi 35 min ədəd AK-203 avtomatı istehsal edərək Hindistan Müdafiə Nazirliyinə təhvil verib.

Bu barədə “Poliqon” Rusiyanın “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verib.

Məsələ ilə bağlı fikirlərini bölüşən “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov bildirib ki, “Rostex”, ən yeni atıcı silahlar da daxil olmaqla, real döyüş şəraitində effektivliyini sübut edən geniş çeşidli silahlar istehsal edir: “Bu gün Hindistan “Kalaşnikov” avtomatlarının “200-cü” seriyasını istehsal etməyə başlayan ilk xarici müştəridir. Hindistanda “Make In India” və “Self-Reliant India” proqramlarına tam uyğun olaraq məhsul istehsalına Hindistanda başlanılıb. Layihəyə texnologiya transferi və AK-203 istehsalının 100% lokallaşdırılması daxildir. Bu cür proqramlar müasir silah bazarındakı tendensiyalardan biridir və Rusiyanın ən yaxşı müdafiə həllərinin etibarlı təchizatçısı kimi rəqabət üstünlüyüdür”.

Xatırladaq ki, AK-203 avtomatlarının istehsal olunduğu “Indo-Russian Rifles Private Limited”in təməli hələ 2007-ci ildə qoyulub və 2019-cu ildə müəssisənin açılışı barədə rəsmi məlumat paylaşılıb. Hindistanın Uttar Pradeş ştatının Ameti bölgəsindəki Korva şəhəri yaxınlığında yerləşən IRRPL birgə müəssisəsi AK-203 avtomatlarının seriyalı istehsalına ötən ilin yanvar ayında başlayıb.

7.62 mm-lik qatlanan qundaqlı AK-203 avtomatının boş daraqla birlikdə çəkisi dörd kiloqramdır. Avtomatın üzərindəki mexaniki nişangah istifadəçiyə 800 metrə qədər olan hədəfləri nişan almağa imkan verir. Bundan başqa, AK-203 avtomatının konfiqurasiyası ona müxtəlif cihazların və optik nişangahların quraşdırılmasına uyğun dizayn edilib. Dəqiqədə 700 atəş aça bilən avtomatın lüləsinin uzunluğu 415 millimetrdir.

CATEGORIES
TAGS