Hindistanda yeni özüyeriyən Alakran VMİMS minaatanının təqdimatı keçirilib

Hindistanda yeni özüyeriyən Alakran VMİMS minaatanının təqdimatı keçirilib

Hindistan Ordusu arsenalına “Mahindra” və “Milanion NTGS” (New Technologies Global Systems) “Made in India” dövlət proqramı çərçivəsində hazırlanmış Alakran VMİMS adlı ən son əlavəni Nyu Delhidə keçirilən 75-ci Respublika Günü Paradında nümayiş etdirib.

“Poliqon” “Mahindra Defence” şirkətinə istinadən xəbər verir ki, Alakran VMİMS (Vehicle Monted Infantry Mortar System ) avtomobilə quraşdırılmış Alakran piyada minaatan sistemidir.

İngiltərənin “Milanion NTGS” və Hindistanın “Mahindra Defence” şirkətləri arasında əməkdaşlıq nəticəsində, sonuncu Hindistan Ordusuna Mahindra ALSV yüngül zirehli xüsusi avtomobilinə (Armored Light Specialist Vehicle) inteqrasiya olunmuş sayı açıqlanmayan 81 mm-lik Alakran VMİMS minaatan kompleksləri ilə təmin etmək üçün ilkin müqavilə alıb. Mahindra ilə müqavilə VMİMS kompleksinin istehsalı, təchizatı və ehtiyaclarını ödəmək üçün “Made in İndia” dövlət proqramı çərçivəsində strateji imkanları araşdırmaq üçün iki şirkət arasında əvvəllər imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq bağlanıb. İnteqrasiya edilmiş sistemlər 2024-cü ilin sonuncu rübündə təhvil veriləcək ki, bu da Hindistan Ordusunun mexanikləşdirilmiş taborlarını dəstəkləmək üçün nəqliyyat vasitələrinin mobilliyini və atəş gücünü əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda Hindistan Quru Qoşunlarının dağlıq bölgələrdə daha yaxşı hərəkətliliyini və hava nəqletməsini təmin edəcək.

Alakran VMİMS döyüş meydanında mobillik, dəqiqlik, sürət və yüksək atəş gücü təmin edən sistemdir. Bu, dünyanın ən yüngül, tam rəqəmsal, avtomatlaşdırılmış, “atəş aç – qaç” rejimində döyüş fəaliyyətləri aparmaq üçün sıfırdan hazırlanmış minaatan sistemidir. Əsas xüsusiyyəti, düşmənin kontr-batareya atəşi başlamazdan əvvəl iki dəqiqədən az müddətdə 8 dəqiq atəş açma qabiliyyətidir. Minaatan platforması yüksək çərçivə möhkəmliyinə malikdir və həm 81 mm-lik minaatanlardan, həm də daha güclü 120 mm-lik minaatanlardan istifadə etmək imkanını təmin edir.

Qeyd edək ki, minaatan sistemi modul komponentlərdən istifadə edilməklə yaradılıb. Sistem istifadədə çox rahatdır və ən azı 2 ton yükgötürmə qabiliyyətinə malik demək olar ki, istənilən 4×4 təkər formullu avtomobilə asanlıqla inteqrasiya oluna bilir, səhralar, palçıqlıq, qar və meşələr daxil olmaqla bütün növ ərazilərə uyğunlaşır və həmçinin onun yüngül konstruksiyası helikopterlərdə də istifadəni təmin edir. Onun möhkəm konstruksiyası və dayanıqlı texnologiyası onu ağır döyüş şəraitinə tab gətirdiyi və effektivliyini qoruduğu sübut edilmiş davamlı silaha çevirir.

Xatırladaq ki, 2010-cu ildə Madriddə (İspaniya) yerləşən “New Technologies Global System (NTGS) şirkəti çevik reaksiya verən qurğular üçün nəzərdə tutulmuş yüngül çəkili 120 mm-lik özüyeriyən minaatan sistemini inkişaf etdirməyə başlayıb. Minaatan sistemi 1,5 tona qədər yükgötürmə qabiliyyəti olan yüngül şassiyə quraşdırılmalı, bir mövqedə dayandıqdan sonra tez atəş açmalı və atəş məsafəsini pozmadan mövqeyini dəyişdirməli idi.

Özüyeriyən minaatan kompleksi 2015-ci ildə sınaqdan keçirilib. Bu zaman, 4×4 təkər formullu Land Rover Defender, J8, Agrale Marru, Toyota Land Cruiser 70 kimi yüngül yüksək keçidlikli nəqliyyat vasitələrinin şassilərindən istifadə edilmişdir ki, bu da sistemin əvvəldən həm İspaniya Ordusu, həm də ixrac üçün buraxılmasının planlaşdırıldığını göstərir.

Artıq 2016-cı ildə adı açıqlanmayan alıcıdan ixrac sifarişi alınıb. Sistem “Alakran” (“Əqrəb”) adlandırılıb. Onun istehsalına 2017-ci ildə başlanılıb. İspaniya Ordusu 2018-ci ildə VAMTAC ST5 avtomobil şassisində quraşdırılmış Alakran minaatan kompleksini sınaqdan keçirməyə başlayıb.

Minaatan qurğusu seçilmiş şassiyə tez uyğunlaşdırıla bilən bir modul şəklində hazırlanıb. Yüngül şassi və nisbətən güclü minaatan təpmə əleyhinə qurğular olmadan birləşdirilib. Kvadrat dayaq tavası olan və lüləağzı hissədən doldurulan minaatan avtomobilin arxa hissəsində şaquli müstəvidə fırlanan hidravlik idarə olunan çərçivəyə quraşdırılıb.  Bu konstruksiya minaatanl tez bir zamanda gövdədən yerə enməsini və dayaq tavasından atəş açmasını təmin edir. Atışın sonunda bu tərtibat tez bir zamanda minaatanı bana “atmağa” imkan verir. Daşınan döyüş dəsti avtomobilin kabinasının arxasında xüsusi döyüş yığımına yerləşdirilir.

Özüyeriyən minaatan hərbi nəqliyyat helikopterləri ilə nəql edilə bilər.

Minaatanın maksimal atəş tezliyi 12 atəş/dəqiqədir. Lakin, ilk dəqiqədə normal atəş rejimi 4 atəş/dəqiqə təşkil edir. Alakran 120 mm-lik ən yüngül minaatanlardan biri hesab olunduğundan, maksimal atəş tezliyi nisbətən yüngül olan lülənin qızması və atımın öz-özünə alovlanma ehtimalı baxımından kifayət qədər gərgin rejim yaradır. Düzdür, istehsalçı şirkət xüsusi soyutma sisteminin istifadəsini bildirir.

Qurğu naviqasiya sistemi ilə birləşən və 35 saniyəyə qədər bir mövqedə dayandıqdan sonra ilk atış üçün hazırlıq müddətini təmin edən avtomatlaşdırılmış tuşlama sistemi ilə təchiz edilib. Tuşlayıcı rəqəmsal ballistik kompüteri olan atəşi idarəetmə sistemindən istifadə edir: kartoqrafik məlumat, hədəf məlumatları və atəş üçün ilkin məlumatlar düz panelli rəqəmsal monitorda göstərilir. İdarəetmə pultunu maşından kənara çıxarmağa icazə verilir.

Atəşi idarəetmə sistemi GPS naviqasiyalı və meteoroloji sensorlu naviqasiya sistemindən alınan məlumatlardan istifadə edir. Əllə idarə olunan elektromexaniki uzaqdan tuşlama ötürücüləri var ki, bunlar da idarəetmə sistemi ilə birlikdə MAD 1 avtomatlaşdırılmış tuşlama sistemini təşkil edirlər.

Bilavasitə atışı iki doldurucu aparır. Döyüş vəziyyətindən yürüş vəziyyətinə keçmək 15-25 saniyə çəkir ki, bu da sistemin və onun heyətinin zəifliyini azaltmağa kömək edir. Görünür, buna görə ispanlar zirehli müdafiədən imtina ediblər. Eləcə də, yaradıcıların fikrincə, banda saxlanılan ləvazimatları və döyüş sursatı olan minaatan brezentlə elə örtülür ki, yürüş zamanı nəqliyyat vasitəsi adi nəqliyyat pikapına bənzəyir.

120 mm və 81 mm yüksək mobil minaatan sistemlərinin birləşdirilməsi təcrübəsinə uyğun olaraq, NTGS şirkəti 81 mm çaplı Alakran modifikasiyasını da təqdim edir. Eyni zamanda “Milanion NTGS” şirkəti baggi (buggy) bazasında yüngül mobil minaatan sistemi hazırlayıb. Yeni Alakran ‘S’ yüngül minaatan sistemi Polaris RZR yüksək keçidlik qabiliyyətinə malik baggi ilə inteqrasiya olunub.

Alakran ‘S’ dinamik mühitlərdə yerüstü döyüş bölmələri üçün 81 mm-lik sürətli atəş dəstəyi üçün maksimum effektivliyi təmin edən universal mobil minaatan sistemidir. Alkaran ‘S’ minaatan sistemi 2 dəqiqədən az müddətdə 8 atəş açıb atəş mövqeyini tərk edə bilir. Bundan başqa, elektromexaniki mühərriklər avtomatik, sürətli və dəqiq nişan almanı təmin edir. Alakran ‘S’ GIS (Geographic Information System) texnologiyasından istifadə edərək öz Atəşi İdarəetmə Sistemi (Fire Control System – FCS) və zona atəşi və çoxsaylı atışlar kimi yeni funksiyalarla təchiz edilib.

Alakran döyüş meydanında etibarlılığı ilə tanınır. Digər müasir minaatan sistemlərindən fərqli olaraq, Alakranın patentləşdirilmiş lüləli soyutma sistemi döyüş meydanında həddindən artıq qızma ilə bağlı kritik problemi həll etməklə, vaxt məhdudiyyəti olmadan fasiləsiz sürətli atəşə imkan verir. Patentli ikili dayaq tavası sayəsində Alakran minaatanı atış zamanı misilsiz dəqiqlik və operatorun təhlükəsizliyini təmin edərək, bütün təpmə gücünü yerə ötürür.

Əhəd Vahidoğlu

CATEGORIES