Horadiz əməliyyatından 29 il ötür

Horadiz əməliyyatından 29 il ötür

Yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ savaşı tarixində ən uğurlu hücum əməliyyatlarından biri olmuş Horadiz əməliyyatının 29-cu ildönümü qeyd olunub.

“Poliqon” xəbər verir ki, 1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz şəhərinə sancıb. Bir gün davam edən Horadiz əməliyyatı nəticəsində 22 kənd və Horadiz şəhəri, ümumilkdə isə 30 min hektardan çox ərazi düşmən işğalından azad edilib.

Horadiz əməliyyatının müvəffəqiyyətlə nəticələnməsi düşmənin Murov, Ağdam, Kəlbəcər və digər istiqamətlərdə irəliləməsinin qarşısını aldı. Çünki Horadiz əməliyyatı ilə cənub istiqamətində məğlubiyyətə uğrayan düşmən qüvvələrinin əhəmiyyətli hissəsini burada cəmləşdirməli oldu. Bu isə onlara digər istiqamətlərdə hücum əməliyyatları həyata keçirməyə imkan vermədi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Horadiz əməliyyatında qazandığı uğurlu nəticə düşməni 1994-cü ildə atəşkəs imzalamağa sövq etdi.

Horadiz əməliyyatında Müdafiə Nazirliyi ilə yanaşı Daxili Qoşunlar, Sərhəd Qoşunları və polis qüvvələri iştirak edib. Döyüşlər zamanı ermənilər çox sayda itki verib. Düşmənin onlarla hərbi texnikası, çox sayda silah qənimət olaraq ələ keçirilib.

Bu gün Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin hərbi hissənin zabiti, Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun məzarını ziyarət edib və həmin döyüşlərdə şəhid olmuş yoldaşlarının xatirəsini yad ediblər.

Daha sonra, döyüş iştirakçıları Horadiz əməliyyatının detallarından danışıb.

Azərbaycan Ordusunun qələbəsində ən uğurlu istiqamət Horadiz əməliyyatının davamı kimi qəbul edilməlidir

WhatsApp Image 2023 01 05 at 19.56.47 e1672935791561Horadiz əməliyyatını icra edən 702 saylı hərbi hissənin həmin dövrdəki komandiri polkovnik Şair Ramaldanov bu əməliyyatla bağlı xatirələrini və düşüncələrini bölüşüb: “29 ildir ki, biz Horadiz əməliyyatının ildönümünü qeyd edirik. Hər zaman olduğu kimi, birinci Ulu Öndər Heydər Əliyevin, ondan sonra bizim Milli Qəhrəmanımız Elxan Zülfiqarovun və digər şəhidlərimizin məzarlarını ziyarət etməklə yad edirik. Allah vəfat edən və şəhid olan yoldaşlarımıza rəhmət etsin.

İkinci Qarabağ müharibəsindən sonra, biz ( Horadiz əməliyyatı iştirakçıları – red.) birinci dəfədir ki, görüşürük. Həmişə bu zəfər gününü arzulayırdıq və gözləyirdik. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhəbərliyi altında Azərbaycan Ordusu qələbə qazandı. Ən uğurlu istiqaməti isə Horadizin davamı kimi qəbul etmək lazımdır. Çünki Murov və Ağdərə istiqamətində taktiki əməliyyatlar olsa da, əsas üstünlük cənub istiqamətinə verildi”.

Ş.Ramaldanov Birinci Qarabağ müharibəsində ordunun qarşısında duran çətinliklərdən, təminat məsələlərindən və silah-sursat çatışmazlıqlarından danışıb və Horadiz əməliyyatında qazanılan qələbənin böyük şücaət nəticəsində əldə olunduğunu bildirib.

“Hərbi hissəmiz komplektləşdirildikdən sonra, Seyfəli Çöl Təlim Mərkəzində yenidən təlim keçdi. Həmin döyüşlərdə bu təlimin rolu da göründü. Ancaq ən böyük şücaət və əməl bizim daxilimizdə olan vətənpərvərlik hissi idi. Baxmayaraq ki, silah-sursatımız çatmırdı, artilleriya atəş dəstəyi üçün yetərli qədər mərmi ilə təmin olunmamışdı, ancaq bu əməliyyat qızıl hərflər ilə Azərbaycanın hərb tarixinə yazıldı.

Mən hər birinizə minnətdaram. Çünki mənim xəritədə çəkdiyim planlar, izlər və istiqamətlər sizin canınızın, qanınızın bahasına həyata keçirilib. Siz məni uğurlu komandirlərdən etmisiniz”, – deyə Şair Ramaldanov döyüş yoldaşlarına bildirib.

Horadiz əməliyyatı nəticəsində düşmən atəşkəs müqaviləsi imzalamağa məcbur olub

Zahir Həsənov

Qazi Zahir Həsənov

Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Horadiz əməliyyatı zamanı 702-ci hərbi hissənin tabor komandiri olmuş, qazi Zahir Həsənov POLİQON-a bu əməliyyatın vacibliyindən danışıb. O bildirib ki, Horadiz əməliyyatı nəticəsində düşmən atəşkəs müqaviləsi imzalamağa məcbur olub.

“1994-cü il yanvar ayının 5-i səhər saat 07:10-da alınan əmrlə Horadiz əməliyyatı başladı. Bu əməliyyatdan çox şey asılı idi. Əməliyyat bir neçə saat davam etsə də, biz artıq 22 kənd və 1 qəsəbəni işğaldan tam azad etmişdik. Bu da ümumilikdə 30 min hektardan çox sahənin düşmən tapdağından azad olması demək idi. Lələtəpə yüksəkliynə qədər olan ərazilər işğaldan azad edldi”, – deyə Z.Həsənov vurğulayıb.

Z.Həsənov Horadiz əməliyyatından sonra, Füzuli rayonunun daha bir neçə kəndinin erməni işğalından azad edilməsi üçün uğurlu əməliyyat keçirdiklərini diqqətə çatdırıb.

“1994-cü il yanvarın 7-də 702-ci hərbi hissənin 2-ci motoatıcı batalyonu Aşağı Seyidəhmədli kəndinə hücum etdi və bu əməliyyatı da qələbə ilə başa çatdırdıq. Yanvarın 9-da Aşağı Əbdürrəhmanlı kəndinə hücum edərək oranı düşməndən azad etdik. Yanvarın 11-də isə Yuxarı Seyidəhmədli kəndi istiqamətində hücum əməliyyatını davam etdirərək Yuxarı Seyidəhmədli və Aşağı Seyidəhmədli kəndləri arasında yerləşən yüksəkliyi ələ keçirib orada möhkəmləndik. Bu əməliyyatlar yanvarın 14-dək davam edib. Həmin tarixdən sonra, Azərbaycan Sillahlı Qüvvələrinin bu istiqamətdə qələbəsi olmayıb. Həmin ilin mart ayında Aşağı Seyidəhmədli və Lələtəpə düşmən tərəfindən yenidən işğal edidi, Aşağı Əbdürrəhmanlı kəndi neytral zonaya çevrildi”, – deyə Z. Həsənov bildirib.

Z.Həsənov Horadiz əməliyatının bir neçə göstəricilərinin olduğunu deyib: “Bunlardan biri düşmən Murov və Ağdam istiqamətində qələbə qazandığı üçün əməliyyata tez başlamağımız idi. Nəticədə düşmən həmin ərazidə irəliləyə bilmədi. Çünki bu istiqamətdə məğlubiyyətə doğru gedirdi. Ona görə bütün qüvvələrini bizim qarşımıza çəkdi. Horadiz əməliyyatı Azərbaycan xalqının mübarizə əzmini və inamını bir daha göstərdi. Bu əməliyyat düşməni düşünməyə və atəşkəsi imzalamağa məcbur etdi. Horadiz əməliyyatının da əsas məqsədi bundan ibarət idi”.

Z.Həsənov qeyd edib ki, Horadiz əməliyyatında Azərbaycan Silahlı Qüvvələrinin 11 minə yaxın əsgər və zabiti iştirak edib: “Həmin əsgər və zabitlərin hamısına öz minnətdarlığımı bildirirəm. Bu qələbənin qazanılmasında iştirak etdikləri üçün onlara çox sağol deyirəm. Mən və mənim əsgərlərim, komandirim,  Ali Baş Komandanım buradan qalib çıxdıq və qalibik. Düşmən atəşkəsə qol çəkdikdən sonra, Azərbaycan ordu quruculuğuna başaldı və ordunu yenidən silahlandırdı. Nəticə etibarı ilə 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 gün müddətində torpaqlarımızı işğaldan tam azad etdi. Bu qələbə xalqımızın, ordumuzun, dövlətimizin və ölkə başçımızın vəhdəti nəticəsində əldə olundu. Eşq olsun Azərbaycan xalqına, ordusuna, dövlətinə və Ali Baş Komandana ki, bizi qələbəyə apardı”.

Horadiz əməliyyatı İkinci Qarabağ müharibəsində zəfərin qazanılmasında vacib əhəmiyyət kəsb edir

uzeyirceferov

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov

702 saylı hərbi hissənin komandir müavini, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu əməliyyyatın əhəmiyyətindən danışıb və şəhid olan bütün hərbçilərə Allahdan rəhmət diləyib: “Bizim üçün Horadiz əməliyyatında kim iştirak edibsə hamısı əzizdir və dəyərlidir. Komandiri komandir və uğurlu edən onun əsgərləridir, şəxsi heyətidir. Ona görə mən öz adımdan və burada iştirak edə bilməyənlərin adından Horadiz əməliyyatının iştirakçılarına minnətdarlığımı bildirmək istyirəm.

Gələn il Horadiz əməliyyatının 30 illiyidir. Biz bunu elə qeyd etməliyik ki, Horadiz əməliyyatı yadda qalan bir tarix olsun. Birinci Qarabağ müharibəsində Horadiz əməliyyatı nəticəsində qazanılan bu qələbə İkinci Qarabağ müharibəsində zəfərin qazanılmasında vacib əhəmiyyət kəsb edir. Hər bir döyüşün öz yeri var. Ancaq, o, dövrdəki təminat və şərait ilə 44 günlük Vətən müharibəsi arasında çox fərq var. Hazırda imkanlar çox genişdir. Biz öz briqadamız ilə fəxr etməli və onun adını daima yaşatmalıyıq”.

Poliqon.az

CATEGORIES
TAGS