“Hürkuş-C” təyyarələrinin ixrac ediləcəyi ölkənin adı açıqlanıb
Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən 12 ədəd “Hürkuş-C” təlim-döyüş təyyarəsi Nigerə tədarük ediləcək.
“Poliqon”un məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Niger Prezidenti Məhəmməd Bazum arasında telefon danışığı olub.
Prezident Ərdoğan bildirib ki, Nigerin Türkiyədən alacağı “Hürkuş” təyyarələri, “Bayraktar TB2” pilotsuz uçuş aparatları və zirehli texnikalar Niger Ordusunun hərbi və təhlükəsizlik qüvvələrinin imkanlarını artıracaq.
Nigerə satılan “Hürkuş” təyyarəsinin yüngül hücum və silahlı kəşfiyyat missiyalarını da yerinə yetirə bilən “C” versiyası olduğu bildirilib.
Xatırladaq ki, TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bundan əvvəl 12 ədəd “Hürkuş-C” təyyarəsinin xarici ölkəyə ixracı ilə bağlı razılığın əldə edildiyini bildirmişdi.
Türkiyənin TUSAŞ şirkəti tərəfindən “Hürkuş” təlim təyyarəsinin əsasında hazırlanmış “Hürkuş-C” təlim-döyüş təyyarəsi Quru Qoşunları və Jandarma Baş Komandanlığının yüngül hücum təyyarəsi ehtiyaclarının qarşılanması üçün yaradırılıb.
Müxtəlif tapşırıqların icrası üçün nəzərdə tutulan “Hürkuş-C” şüşə kabinə kimi tanınan tam rəqəmsal kabinəyə sahibdir. “Hürkuş-C” bu imkanlarına görə sinfinin ən müasir təyyarələrindən hesab olunur. Təyyarə silahlardan əlavə elektro-optik kameralar, özünü qoruma sistemlərinə və müasir avionikaya sahibdir.
Yeddi ədəd xarici yük asmasına sahib təyyarə 1500 kq-dək ağırlıqda döyüş sursatı daşıyır və havada 4 saata yaxın qala bilir. Təyyarənin silahlanmasına Türkiyə istehsalı olan HGK-3, KGK-82, Cirit, UMTAS ağıllı döyüş sursatları, 12.7 pulemyot və ya 20 mm top daxildir.
2017-ci ilin aprel ayında TUSAŞ şirkəti “Hürkuş-C” təyyarəsindən ilk dəfə ROKETSAN şirkətinin istehsalı olan L-UMTAS raketi ilə sınaq atışlarının həyata keçirildiyini açıqlayıb. 2019-cu ilin mart ayının sonlarında isə təyyarədən TÜBİTAK SAGE tərəfindən yardılmış “Toqan” adlı döyüş sursatının atış sınağı keçirilib.