SərgilərXəbərlər

IAI yeni “HawkGuard” antidron sistemini təqdim edib

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti ABŞ-da keçirilən AUSA 2026 sərgisində yeni “HawkGuard” antidron sistemini təqdim edib.

IAI-dən “Poliqon”a verilən məlumata görə, yeni sistem PUA-lardan və digər hava təhdidlərindən müdafiənin əlavə qatını təmin etməklə şirkətin çoxqatlı antidron müdafiə arxitekturasını genişləndirir.

IAI şirkətinin prezidenti və baş direktoru Qay Bar Lev bildirib ki, qüvvələrin mühafizəsinin gələcəyi getdikcə daha müxtəlif və dəyişən hava təhdidlərinə sürətli və effektiv cavab vermək qabiliyyətindən asılı olacaq: “IAI olaraq məqsədimiz qüvvələri bütün təhdid spektrindən qoruyan, çoxqatlı və çevik müdafiə arxitekturası təqdim etməkdir. “HawkGuard” dronların yaratdığı artan təhdidə qarşı mübarizə aparmaq üçün kinetik zərərsizləşdirmə imkanını əlavə etməklə bu məqsədə doğru atılan daha bir addımdır”.

IAI-nin çoxqatlı antidron arxitekturasına qabaqcıl aşkarlama, identifikasiya, komanda-idarəetmə, elektron müharibə və ələkeçirmə imkanları daxildir. Müxtəlif sensorları və təsir vasitələrini tapşırığın tələblərinə uyğun birləşdirmək üçün nəzərdə tutulan bu arxitektura dəyişən hava təhdidlərinə qarşı əlaqələndirilmiş cavab tədbirlərini həyata keçirməyə imkan verir.

“HawkGuard” bu arxitekturaya yeni kinetik ələkeçirmə imkanları əlavə edir. Sistemin əsasını radar və elektro-optik sensorlar, aşkarlama və idarəetmə üçün süni intellekt əsaslı komanda-idarəetmə sistemi, eləcə də düşmən hava hədəflərini birbaşa kinetik toqquşma yolu ilə zərərsizləşdirmək üçün nəzərdə tutulan tutucu dronlar təşkil edir. Sistem partlayıcı döyüş başlığından istifadə etmir. Bu yanaşma ənənəvi partlayış və ikinci dərəcəli təsirlərdən yayınmaqla əlavə ələkeçirmə variantı təqdim edir.

IAI-nin icraçı vitse-prezidenti və “ELTA Systems” şirkətinin baş direktoru Dror Bar vurğulayıb ki, müasir hava təhdidləri şəraitində təhlükəyə, tapşırığa və əməliyyat mühitinə sürətlə uyğunlaşa bilən həllər tələb olunur. “HawkGuard” operatorlara daha geniş çoxqatlı müdafiə konsepsiyası çərçivəsində əlavə vasitə təqdim edir və dronlara, eləcə də müəyyən ərazilər üçün təhlükə yaradan digər hava hədəflərinə qarşı çevik və sərfəli mübarizə imkanı yaradır.

Kompakt və modul arxitektura əsasında hazırlanan “HawkGuard” zirehli və digər mobil platformalarda, həmçinin sabit obyektlərin, strateji infrastrukturun və dənizdə yerləşən obyektlərin mühafizəsində istifadə oluna bilər.

“HawkGuard” sistemi bu yaxınlarda bir sıra uğurlu sınaqları tamamlayıb. Sınaqlar zamanı sistem müxtəlif PUA təhdidlərini aşkarlamaq, izləmək və zərərsizləşdirmək qabiliyyətini nümayiş etdirib. Bu nəticələr dronların sürətlə yayılması və müasir döyüş meydanının dəyişən tələbləri fonunda IAI-nin çoxqatlı PUA əleyhinə müdafiə imkanlarının daha da inkişaf etdirilməsinə töhfə verir.

Back to top button