IDEF-2021 sərgisində vacib müqavilələrin imzalanması gözlənilir

25-28 may 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2021 XV beynəlxalq müdafiə sərgisininə hazırlıqlar davam edir.
Bu barədə “Poliqon”a sərginin təşkilat komitəsindən məlumat verilib.
IDEF-2021 beynəlxalq müdafiə sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.
Türkiyə Respublikası Prezidentinin himayəsi altında, Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçiriləcək IDEF-2021 sərgisində başda Türkiyə olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək.
Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək. IDEF-2021 sərgisində önəmli yeni müqavilələrə imza atılacaq. Bu il 100-dən artıq imza mərasimi, toplantı və təqdimat gözlənilir.
Məlumatda, IDEF-2021 sərgisinə qatılacaq iştirakçıların və heyətlərin sağlamlığını təmin etmək üçün Covid-19 pandemiyasına qarşı vacib olan bütün tədbirlərin görüldüyü bildirilib.
Qeyd edək ki, 2015-ci ildən “Poliqon” (“Azeri Defence”) jurnalı IDEF sərgisində media tərəfdaş qismində təmsil olunur.




