IDEF-2023: STM sərgidə yeni və müasir məhsullarını nümayiş etdirəcək
STM şirkəti 25-28 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2023) özünün yeni və müasir məhsullarını nümayiş etdirəcək.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, bu məhsullar arasında şirkətin dəniz layihələri və taktiki mini pilotsuz uçuş aparatları (PUA), eləcə də Divar Arxası Radar (DAR) sistemi yer alır.
Dəniz layihləri çərçivəsində STM-in üstün mühəndislik imkanları ilə hazırlanmış bir çox platforma ziyarətçilərə təqdim olunacaq. Sərgidə şirkətin konstruktoru və əsas podratçısı olduğu, naviqasiya sınaqlarına yeni başlanan Türkiyənin ilk milli freqatı TCG İSTANBUL (F-515), IDEF-in keçiriləcəyi Böyükçəkməcədə lövbər salacaq.
TCG İSTANBUL-dan başqa, MİLGEM layihəsi əsasında hazırlanan “Ada” sinifli korvet, kiçik ölçülü STM500 sualtı qayığı, Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT), STM-MPAC hücum kateri və STM sahil mühafizə gəmiləri kimi digər dəniz platformaları da sərgidə ziyarətçilərə təqdim olunacaq.
Pilotsuz və ağıllı sistemlər sahəsində qabaqcıl məhsullar malik STM şirkəti IDEF-2023-də KARGU, TOGAN, BOYGA, ALPAGU və ALPAGUT PUA-larını nümayiş etdirəcək.
STM-in IDEF-də sərgiləcəyi məhsullar arasında yer alan Divar Arxası Radar (DAR) sistemi cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan 50-dən çox insanın xilas edilməsinə imkan verib.