İlham Əliyevin tapşırığı ilə FHN-in 400 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb – YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 400 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyəti daxildir.
Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
***
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir.
Bu barədə “Poliqon”a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.