ABŞ Ordusu MRC “Typhon” raket kompleksinin sınaqlarını keçirəcək

ABŞ Ordusu MRC “Typhon” raket kompleksinin sınaqlarını keçirəcək

ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunları üçün perspektivli raket silahlarının hazırlanması davam edir və Pentaqon bu istiqamətdə uğurları ilə bir daha öyünür.

“Poliqon” xəbər verir ki, ABŞ Ordusu MRC “Typhon” çoxməqsədli raket kompleksinin sınaq atışlarına hazırlaşır. Hazırda qəbul sınaqlarının keçirilməsi üçün təhvil alınan ilk batareya dəsti yeni vasitələri mənimsəmək mərhələsindədir. İlk buraxılışların bu il ərzində həyata keçirilməsi planlaşdırılır.

İlk dəst

İlk sınaq MRC (Mid-Range Capability) kompleksinin təhvil verilməsi və qəbulu ilə bağlı rəsmi elan 2022-ci ilin dekabr ayının 3-də olunub. Texnikaların təhvil verilməsi mərasimi Quru Qoşunlarının bazalarından birində təntənəli şəkildə baş tutub. Tədbir zamanı komandanlıq nümayəndələri bu çatdırılmanın böyük əhəmiyyətindən danışıb, həmçinin layihənin işlənməsinin sürətini qeyd ediblər. MRC kompleksinin yaradılması üzrə işlərə 2020-ci ilin iyulunda başlanılıb və iki il yarımdan az müddətdə ordu hazır məhsulları əldə edib.

İlk MRC batareyasına komanda məntəqəsi və yarımqoşqularda dörd buraxma qurğusu, dartıcılar dəsti, həmçinin nəqliyyat və müxtəlif təyinatlı dəstək maşınları daxildir. Ordu sınaq kompleksi üçün hələlik sursat almayıb – onların çatdırılması yalnız yaxın gələcəkdə gözlənilir.

ABŞ Ordusu gələcək iş planını da açıqlayıb. Yeni texnika raket qüvvələrinin bölmələrindən birinə veriləcək (hansı bölmə olduğu dəqiqləşdirilməyib). 2022-ci il dekbrın 25-dən sonra şəxsi heyətin hazırlanmasına və kompleksin, onun vasitələrinin mənimsənilməsinə başlanılıb. Bu proses tamamlandıqdan sonra ilkin sınaqlar döyüş birləşməsinin bazasında keçiriləcək.

Ordu ilk sınaq buraxılışlarını həyata keçirəmək üçün lazımi raketləri cari il ərzində alacaq. Sınaq atışlarının nəticələrinə əsasən, MRC kompleksi silahlanmaya qəbul və döyüş növbəsinə keçirilməsi üçün tövsiyə olunmalıdır. Bu batareyanın ilkin əməliyyat hazırlığı 2023-cü ilin oktyabr ayından gec olmayaraq əldə edilməlidir.

Uzaq gələcək üçün planlar hələlik dəqiqləşdirilməsə də, aydındır ki, MRC məmulatları kütləvi istehsal mərhələsinə keçəcək. Bununla da bəzi hərbi hissə və birləşmələrin yenidən silahlandırılması prosesi başlayacaq. Paralel olaraq ordu başqa imkanlara malik digər quru raket komplekslərini də əldə edəcək.

Bildirilir ki, MRC kompleksi Quru Qoşunlarına bir neçə onilliklər ərzində yox olan bəzi döyüş imkanlarını bərpa etməyə kömək edəcək. Beləliklə, yerüstü bazalanmalı orta mənzilli raketlər yenidən silahlanmaya daxil olacaq. ABŞ Ordusunda belə sistemlər artıq var idi. Lakin keçən əsrin 80-ci illərin sonunda SSRİ-ABŞ müqaviləsinin (08.12.1987-ci il tarixli “Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə” – Intermediate-Range Nuclear Forces Treaty, IRNFT, Ə.Ə.) şərtlərinə əsasən onlardan imtina edilib. Bu yaxınlarda (02.08.2019-cu il, Ə.Ə,) müqavilə ləğv olundu və Pentaqon əvvəllər qadağan edilmiş yeni silahlar yaratmağa başladı.

Kompleksin vasitələri

Müxtəlif döyüş sursatları ilə uyğunlaşan və geniş döyüş qabiliyyətinə malik perspektivli yerüstü raket kompleksinin yaradılması imkanlarının öyrənilməsinə keçən onilliyin sonunda başlanılıb. Sonra “Lockheed Martin” konserni bu cür tam hüquqlu bir layihə hazırlamaq üçün sifariş alıb. İşlərə 2020-ci ildə start verilib və MRC kodu altında həyata keçirilib. Layihəyə “Typhon” adı da verilib.

Komandanlıq qeyd edir ki, MRC kompleksinin inkişafı bir az vaxt aparıb. Hazır komponentlərin və məmulatların, o cümlədən ən vaciblərinin geniş istifadəsi sayəsində layihənin bütün mərhələlərini sürətləndirmək mümkün olub. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrində (HDQ) geniş istifadə olunan gəmi bazalanmalı raket kompleksləri aqreqatların əsas mənbəyinə çevrilib.

Belə ki, yerüstü buraxma qurğusu Mk 41 (Mark 41 Vertical Launching System, Ə.Ə.) unifikasiya edilmiş gəmi atəş kompleksinin komponentləri əsasında qurulub. Atəşi idarəetmə sistemində gəminin “Aegis” döyüş məlumat və idarəetmə sisteminin (“Aegis” combat system, Ə.Ə.) aparat və proqram təminatından istifadə olunur. Bundan başqa, bir neçə mövcud seriyalı istehsal edilən raketlərdən istifadə olunur və döyüş sursatlarının çeşidi genişləndirilə bilər.

MRC buraxma qurğusu özündə Mk 41 qurğusundan dörd standart hüceyrənin yerləşdiyi qaldırma mexanizmi olan yarımqoşqunu tərənnüm edir. Onlara müxtəlif növ raketli nəqletmə-buraxma konteynerləri (NBK) yüklənir. Qurğu xarici təsirlərdən hərəkətli üst qapağı olan gövdə vasitəsi ilə qorunur. Eləcə də, qurğu üçün nəqletmə-doldurma modulu da hazırlanıb. Bu halda, bir yarımqoşquda raket olan səkkiz NBK və buraxma qurğusuna yenidəndoldurma avadanlığı (kran-manipulyator qurğusu, Ə.Ə.) yerləşdirilir.

“Typhon” kompleksinin əsas silahı mövcud modifikasiyalarda “Tomahawk” qanadlı raketi olacaq. Modifikasiyadan, uçuş proqramından və s. asılı olaraq, belə raketlər ən azı 1500-1600 km məsafədə stasionar hədəfləri vurmağa qadirdir. Müvafiq olaraq, “Tomahawk” qanadlı raketi ilə “Typhon” kompleksi orta mənzilli komplekslər kateqoriyasına keçir.

Ordunun MRC kompleksini hipersəsli “yer-yer” raketləri ilə təchiz etmək üçün hələ dəqiq planları yoxdur, lakin belə bir ehtimalı istisna etmir. Müvafiq qərar qəbul edilərsə, o zaman yerüstü kompleks çox güman ki, gəmilər üçün yaradılmış hipersəs silahlarını alacaq.

Maraqlıdır ki, kompleks təkcə zərbə qabiliyyətinə malik olmayacaq. Beləliklə, 2024-cü maliyyə ilində və ya daha sonra Pentaqon MRC kompleksini SM-6 zenit idarə olunan raketinin (ZİR) növbəti Block 1B modifikasiyası ilə silahlandırmağı planlaşdırır. ZİR-in bu versiyası hipersəs sürəti və ən azı 700-740 km məsafə qət etməsi ilə seçiləcək. Kompleksin HDQ-nin “standart” seriyasından olan digər zenit raketlər ilə təchiz ediləcəyini istisna etmək olmaz.

“Orta mənzilin imkanları”

ABŞ Ordusu ilk MRC batareya dəstini alıb və tədarüklər yaxın gələcəkdə də davam edəcək. İkinci batareyanın nə qədər tez qurulub təhvil veriləcəyi hazırkı mənimsəmə prosesindən və gələcək sınaqlardan asılıdır. Qurulacaq texnikaların ümumi sayını isə öz növbəsində komandanlıq təyin edəcək.

Keçən il Pentaqon Quru Qoşunlarının MRC komplekslərinin ən azı 4-5 divizionuna ehtiyac olduğunu bildirib. Hər belə birləşməyə hər birində dörd buraxma qurğusu olan üç raket batareyası daxil olacaq. Mobil icra, kompleksləri məsul ərazilərə sürətlə köçürməyə və zərbələr həyata keçirməyə və ya müdafiə təşkil etməyə imkan verəcəkdir. Bir batareya eyni vaxtda döyüş növbətçiliyində 12 müxtəlif növ raket saxlaya bilir.

MRC “Typhon” kompleksi digər perspektiv texnika və silahlarla birlikdə raket qüvvələrinin perspektiv silah sistemində istifadə olunacaq. O, digər iki yeni raket kompleksi arasında aralıq mövqe tutacaq və döyüş tapşırıqlarının bir hissəsini öz üzərinə götürəcək.

Beləliklə, 500 km-ə qədər olan məsafələrdə ordu M270 və ya M142 qurğularından buraxılan yeni PrSM ballistik raketindən istifadə etməli olacaq. Gələcəkdə PrSM məsafəsinin 750-1000 km-ə qədər artırılması planlaşdırılır. “Typhon” kompleksində olduğu kimi bu cür silahların ortaya çıxmasına IRNFT müqaviləsinin olmaması kömək edir.

500-1000-dən 1500 km və ya daha çox məsafədə atəş tapşırıqları “Tomahawk” raketi ilə perspektiv MRC kompleksi tərəfindən yerinə yetiriləcəkdir. Gələcəkdə onun məsuliyyət sahəsi yeni döyüş sursatlarının, o cümlədən hipersəs raketlərin inteqrasiyası səbəbindən arta bilər. Eyni zamanda o, nəinki yer hədəflərinə hücum edə, həm də digər quru sistemlərini tamamlayaraq hava hücumundan müdafiədə də iştirak edə biləcək.

Eləcə də LRHW (Long-Range Hypersonic Weapon, Ə.Ə.) “Dark Eagle” hipersəs raketli yerüstü kompleksin inkişafı da davam edir. O, ən azı 2775 km məsafədəki hədəflərə hücum edə biləcək. Eyni zamanda, artan uçuş xüsusiyyətlərinə sahib yeni döyüş sursatı daha mürəkkəb atəş tapşırıqları üçün həll təmin etməli olacaq və bəzi yeni imkanlar da verəcəkdir.

Maraqlıdır ki, “orta mənzilli” MRC raket kompleksi hipersəs LRHW kompleksindən daha yüksək prioritet inkişaf hesab olunur. Mövcud raketlərdən istifadə etməklə, “Typhon” sisteminin istehsalı və istismarı daha asan və daha ucuz olacaq. Bundan başqa, tətbiqdə daha çox çeviklik əldə ediləcək. Bununla birlikdə, MRC kəmiyyət və yayılma baxımından daha sadə və daha ucuz PrSM raketindən geri qalacaq.

Yeni mərhələlər

Beləliklə, perspektivli MRC “Typhon” raket kompleksinin inkişafı başa çatıb və layihə yeni mərhələyə qədəm qoyur. Şəxsi heyət yeni texnikaya yiyələnməli və sınaq raket buraxılışları həyata keçirməli olacaq. Əgər bütün sınaqlar problemsiz və ləngimədən keçərsə, o zaman 2023-cü maliyyə ilinin sonuna qədər raket kompleksi rəsmi olaraq silahlanmaya girməli və ilkin əməliyyat hazırlığına çatmalı olacaq.

Paralel olaraq, sənaye yeni texnikanın kütləvi istehsalını hazırlayacaq və 2023-cü maliyyə ilindən sonra növbəti batareyalar Pentaqona təhvil veriləcək. Beş divizion üçün komplekslərin qurulması daha bir neçə il çəkəcək və bundan sonra ABŞ Ordusu arzu olunan “orta mənzilli imkanları” əldə edəcək. Bütün cari hədəfləri planlaşdırılmış müddətlərdə yerinə yetirmək və bütün arzu olunan silah növlərini əldə etməyin mümkün olub-olmayacağını zaman göstərəcək.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS