İlqar Mirzəyevin və Albert Aqarunovun anım mərasimi keçirilib

2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Mayın 8-də keçirilən anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqların azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliydən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.
Çıxışlarda İlqar Mirzəyev kimi vətənpərvər oğulların Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı, onun kimi igidlərin qəhrəmanlığının gənc nəslə örnək olduğu vurğulanıb.
Həmçinin, 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan igid tankçı Albert Aqarunovun da anım mərasimi keçirilib.
Nazirliyin bir qrup hərbi qulluqçusu Milli Qəhrəmanın məzarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Milli Qəhrəmanın ailə üzvlərinə nazirliyin rəhbərliyi adından başsağlığı çatdırılıb və igid döyüşçü Albert Aqarunov kimi Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu vurğulanıb.
Müdafiə Nazirliyin hərbi qulluqçularının, şəhidin ailə üzvlərinin, Dağ Yəhudiləri Dini İcması üzvlərinin, qəhrəmanın döyüşçü yoldaşlarının və digərlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.
Milli Qəhrəmanın ailə üzvləri də öz növbəsində igid döyüşçünün xatirəsini daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.





