Xəbərlər

İndoneziya X18 zirehli qayığın sınaqlarına başlayıb

İndoneziya müdafiə sənayesi “X18 Tank Boat” baş artilleriya zirehli qayığının inşasını başa çatdırıb.

“Poliqon” xəbər verir ki, “X18 Tank Boat” haqqında ilk dəfə 2012-ci ildə bəhs edilib.

2015-ci ildə isə, növbəti bir tədbirdə, gücləndirilmiş silah kompleksi ilə təchiz olunan “X18 Fire Support Vessel” maketi təqdim edilib, əsas taktiki və texniki xüsusiyyətləri açıqlanıb.

“X18 Tank Boat” zirehli qayığın inşasına 2016-cı ilin əvvəlində başlanıb. Ehtimal olunur ki, texnoloji və iqtisadi xarakter daşıyan bir sıra səbəblərə görə baş qayığın inşası və təchizatı yalnız indi başa çatıb.

Bu ilin aprelin 28-də bir neçə illik layihələndirmələrdən sonra İndoneziyada “PT Lundin” şirkəti tərəfindən “Antasena X18” tank-qayığının yürüş sınaqlarına başlanıb.

İndoneziya Müdafiə Nazirliyinin şirkətdən bir qayıq aldığı və sınaqların uğurlu keçəcəyi təqdirdə “bütün partiyaları satın almağı” planlaşdırdığı məlumdur.

X18 layihəsi, uzunluğu 18 m, eni 6,6 m olan, normal suyabatması 1 m olan katamaran qayığının inşasını təklif edir. Balistik mühafizəyə malik qayıq müxtəlif növ top və pulemyot silahlarını, həmçinin desant daşıya bilir. Çaylarda və dənizlərin sahil zonasında geniş tapşırıqlar dairəsini yerinə yetirmək üçün təyin edilib.

Qayıq, hər biri özünə məxsus suitələyici ilə işləyən 1200 at gücündə iki MAN dizel mühərriki ilə təchiz edilib. Bildirilən maksimum sürət 40 düyündür. Yanacaq sisteminə 5 min litrlik çənlər daxildir, bu da qənaətli 10 düyün sürətdə 450 millik gedişi təmin edir.

Layihənin ilkin materiallarına görə, zirehli qayıq, “CMI Defence” şirkəti tərəfindən istehsal olunan 105 mm yivli lüləli top və normal çaplı pulemyot quraşdırılmış “Cockerill” XC-8 105HP döyüş modulunu daşımalı idi. Belə bir qüllənin damına 12,7 mm-lik iriçaplı pulemyotlu əlavə “Lemur RWS” modulu quraşdırılır.

Layihənin tamamlanması zamanı baş qayığa daha az güclü silahlar quraşdırılıb. Üst quruluşunun damında, Bushmaster Mk 44 avtomatik topu və normal çaplı pulemyotla silahlandırılmış CMI Cockerill 3030 məsafədən idarə olunan döyüş modulu quraşdırılıb. Qayıq ayrıca açıq turellərdə yerləşdirilmiş əllə idarə olunan iki ədəd M2 pulemyotu da alıb.

Layihə naviqasiya, rabitə və s. üçün bir sıra radioelektron vasitələrin quraşdırılmasını təmin edir. Bütün növ döyüş modulları özünün opto-elektronik blokları ilə təchiz olunub və qorunan həcm içərisindəki uzaqdan idarəetmə pultundan idarə olunur.

Əhəd Əzizov

Poliqon.az

Back to top button