İndoneziyanın itkin düşən sualtı qayığında oksigen ehtiyatı tükənib

İndoneziya Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus “KRI Nanggala-402” sualtı qayığın axtarışları davam edir.
“Poliqon” İndoneziya mediasına istinadla xəbər verir ki, HDQ-nin admiralı Yudo Marqononun sözlərinə görə, itkin düşən sualtı qayığın oksigen ehtiyatı yerli vaxtla təqribən gecə saat 3:00 radələrində tükənib və bununla da heyətin həyat fəaliyyəti başa çatıb.
İlkin məlumatlara görə, itkin düşən qayığın Bali adasının şimal sahillərindən 90 kilometr məsafədə olduğu güman edilir.
Son məlumatlara görə, xilasedicilər təqribən 50-100 metr dərinlikdə elektromaqnit dalğalar qeydə alıblar və bunun itmiş sualtı qayığa məxsus olduğu güman edilir. Bundan başqa, İndoneziya Müdafiə Nazirliyi sualtı qayığın itdiyi ərazidə yanacaq ləkəsinin aşkar edildiyini bildirib. Onun qəzaya uğrayan sualtı qayıqdan sızdığı ehtimal olunur.
Hazırda axtarış-xilasetmə əməliyyatında İndoneziyanın 20-dək, həmçinin Sinqamur hərbi dəniz qüvvələrinin bir gəmisi iştirak edir. Avstraliya və ABŞ da öz gəmiləri ilə axtarışlarda iştirak edəcək.
Qeyd edək ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya HDQ-yə məxsus sualtı qayıqla əlaqə kəsilib. Qəza zamanı qayığın göyərtəsində 53 nəfər olub. Sualtı qayıq Bali yaxınlığında torpeda buraxılışı ilə əlaqədar hərbi təlimlərdə iştirak edirmiş.
Almaniya istehsalı olan “KRI Nanggala 402” sualtı qayığı döyüş torpedaları ilə atəş açmağa hazırlaşırmış. Lakin suyun altına endikdən sonra qayıqla əlaqə kəsilib. Qayığın təqribən 600-700 metr dərinlikdə batdığı güman olunur.




