İordaniya B1 “Centauro” təkərli tanklarını təkmilləşdirib

İspaniyalı mütəxəssislər klassik tankları əvəz etmək məqsədi ilə İordaniya ordusu üçün B1 “Centauro” təkərli tanklarını təkmilləşdirib.
Bu barədə “Poliqon” “Army Recognition”a istinadən xəbər verib.
İordaniya Ordusunun rəhbərliyi klassik tırtıllı tankların fiziki sıradan çıxmasını, daha doğrusu çıxdaş olmasını nəzərə alaraq İspaniyanın SDLE şirkətinə “təkərli tankların” təkmilləşdirilməsi barədə sifariş verib. Sifariş əsasında 2018-ci ilin noyabr ayında 80 ədəd zirehli maşının təkmilləşdirilməsi və onlara servis xidmətinin göstərilməsi barədə İordaniya Müdafiə Nazirliyi ilə SDLE şirkəti arasında müqavilə imzalanıb. Müqavilə icra olunmuş və nəticədə İordaniya ordusu, 105 millimetrlik tank topu ilə silahlanmış 80 ədəd təkmilləşdirilmiş B1 “Centauro” zirehli maşın əldə edib.
İordaniya ordusu artıq təkmilləşdirilmiş “təkərli tanklar”ın silahlanmaya daxil edilməsi ilə əlaqədar rəsmi mərasim də keçirib.
B1 “Centaruo” təkərli tankları İordaniya ordusuna təhvil verilməzdən əvvəl, SDLE şirkətindən olan podratçılar, yeni atəşi idarəetmə sistemi və termal kameralar quraşdırmaqla tankları təkmilləşdirmişlər. İspan podratçılar zirehli maşınların təkmilləşdirilməsini birbaşa İordaniyada həyata keçiriblər.
Qeyd edildiyi kimi, SDLE şirkəti, müqavilə əsasında İordaniya Ordusuna tədarük olunmuş B1 “Centauro” zirehli maşınlarına servis xidməti göstərməyi də öhdəsinə götürüb.
Hazırda İordaniya ordusunun nizami birləşmələrində yalnız 182 ədəd M60 “Phoenix” (ABŞ/İordaniya) tankı qalır və 105 mm tank topu ilə təkmilləşdirilmiş 80 ədəd B1 “Centauro” zirehli döyüş maşınlarının çatdırılması bu ölkənin zirehli tank parkını gücləndirəcəkdir.
Məlumat üçün qeyd edək ki, 8×8 təkər formullu B1 “Centauro” zirehli döyüş maşını İtaliyanın FİAT və OTO Melara şirkətləri tərəfindən İtaliya Müdafiə Nazirliyinin sifarişi əsasında ordunun tələbatını ödəmək məqsədi ilə yaradılıb. Zirehli döyüş maşını 105 mm-lik və ya 120 mm-lik tank topu ilə, həmçinin 2 ədəd 7,62 mm-lik pulemyotla silahlandırılır. Döyüş vəziyyətində kütləsi 25 ton, uzunluğu 7850 mm, eni 2940 mm və hündürlüyü 2730 mm-dir. Lüləsinin uzunluğu 52 çap, döyüş dəsti 40 atəş yığımıdır.
Bəzən döyüş maşınını tank qırıcısı da adlandırırlar.

Əhəd Əzizov




