İordaniya “Hashim” qumbaraatanlarının istehsalına başlayır – FOTO

May ayının 7-dən 10-dək Amman şəhərində keçiriləcək SOFEX-2012 sərgisi çərçivəsində JRESCO şirkətinin Rusiyanın lisenziyası ilə İordaniyada RPG-32 “Hashim” qumbaraatanlarını istehsal edəcək zavodunun açılışı planlaşdırılır. “AzeriDefence”nin İordaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, artıq zavod açılışa tam hazırdır. Müəssisə ildə 60 min ədəd qumbaraatan istehsal etmək gücünə malik olacaq.

Qərb ölkələri və ABŞ-la hərbi sahədə sıx əlaqələr yaratmış İordaniya eyni zamanda Rusiya və Çinlə də yaxşı münasibətlərə malikdir. RPG-32 “Hashim” qumbaraatanı tərəflər arasında hərbi sənaye sahəsində əməkdaşlığın bir nümunəsi sayılır. Hazırda Amman və Moskva perspektivdə bir sıra silah və hərbi texnikaların birgə istehsalı layihələrini nəzərdən keçirməkdədirlər.

İki il əvvəl – SOFEX-2010 sərgisində iştirak edən “Rosoboroneksport” şirkətinin nümayəndə heyətinin rəhbəri Valeri Varlamov media brifinqində bildirmişdi ki, RPG-32 üzrə tərəflər arasında zəruri sənədlər 2010-cu ilin aprelində imzalanıb. Müqavilə çərçivəsində Rusiya İordaniyaya qumbaraatanları istehsal edəcək müəssisənin yaradılmasında və atış testlərinin keçirilməsində texniki kömək göstərəcək. Varlamov həmçinin demişdi ki, bununla yanaşı, tərəflər İordaniya ordusunun M-60 tanklarının şassisi üzərində TOS-1M “Buratino” ağır atəş sistemini (oqnemyot) yaradılması layihəsi üzrə də müzakirələr aparır və ilkin anlaşma mövcuddur.

İordaniya və Meksikadan alınmış sifarişlər üzrə RPG-32 qumbaraatanının ilk nümunəsi 2005-ci ildə hazırlanıb. Sınaqların ardınca, İordaniya ilə 2007-ci ildə bu qumbaraatanların alqı-satqısına dair müqavilə imzalanıb. Müqavilə üzrə çatdırılmalara 2008-ci ildən başlanıb. “Bazalt” şirkəti elə həmin ilin iyununda Parisdə keçmiş “Eurosatory” sərgisində RPG-32-ni hərbi ictimaiyyətə təqdim edib. İordaniyanın ardınca, 2010-cu ildə Rusiya Livan ordusuna 1500 ədəd RPG -32 qumbaraatanının satışını reallaşdırıb.

2010-cu ilin aprel ayında qeyd olunduğu kimi, KADDB və Bazalt arasında RPG-32 Hashim qumbaraatanının JRESCO şirkəti tərəfindən İordaniyada istehsalına dair anlaşma əldə olunub. Rusiyalı mütəxəssislərin iştirakı ilə İordaniyada istehsal olunacaq bu silahı rəsmi Amman digər ölkələrə ixrac etmək səlahiyyəti qazanıb.

Bəs “Hashim” qumbaraatanı analoqlarından nə ilə fərqlənir?

“Hashim”in əsas üstünlüklərindən biri onun analoqlarından fərqli olaraq 72.5 və 105 mm-lik termobarik və tandem mərmilərdən 700 metr məsafəyədək hədəflərə atəş aça bilməsidir. Çoxfunksiyalılığı ilə seçilən bu qumbara buraxılış qurğusu döyüşçüyə rahat şəkildə, bütün vəziyyətlərdə atəş açmağa icazə verən dizayna malikdir. Bununla yanaşı, RPG-32 qumbara buraxılış qurğusu əvvəlki nəsil qurğularla müqayisədə daha az çəkiyə malik olması ilə də fərqlənir. Belə ki, RPG-29 qumbara buraxılış qurğusu ilə müqayisədə onun çəkisi 1,8 kq azaldılıb. Buna baxmayaraq, buraxılış qurğusu analoqları ilə eyni səviyyədə – 200 mərmi atışına hesablanıb.

RPG-32 Hashim qumbaraatanın buraxılış qurğusunun uzunluğu 360 mm, mərmi ilə bir yerdə isə 900 (72 mm-lik mərmi) və ya 1200 mm (105 mm-lik mərmi) təşkil edir. Silahın çəkisi nişangahla bir yerdə 3 kq, döyüş vəziyyətində (kalibr 72/105) çəkiisi 6/10 kq təşkil edir. Qumbaraatan kollimator nişangahla təchiz olunub ki, bu da atıcıya iki gözlə hədəfi müşahidə etmək imkanı yaradır. Silah eyni zamanda optik və termal nişangahla da təchiz edilə bilir.

Qeyd olunduğu kimi, qumbaraatan tandem yığılmış və termobarik qəlpəli-zirehdeşən tipli mərmilərdən atəş aça bilir. Döyüş sursatlarının belə seçimi hədəflərin bütün mövcud növlərini (müasir və perspektivli tanklar, zirehli avtomobillər, istehkam tikintiləri, piyada qoşunu və s.) vurmağa imkan verir. Aparılan testlər zamanı RPG-32-dən atılan mərmi 650 mm-lik polad zirehi deşib.

Dünyada ilk multi kalibrli qumbaratan sayılan RPG-32 105 mm-lik mərmi ilə təxminən 1000 mm qalınlığında, 72 mm-lik mərmi ilə 500 mm qalınlığındakı zirehi deşə bilir. Bu da İsrail tanklarının müasir mühafizə sistemlərini zədələməyə imkan verir.

hashim

hashim (1)

hashim ior

qumb ior

mashim rpg

hasim qumb

CATEGORIES