İran Baş prokurorunun müavini Kamran Əliyevə Tehrandakı səfirliyə hücumun istintaqı ilə bağlı məlumat verib

İran Baş prokurorunun müavini Kamran Əliyevə Tehrandakı səfirliyə hücumun istintaqı ilə bağlı məlumat verib

Avqustun 8-də İran Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyətini qəbul edən Kamran Əliyev ötən il avqustun 30-da İrana səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxslərilə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.

Qəbul zamanı cari il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.

Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamalanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.

Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində nümayədə heyəti prokurorluq və aidiyyəti istintaq qurumlarının istirakı ilə görüşlər keçirərək cinayət işinin istintaqı və digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparacaq.

Poliqon.az

CATEGORIES