
İranla Rusiya arasındakı müqavilənin dəyəri açıqlandı
İrana üçün istehsal olunan S-300 zenit-raket kompleksinin (ZRK) satış məbləği bəllu olub.
“AzeriDefence”nin məlumatına görə, bu barədə istehsalçı şirkət olan “Rostex” Dövlət Şirkətinin baş direktoru Sergey Çemezov jurnalistlərə açıqlama verib.
O deyib ki, əldə olunan razılaşmaya əsasən İran S-300 ZRK-ların satınalmasına görə Rusiyaya 1 milyard ABŞ dolları ödəyəcək.
Xatırladaq ki, Rusiya ilə İran S-300 raketlərinin alqı-satqısı ilə bağlı 2007-ci ildə saziş bağlasalar da qərbin təzyiqindən sonra Rusiya bu sazişin icrasını dayandırmışdı. 2015-cı ilin aprelində isə qərblə yaranan gərginliyi əsas gətirən rəsmi Moskva yenidən S-300-lərin İrana verilməsi ilə bağlı qərar qəbul edib.
Rusiya İranla S-300 hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı saziş imzalayıb.
Bundan sonra İran S-300-lərin alınması ilə bağlı Rusiyaya qarşı məhkəmə iddiasını geri götürüb.
Hazırda məhsulun İrana verilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.



