İraq HHQ JF-17 qırıcısı alacaq

İraq HHQ JF-17 qırıcısı alacaq

İraq Hərbi Hava Qüvvələri (HHQ) Pakistandan 12 ədəd JF-17A “Block 3” qırıcısı almağı planlaşdırır.

“Poliqon” xəbər verir ki, müdafiə sazişi həm İraq, həm də Pakistan hökumətləri tərəfindən təsdiqlənib və gələn ay İslamabadda rəsmi müqavilənin imzalanması gözlənilir.

İddialara görə, artıq İraq hökuməti 12 ədəd JF-17A “Blok 3” qırıcısının alınması üçün 664 milyon ABŞ dolları ayırıb. Qırıcılarla əlaqədar Pakistan və İraq arasında bu il baş tutan bir neçə yüksək səviyyəli danışıqlar, İraq Müdafiə Nazirliyinin HHQ Komandanı müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Pakistanı ziyarəti ilə yekunlaşıb.

Pakistan bu ilin aprel ayında Bağdadda keçirilən “IQDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində İraq rəhbərliyinə JF-17 “Thunder” qırıcılarının imkanlarını nümayiş etdirib. Daha sonra, İraqın müdafiə naziri may ayında Pakistanda səfərdə olub, bu müddətdə Pakistan liderləri və rəsmiləri ilə görüşərək JF-17 “Thunder” qırıcılarının satın alınmasını müzakirə edib. İraq Pakistandan bu qırıcıları alan üçüncü ölkədir.

2016-cı ilin sentyabrında Cənubi Afrikada “Africa Aerospace and Defence” sərgisində Nigeriya və Pakistan arasında 3 ədəd çoxfunksiyalı JF-17 “Thunder” qırıcısının alınması ilə bağlı anlaşma memorandumu imzalanıb. Memorandum əsasında 3 ədəd JF-17 “Thunder” təyyarəsinin yığılması 2020-ci ilin payızında başa çatdırılıb. Bunlar NAF-720, NAF-721 və NAF-722 (seriya nömrələri 2P-60, 2P-61 və 2P-62) nömrəli qırıcılardır.

26 mart 2021-ci ildə müqavilə əsasında Pakistan HHQ-inin İL-76 təyyarəsi ilə Nigeriya HHQ-nin 21-ci aviabazasında ilk çoxfunksiyalı qırıcı JF-17 “Thunder” son istifadəçiləyə təhvil verilib. Son qırıcı təyyarə Pakistandan cari ilin aprel ayının sonunda gəlib (həmçinin bax: Nigeriya HHQ-ə JF-17 döyüş təyyarələri təhvil verilib).

Bu yaxınlarda Argentina Parlamenti özündə 12 ədəd JF-17A “Block 3” qırıcısının alınmasını ehtiva edən 2022-ci il üçün büdcə layihəsini təsdiqləyib. Pakistandan yeni qırıcıların alınmasının dəyəri 664 milyon ABŞ dolları olaraq qiymətləndirilib. Müqavilə üzrə 10 ədəd qırıcı tək yerli versiyada, iki qırıcı isə cüt yerli versiyada təhvil veriləcək (həmçinin bax: Argentina HHQ JF-17A “Block 3” təyyarəsi alır).

JF-17 “Thunder” qırıcıları Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkəti tərəfindən “Pakistan Aeronautical Complex” (PAC) şirkətinin iştirakı ilə hazırlanıb. Çoxfunksiyalı qırıcı Rusiya istehsalı RD-93 mühərrikləri ilə təchiz edilib. Keçən il mühərrikin təkmilləşdirilmiş xüsusiyyətlərə malik RD-93MA versiyasını qurmaq niyyəti barədə xəbərlər yayılıb (həmçinin bax: JF-17 “Block 3” Rusiya, Hindistan və Fransa təyyarələrindən daha üstün hesab olunur).

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS