İrəvan və Nyu-Dehli Ermənistana yeni silah tədarükünü müzakirə edir

İrəvan və Nyu-Dehli Ermənistana yeni silah tədarükünü müzakirə edir

Hindistan Cənubi Qafqazdakı strateji müttəfiqi Ermənistana yeni silah partiyası tədarük etməyi düşünür.

“Poliqon” “The Economic Times” qəzetinə istinadən xəbər verir ki, Ermənistanın yüksək rütbəli nümayəndəsi Nyu-Dehlidə iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanan müqavilələr əsasında həyata keçiriləcək silah tədarükü ilə bağlı danışıqlar aparıb.

Müqavilələrin dəyəri 20 milyard rupi (244.7 milyon ABŞ dolları) təşkil edir. Onlara uyğun olaraq, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan öz inkişafı olan 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərini (YARS), həmçinin tank əleyhinə raketlər və sursat partiyası verib (daha ətraflı: Hindistan Ermənistana silah sistemləri ixrac edəcək). Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.

“Indian Defense Research Wing” onlayn nəşrinin məlumatına görə, cari ilin avqust ayının əvvəlində Hindistanın “Bharat Forge” müdafiə şirkəti 155,5 milyon ABŞ dollarlıq müqavilə çərçivəsində 6 ədəd yedəyə alınan 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib (daha ətraflı: Hindistan Ermənistana 155 mm-lik ATAGS haubitsaları tədarük edib). Müqavilə üç il ərzində bu tipli 90 artilleriya qurğusunun tədarükünü nəzərdə tutur.

Bunlardan başqa, Ermənistan Hindistana 155 mm çaplı MArG 155-BR özüyeriyən artilleriya qurğusu (ÖAQ) da sifariş verib (daha ətraflı: Ermənistan Hindistana MArG 155-BR ÖAQ sifariş verib).

Qeyd edək ki, Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alması barədə xəbərlər ilk dəfə geniş ictimaiyyətə 2022-ci ilin noyabr ayında məlum olmuşdur (daha ətraflı: Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır).

Xatırladaq ki, 2020-ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” (WLR) yerüstü radiolokasiya stansiyasının (RLS) alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Beləliklə, Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS