“İsgəndər”lər Azərbaycanın xeyrinə olan mövcud hərbi balansı dəyişməyə qadir deyil

““İsgəndər” operativ taktiki raket komplekslərinin (OTRK) Ermənistan Ordusuna məxsus olması bir sıra səbəblərdən sual altındadır. Birinci, Rusiya bu OTRK ilə öz ordusunu hələ tam komplektləşdirməyib ki, “İsgəndər”i kənara satsın. Plan üzrə Rusiya ordusunun raket briqadalarının “İsgəndər”lə komplektləşdirilməsi 2020-ci ildə başa çatmalıdır”.
“AzeriDefence”nin məlumatına görə, bu barədə hərbi ekspert Nazim Bayramoov bildirib.
Ekspertin sözlərinə görə, ikinci məqam, Rusiyanın “Raket texnologiyalarına nəzarət” sənədini imzalamış ölkələrdən biri olmasıdır. Sənədə görə istehsalçı ölkələr 300 km məsafədən artıq vuran raketləri xaricə satmamalıdır.
“Xüsusən bu məhdudiyətə görə Rusiya 280 km qədər məsafədə hədəf vuran “İsgəndər-E” (eksport) kompleksinin istehsalını planlaşdırırdı. İki raketi olan və 500 km məsafədə hədəfləri vuran “İsgəndər-M”dən fərqli olaraq, 280 km məsafədə hədəf vurmağa qadir “İsgəndər-E” kompleksində bir raket olur. Rusiya hazırda “İsgəndər-E” OTRK-ləri istehsal edirmi ya yox, dəqiq məlum deyil. İndiyə qədər Rusiyanın xaricə “İsgəndər” kompleksinin satılması barədə məlumat verilməyib. Rusiya bunu nəqd ödənişə başqa dövlətlər üçün etmirsə, bankrot Ermənistan üçün niyə etməlidir, aydın deyil. Əgər Azərbaycanı müharibədən çəkindirmək məqsədi güdülürsə, Rusiyanın Azərbaycana, bahalı “İsgəndər”in ermənilərə kreditlə verilməsindən, daha ciddi təsir rıçaqları var”, – deyə ekspert əlavə edib.

“İsgəndər”in Ermənistan Ordusuna məxsus olmamasına daha bir dəlil kimi Ermənistan Silahlı Qüvvələrinin paradlarında adətən Rusiyanın 102-ci bazasına məxsus hərbi texnika, aviasiya və şəxsi heyyətin iştirakını göstərən N. Bayramov hesab edir ki, parad fotolarındakı “İsgəndər”in Rusiyanın Gümrüdəki 102-ci bazasına deyil, Ermənistana məxsus olması şübhələr yaradır.
“Daha bir dəlil sırf erməni saxtakarlığıdır. Ermənistanın əvvəlki illərdə 102-ci bazaya məxsus texnikanı erməni hərbi simvolikası ilə paradlara və təlimlərə çıxardığı məlumdur. Belə faktlardan birini azərbaycanlı blogerlər “Şant-2015” erməni ordusunun təlimlərində ifşa etmişdilər”, – deyə ekspert vurğulayıb.
Hərbi ekspert Ermənistan “İsgəndər-E” OTRK-lərini əldə edibsə belə, bunun münaqişə tərəflərinin ümumi hərbi balansına necə təsir edə biləcəyi məsələsinə də aydınlıq gətirib: “Ermənilər hələ apreldən əvvəl və xüsusən apreldən sonra bəyan edirdilər ki, onlarda “elə silahlar var ki, müharibə başlasa, Bakının neft buruqlarını məhv edəcəklər”. Əgər ermənilər ruslardan “İsgəndər” əldə ediblərsə, maksimum iki belə kompleks alıblar. Hər-hansı şəraitdə ermənilər əldə etdikləri “İsgəndər”ləri tətbiq etmək istəsələr, kompleksləri bizim atəşimizdən qorumaq üçün bunu Ermənistan ərazisindən etməli olacaqlar, Qarabağa gətirmədən. Raketlərin Bakıya çatmayacağından başqa, “İsgəndər”lərin Azərbaycan ərazisinə tətbiqi Ermənistana baha başa gələcək, çünki bununla ermənilər Azərbaycana öz ərazisində olan hərbi obyektlərə və hərbi infrastruktura zərbə endirməyə əsas verəcəklər. Bu imkanlar isə Azərbaycanda Ermənistandan müqayisəolunmaz dərəcədə daha genişdi. Hər birinin üstündə bir raket olan “İsgəndər” iki atəşlə sərhəddən 280 km dərində yerləşən iki obyektimizi məhv edərsə, cavabında həm “İsgəndər”lər, həm Ermənistanın bir çox mühüm hərbi obyektləri Azərbaycan tərəfindən məhv olunacaq. Ona görə Azərbaycanın xeyrinə olan mövcud hərbi balansı “İsgəndər”lər dəyişməyə qadir deyil. Onların kimə məxsus olmasından asılı olmayaraq nümayişi daha çox psixoloji təsirə hesablanıb və məhz bu məqsədlə paradda nümayiş olunurlar”.




