İsmayıl Axundov: “Erməni həkimlər əsirlikdəki Azərbaycan vətəndaşının acından öldüyünü sənədləşdirib” – MÜSAHİBƏ

İsmayıl Axundov: “Erməni həkimlər əsirlikdəki Azərbaycan vətəndaşının acından öldüyünü sənədləşdirib” – MÜSAHİBƏ

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibə verib. “Poliqon” müsahibəni təqdim edir.

– Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

– Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın Azərbaycana ərazi iddialı təcavüzü nəticəsində yaranmış humanitar problemin, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin uzlaşdırılması məqsədilə 1993-cü il yanvar ayının 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılıb.

Əlbəttə ki, Dövlət Komissiyasının əsas vəzifəsi silahlı münaqişə zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının azad edilərək Vətənə qaytarılması, itkin düşmüş şəxslərin axtarışı işinin aparılmasından ibarətdir. Bundan başqa, Dövlət Komissiyası əsir və girovluqdan azad olunmuş şəxslərin sosial və tibbi reabilitasiyasının təşkilini və itkin düşmüş şəxslərin ailələri ilə müvafiq işin aparılmasını həyata keçirir.

Dövlət Komissiyası fəaliyyətini Azərbaycan Respublikasında bu sahə üzrə qəbul edilmiş hüquqi-normativ sənədlərə və Azərbaycan Respublikasının 1993-cü ilin aprel ayında qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına uyğun həyata keçirir.

– Hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsi zamanı neçə nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İtkinlərlə bağlı siyahı necə formalaşıb?

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısında qoyduğu əsas vəzifələrdən biri münaqişə dövründə itkin düşmüş bütün vətəndaşların sonrakı taleyinin aydınlaşdırılması və onların ailələrinə bu barədə məlumat verilməsindən ibarətdir. Tapşırığa uyğun olaraq, Dövlət Komissiyası münaqişə zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması üçün zəruri işləri davam etdirir.

1993-cü ildə Dövlət Komissiyası yaradıldıqdan sonra zəruri və təxirəsalınmaz ilk iş əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşlar barədə məlumatları mərkəzləşdirilmiş qaydada toplamaq, sistemləşdirmək və ilkin siyahını tərtib etməkdən ibarət idi. Bu məqsədlə həmin dövrdə respublikanın icra hakimiyyəti orqanlarına, habelə radio, televiziya və digər kütləvi informasiya vasitələri ilə əhaliyə müraciət olunaraq zəruri məlumatların Dövlət Komissiyasına göndərilməsi xahiş edilib.

Həmin vaxt Dövlət Komissiyasının İşçi qrupu tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlərin nəticəsində qısa müddətdə ilkin siyahı tərtib edilib və “Azərbaycan” qəzetinin 1993-cü il may, iyun saylarında dərc edilərək ictimaiyyətin diqqətinə çatdırılıb. İlk siyahıda təxminən 4000 nəfərə yaxın əsir, girov və itkin düşmüş şəxsin adı əksini tapmışdı. Siyahı tərtib edilərkən rəsmi dövlət orqanlarından, yerli icra və hərbi strukturlardan, vətəndaşlardan daxil olmuş 2 mindən artıq sənəd diqqətlə araşdırılıb, on min nəfərdən artıq vətəndaş qəbul edilərək dinlənilib.

Lakin həm həmin dövrdəki vəziyyəti, həm də silahlı münaqişənin xarakterini nəzərə alaraq deyə bilərik ki, ilkin siyahı sonrakı dövrlərdə çoxsaylı dəyişikliyə məruz qalmışdı. Bu ona görə idi ki, münaqişənin əvvəlində informasiyalar müxtəlif mənbələrdən pərakəndə şəkildə daxil olub. Bir çox halda bir itkinlə bağlı bir neçə məlumat daxil olub, həmin şəxslərin ad, soyad və ata adında, doğum tarixi və yerində müxtəlif fərqliliklər mövcud olub. Buna görə də siyahılarda dəqiqləşmə işi vacib idi. Buna görə də siyahının dəqiqləşdirilməsi işi Dövlət Komissiyası İşçi qrupunun qarşısında duran ən vacib vəzifə idi. Dövlət Komissiyasının İşçi qrupu tərəfindən bu sahədə uzun illər axtarış və araşdırma tədbirləri aparılıb, nəhayət, 2017-ci ildə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı dəqiq siyahı hazırlanıb aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.01.2022-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hal-hazıra kimi məlumat vermir.

Tarixə nəzər salsaq, görərik ki, silahlı münaqişələr zamanı əsas hədəf hərbçilər olur. Tarixi ənənələrlə yanaşı, müasir beynəlxalq humanitar hüququn norma və prinsipləri də bunu tələb edir. Amma qeyd etdiyim rəqəmlərdən göründüyü kimi, hərbçilərlə yanaşı, 719 mülki şəxs də I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Yəni Azərbaycan Respublikasının yaşayış məntəqələrini işğal edərkən Ermənistan silahlı qüvvələrinin və terrorçu silahlı birləşmələrin əsas hədəfi daha çox mülki əhali olub. Bu faktı əsir-girovluqdan azad olunmuş şəxslərlə bağlı statistik məlumat da təsdiq edir.

I Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 1480 Azərbaycan vətəndaşı azad edilib. Onlardan 378 nəfəri hərbçi, 1102 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 224 nəfəri uşaq, 357 nəfəri qadın, 225 nəfəri yaşlı adamdır.

Həm III, həm IV Cenevrə Konvensiyalarının 3-cü maddəsi mülki əhalinin girov götürülməsini qadağan edir. Bu Konvensiyalar Ermənistan tərəfindən də qəbul edilib. Amma qarşı tərəf münaqişə dövründə mülki əhalini məqsədyönlü olaraq girov götürərək uzun müddət saxlayıb. Beynəlxalq humanitar hüququn əsas tələblərindən biri ondan ibarətdir ki, mülki şəxslər qorunmalıdır, onlar heç bir halda hədəf olmamalı, işgəncə və təcavüzə, ayrı-seçkiliyə məruz qalmamalı, qısa müddətdə aid olduğu tərəfə qaytarılmalıdır. Lakin göründüyü kimi, 1102 mülki Azərbaycan vətəndaşı uzun müddət girovluqda saxlandıqdan sonra Azərbaycan tərəfinin çoxsaylı tələbi və aparılmış zəruri tədbirlər nəticəsində azad olunub. Bu insanlar ağır işgəncələr altında, qeyri-insani şəraitdə saxlanılıblar. Təsadüfi deyil ki, Dövlət Komissiyasında olan məlumatlara əsasən, girov götürülmüş xeyli sayda Azərbaycan vətəndaşı ağır işgəncələrə dözməyərək əsir, girovluqda həyatını itirib.

Dövlət Komissiyasının sədri cənab Əli Nağıyev beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyi ilə və digər səviyyəli görüşlərdə dəfələrlə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələ qaldırıb, itkinlərin sonrakı taleyi barədə Ermənistan tərəfinin məlumat verməsini tələb etmələrini onlardan xahiş edib.

Sədr eyni zamanda, itkinlərin axtarışı ilə bağlı Dövlət Komissiyası və İşçi qrupunun qarşısında konkret vəzifələr müəyyən edib, ciddi tapşırıqlar verib.

– Uzun müddət işğalda olan torpaqlarımız artıq azad olunub. Həmin ərazilərdə I Qarabağ müharibəsində əsir və girov götürülmüş Azərbaycan vətəndaşların saxlanma yerləri aşkar edilib?

– Qeyd etdiyim kimi, silahlı münaqişə zamanı əsir və girov götürülmüş şəxslərə münasibət beynəlxalq humanitar hüququn norma və prinsipləri əsasında həyata keçirilməlidir. Eyni zamanda, burada əsas amillərdən biri ondan ibarətdir ki, əsir götürülmüş hərbçilərlə girov götürülmüş mülki şəxslərə fərq qoyulmalı, onlar ayrı-ayrı yerlərdə saxlanmalıdır. Münaqişə zamanı əsir və girov götürülmüş insanların saxlanması üçün beynəlxalq tələblərə uyğun olaraq saxlanma yerləri və düşərgələr yaradılmalıdır. Ancaq Dövlət Komissiyasında toplanmış materiallar, xüsusilə əsir və girovluqdan azad edilmiş Azərbaycan vətəndaşlarının ifadələri təsdiq edir ki, qarşı tərəf əsir və girov götürdüyü insanları qeyri-insani şəraitdə saxlayıb, əsir və girovların saxlanması üçün heç bir düşərgə təşkil etməyib.

Xüsusilə münaqişənin əvvəllərində əsir və girovlar ayrı-ayrı hərbi hissələrdə, ayrı-ayrı erməni mülki şəxslərin, xüsusilə səhra komandirlərinin evlərinin və yardımçı binalarının zirzəmilərində, qarajlarında, işğal olunmuş ərazilərdəki məişət obyektlərində qeyri-insani şəraitdə saxlanılıblar. Başqa sözlə ifadə etsək, azərbaycanlı əsir və girovları insanın yaşaması üçün heç bir şəraiti olmayan yerlərdə, ağır işgəncələr altında saxlayıblar.

Şuşa şəhəri işğal olunandan sonra isə azərbaycanlı hərbi əsirlərin bir hissəsi ağır işgəncələr altında Şuşa türməsində saxlanılıb. Təhlillər göstərir ki, Şuşa türməsi məhz əsir-girovlara ağır fiziki, mənəvi və psixoloji işgəncələrin verilməsi üçün saxlanma yeri kimi müəyyən edilib. Bundan başqa, əsir və girovların Ermənistan ərazisində saxlanılması faktları da mövcuddur. Bunu xüsusi olaraq vurğulamaq lazımdır. Məlumdur ki, Ermənistan tərəfi uzun müddət beynəlxalq aləmə münaqişədə iştirak etmədiyi barədə həqiqətə uyğun olmayan məlumatlar verirdi. Ancaq I Qarabağ müharibəsi zamanı əsirlikdən azad olunmuş şəxslərin müəyyən hissəsi Ermənistan xüsusi xidmət orqanlarının saxlanma yerlərində və Ermənistanın müxtəlif ərazilərində saxlanıldığını ifadələrində təsdiq edib.

Həmin əsirlər həddindən artıq rütubətli, soyuq kameralarda xüsusi fiziki, mənəvi, psixoloji işgəncələr və zorakılıqla müşahidə olunan vəziyyətdə saxlanılıb. Hətta Ermənistanda əsirlikdə saxlanılarkən ölmüş Azərbaycan vətəndaşlarından biri ilə bağlı erməni həkimlərin tərtib etdiyi sənəddə onun “kaxeksiya”dan (acından ölmə) öldüyü bildirilib. Bunlar Dövlət Komissiyasında toplanmış materiallarda əksini tapır.

Bu sənədlərdə həm münaqişənin tarixi, həm də beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair çox ciddi faktlar var. Əlbəttə ki, Dövlət Komissiyasında toplanan bu materiallar Ermənistanın törətdiyi cinayət əməllərinin sistemləşdirilərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və beynəlxalq məhkəmələrdə iddia qaldırılması sahəsində ciddi hüquqi əhəmiyyətə malikdir. Hətta əsirlikdən azad edilmiş bir neçə şəxs ifadəsində işğal altında olmuş Qarabağ ərazisində saxlanılarkən Ermənistan hərbçilərinin onları orta məktəblərdə şagirdlərin qarşısına çıxardığını və sinifləri gəzdirərək azyaşlı erməni uşaqlara: “baxın, bu türkdür, bizim düşmənimizdir” deyərək uşaqlarda türkə nifrət hisslərini formalaşdırdıqlarını bildirib. Bunlar faktdır.

– I Qarabağ müharibəsi və ondan sonra Şuşa həbsxanasında azərbaycanlı əsir və girovların saxlanmasına dair faktlar olduğunu dediniz. Şuşa işğaldan azad edildikdən sonra həmin həbsxanaya baxış keçirilib?

– Qeyd etdiyim kimi, münaqişənin əvvəllərində azərbaycanlı əsir və girovlar müxtəlif yerlərdə, o cümlədən Şuşa türməsində saxlanılıb və onlara dözülməz işgəncələr verilib.

Azad edilmiş bir çox əsirin ifadəsinə görə Ermənistan hərbçiləri türmədə onlara işgəncə verilməsi üçün ağlagəlməz metodlardan istifadə ediblər. Tarixə nəzər salsaq, görərik ki, hələ I Dünya müharibəsində, əsasən, Türkiyəyə qarşı döyüşmüş erməni terrorçu dəstələri əsirlərə və mülki əhaliyə qarşı çox dəhşətli işgəncə növləri tətbiq ediblər. Bizim apardığımız araşdırmalar göstərir ki, həmin işgəncə növləri I Qarabağ müharibəsində inkişaf etdirilərək yeni çalarlarla tətbiq edilib. Yəni Ermənistan hərbçiləri bu sahədə öz sələflərindən geri qalmayıb, hətta onlardan irəli gediblər.

I Qarabağ müharibəsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, Ermənistan hərbçiləri azərbaycanlı əsir və girovlara özləri işgəncə verməklə yanaşı, onları hər hansı açıq meydanda toplanmış mülki erməni əhalinin də ixtiyarına verərək işgəncələr verdiriblər. Eyni zamanda, əsir və girovları bir-birinə qarşı işgəncə verməyə məcbur ediblər. Təsəvvür edin ki, Şuşa türməsində saxlanılmış əsirlərin bir çoxu bildirir ki, onları türmənin həyətində və hasarın üzərində saatlarla it və digər heyvanların səslərini çıxarmağa məcbur ediblər. Bu cür ağlagəlməz və ancaq erməni terror düşüncəsinin məhsulu olan işgəncə növləri azərbaycanlı əsir və girovlara qarşı tətbiq olunub. Xüsusilə insanların dişlərinin kəlbətinlə çıxarılması, başlarına mismar çalınması, damarlarına dizel yanacağı yeridilməsi və s. həyata keçirilib. Əsirlikdən azad edilənlər danışır ki, Şuşa həbsxanasına yeni gətirilənləri dəmir gürzlə vuraraq onları: “Evimə xoş gəldim” – deməyə məcbur edirmişlər. Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Dövlət Komissiyasının əməkdaşları oraya baxış keçirib. Maraqlı fakt ondan ibarətdir ki, əməkdaşlarımız oraya baş çəkərkən əsirlərin haqqında bəhs etdiyi dəmir gürzü də oradan taparaq dəlil kimi götürüblər. Biz həmin gürzü deyilənlərə sübut kimi “Zəfər Muzeyinə” təqdim etməyi düşünürük.

– Vətən müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin axtarışı ilə bağlı indiyədək hansı tədbirlər həyata keçirilib? Hazırda neçə nəfər itkin düşmüş sayılır? Ərazidən neçə azərbaycanlı hərbçinin meyiti aşkarlanaraq götürülüb?

– Bilirsiniz ki, 2020-ci il sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribata görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu və xalqı böyük zəfərə imza atıb və 2020-ci il noyabr ayının 10-da üçtərəfli Bəyanat imzalanıb.

Üçtərəfli Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə bağlı dərhal ciddi addımlar atıb. Dövlət Komissiyasına daxil olan aidiyyəti dövlət qurumları bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflər işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işləri aparıb və tapılmış meyit qalıqları tərəflərə təhvil verilib.

Prosesdən keçən müddət ərzində 396 Azərbaycan hərbçisinə aid meyit qalığı işğaldan azad edilmiş ərazidən tapılaraq götürülüb. Tapılmış meyit qalıqları Hərbi Prokurorluğun nəzarəti ilə Daxili İşlər Nazirliyinin (DİN) və Səhiyyə Nazirliyinin aidiyyəti laboratoriyalarında eyniləşdirilərək ailələrinə təhvil verilib, şəhidlərimizin nəşi hərbi nizamnamənin tələblərinə uyğun olaraq dəfn edilib. Hazırda 6 Azərbaycan hərbçisi II Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb və onlarla bağlı zəruri axtarış işləri davam etdirilir.

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm ki, ilk baxışdan statistik görünən bu rəqəmlərin hər birinin arxasında insan taleyi, ailələrin övlad itkisi və göz yaşı dayanır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə bütün dövlət qurumları bu məsələyə çox həssas yanaşıb. Təbii ki, burada aidiyyəti dövlət qurumları qarşısında qoyulmuş vəzifələrlə yanaşı, həm də hər bir vəzifəli şəxsin məsələyə vicdanlı münasibəti vacib amildir. Qeyd etməliyəm ki, əksər halda bu sahə üzrə mütəxəssislər istirahət etmədən, gecə-gündüz axtarış və eyniləşdirmə tədbirlərini həyata keçiriblər. Xüsusilə məhkəmə-tibbi ekspertlər, genetiklər, patoloq-anatomlar, eyni zamanda Hərbi Prokurorluğun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, həmçinin yerli icra hakimiyyəti orqanlarının işçiləri fasiləsiz olaraq bu işlərin icra edilməsinə çalışıblar. Bu qurumlar Dövlət Komissiyası ilə sıx əməkdaşlıq şəraitində işləyib.

Bununla yanaşı, 6 hərbçimizin taleyinin aydınlaşdırılmaması təəssüfedicidir. Bu hal Dövlət Komissiyası olaraq bizi çox məyus və narahat edir. Böyük ümid hissi ilə bildirmək istəyirəm ki, Dövlət Komissiyası bu həssas vəzifənin öhdəsindən gələcək, gözü yolda qalan ailələrin əzab və iztirablarına son qoymağa nail olacaq. Hazırda bu bizim ən müqəddəs vəzifəmizdir. Fürsətdən istifadə edərək, Vətən müharibəsində itkin düşmüş hərbçilərimizin valideynlərinə və ailə üzvlərinə anlayışlarına, nümayiş etdirdikləri dözüm və səbrə görə dərin təşəkkür edirəm.

– Bəs neçə erməni hərbçinin meyiti aşkarlanaraq götürülüb və qarşı tərəfə təhvil verilib?

– Yuxarıda qeyd etdiyim kimi, üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin və BQXK-nın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumları işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işləri aparıb və tapılmış meyit qalıqları tərəflərə təhvil verilib.

Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının iştirakı ilə ərazidə aparılan axtarışlar zamanı 1447 Ermənistan hərbçisinin meyit qalıqları tapılaraq, qarşı tərəfə verilib. Onu da deyim ki, qarşı tərəfin rəsmi dairələri 1702 Ermənistan hərbçisinin meyit qalıqlarının tapıldığını vurğulayır. Bunun səbəbi odur ki, qarşı tərəf bizim iştirakımız olmadan tapılan meyit qalıqlarını da bu siyahıya əlavə edir. Başqa sözlə ifadə etsək, Ermənistan tərəfinin təqdim etdiyi 1702 nəfərə aid meyit qalığından 1447 nəfərinin tapılması bilavasitə Azərbaycan tərəfinin iştirakı ilə baş tutub.

– Azad olunmuş ərazilərdə naməlum məzar yerləri müəyyən edilib? Bu məzarlar işğaldan azad edilən hansı ərazilərdə tapılıb?

– Qeyd etdiyim kimi, münaqişə zamanı itkin düşmüş şəxslərin axtarışı Dövlət Komissiyasının əsas vəzifəsi olub. Sualınıza da məhz bu kontekstdən yanaşmaq lazımdır. 1988-ci ildən başlayan münaqişə nəticəsində Azərbaycanın əraziləri, yaşayış məntəqələri işğal olunduqca Ermənistan hərbçiləri və terrorçu dəstələri tərəfindən çoxsaylı müharibə cinayətləri törədilib. İşğal prosesində qətlə yetirilmiş mülki əhali, eyni zamanda itkin düşmüş şəxslərlə bağlı məsələlər, xüsusən də, dəfn yerlərinin müəyyən edilməsi aidiyyəti dövlət qurumlarının, həmçinin Dövlət Komissiyasının diqqət mərkəzində olub.

Dövlət Komissiyasında bu barədə çoxsaylı məlumatlar toplanıb və sənədləşdirilib. Eyni məlumatlar bizim əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlara da təqdim edilib. Ancaq işğal faktorunu nəzərə alsaq əminliklə demək olar ki, həm kütləvi, həm fərdi dəfn yerləri ilə bağlı əsas məlumatlar təbii ki, qarşı tərəfdədir. Ancaq qarşı tərəf beynəlxalq humanitar hüquq normalarına zidd olaraq dəfn yerləri barədə məlumatları gizlətməkdə davam edir. Bu eyni zamanda, insanlığa qarşı cinayət əməlidir. Amma qeyd etdiyim kimi, Dövlət Komissiyası imkan dairəsində bu məlumatları əldə etməyə çalışıb. Komissiyada olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli, Kəlbəcər, Ağdam rayonları, Şuşa şəhəri və ətrafında, Xocavənd rayonu, Hadrut qəsəbəsi, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri və ətrafında, Xocalı rayonu ərazisində, keçmiş Ağdərə rayonunun ərazisində dəfn yerləri mövcuddur.

Məzar yerləri ilə bağlı məlumatların toplanması işi hazırda da davam etdirilir. Mən fürsətdən istifadə edərək işğaldan azad edilmiş Azərbaycan ərazilərində soydaşlarımızın dəfn yerləri barədə məlumatı olan hər kəsdən, xüsusən də keçmiş döyüşçülərdən, eyni zamanda həmin ərazilərdə yaşamış vətəndaşlarımızdan bu barədə Dövlət Komissiyasına məlumat vermələrini xahiş edirəm.

Məlumatları Dövlət Komissiyasının rəsmi E_mail ünvanına (info@human.gov.az) göndərmək və 81-61, 405-71-22 qaynar xətti vasitəsi ilə vermək mümkündür.

– Həmin məzar yerlərində ekshumasiya işlərinin aparılması nə zamana planlaşdırılır?

– Qeyd edim ki, Vətən müharibəsində əldə edilmiş möhtəşəm zəfərdən sonra I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın tapılması ilə bağlı Dövlət Komissiyasına, o cümlədən aidiyyəti dövlət qurumlarına müraciətlərinin sayı artıb.

Bu müraciətlər üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra başlayıb. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Dövlət Komissiyası işğaldan azad olunmuş ərazilərdəki məzar yerlərində müvafiq işlərin aparılmasına ilk günlərdən hazırlaşmağa başlayıb. İctimaiyyətin marağını nəzərə alaraq diqqətə çatdırıram ki, bu sahədə vəziyyət təhlil edilib və ölkə rəhbərliyinin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə meyit qalıqlarının axtarışı, ekshumasiyası və eyniləşdirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət xüsusi heyət yaradılıb.

Heyətə Dövlət Komissiyasının İşçi qrupu, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Hərbi Prokurorluq, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Minatəmizləmə Agentliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri daxildir.

Bu heyətin qarşısında duran əsas vəzifə Dövlət Komissiyasında toplanmış və gələcəkdə əldə ediləcək məlumatlar əsasında axtarış işlərinin aparılmasından, məzar yerlərinin müəyyən edilməsindən, ekshumasiya və eyniləşdirmə işlərinin aparılmasından ibarətdir. Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin tapşırığı ilə axtarış işlərinin aparılması üçün ən müasir texnologiyaların tətbiqi də nəzərdə tutulur. Bu məqsədlə artıq dünyada mövcud olan müvafiq dron texnologiyasından istifadə edilməsi üçün hazırlıq işləri aparılır. Dövlət Komissiyası sədrinin göstərişi ilə artıq bu texnologiya alınaraq Azərbaycana gətirilib.

Aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət artıq ilk iclaslarını keçirib və prosesə hazırlıq işlərinə başlayıb. Əlbəttə ki, işə çətinlik yaradan əsas amil ərazilərin minalanmasıdır. Ərazilər minalardan təmizləndikdən sonra ekshumasiya işləri intensiv aparılacaq. Ancaq yenə də ictimaiyyətin bu həssas məsələyə marağını nəzərə alaraq, diqqətə çatdırmaq istəyirəm ki, artıq ilkin ekshumasiya işləri aparılıb və meyit qalıqları çıxarılaraq müvafiq ekspertizalar təyin edilib.

Aidiyyəti dövlət qurumları tərəfindən ilk ekshumasiya işi işğaldan azad edilmiş Daşaltı kəndində aparılıb. Qeyd edim ki, 1992-ci ilin yanvar ayının 26-da həyata keçirilmiş uğursuz Daşaltı əməliyyatı zamanı itkin düşmüş 44 Azərbaycan vətəndaşı Dövlət Komissiyasında qeydiyyata alınıb. Ötən ilin fevral ayında Daşaltı kəndində müvafiq axtarış araşdırma işi aparılıb və məhz həmin əməliyyat zamanı həlak olaraq dəfn edilmiş Azərbaycan vətəndaşlarına aid edildiyi bildirilən məzar yeri müəyyən edilərək orada ekshumasiya aparılıb.

Ekshumasiya prosesində Daşaltı kəndi ərazisində aşkar edilmiş meyit qalıqları DNT nümunələrinin götürülməsi üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinə təqdim edilib. Meyit qalıqlarından götürülmüş DNT nümunələrindən müvafiq profillər çıxarıldıqdan sonra eyniləşdirmə işinə başlanılacaq.

Onu da qeyd edim ki, ötən ilin sonundan etibarən I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə də başlanıb.

Daşaltı kəndində aşkar edilmiş meyit qalıqlarının eyniləşdirilməsinin zəruri vəzifə olduğunu nəzərə alaraq, Dövlət Komissiyası ilkin olaraq bu kənddə itkin düşmüş vətəndaşlarımızın ailə üzvlərindən götürülmüş bioloji nümunələrdən DNT profillərinin çıxarılmasına qərar verib. Bu iş Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin laboratoriyasında aparılır. Xüsusi olaraq bildirilməlidir ki, Dövlət Komissiyası sədrinin və daxili işlər nazirinin Azərbaycan Respublikasının Baş nazirinə müraciətinə əsasən, bu vacib işin həyata keçirilməsi üçün Nazirlər Kabineti tərəfindən müvafiq vəsait ayrılıb.

Diqqətə çatdırım ki, DNT profillərinin çıxarılması üçün ilkin olaraq 82 itkin ailəsindən götürülmüş 220 bioloji nümunə DİN Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib. Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasından verilən məlumata görə, 220 bioloji nümunənin hər biridən 100 % nəticə əldə edilib. Yəni götürülmüş bionümunələr eyniləşdirilmə prosesinin aparılması üçün yararlıdır.

Artıq növbəti mərhələdə DNT profillərinin çıxarılması üçün daha çox bionümunə təhvil veriləcək. Ümumiyyətlə, eyniləşdirmə işinin tam icrası üçün toplanıb və cari il ərzində toplanacaq bütün bioloji nümunələr üzrə DNT profillərin çıxarılması vacibdir.

– Dövlət Komissiyası BQXK ilə birlikdə hansı layihələri həyata keçirir? Bu layihələrin əsir, girov və itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinin müəyyən edilməsində hansı rolu var?

– Öncə qeyd edim ki, Dövlət Komissiyası fəaliyyətinin lap əvvəlindən BQXK ilə əməkdaşlıq çərçivəsində işləyib.

Əvvəlki sula cavab olaraq qeyd etdim ki, Dövlət Komissiyası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsinin laboratoriyası ilə birlikdə artıq itkin ailələrindən götürülmüş bioloji nümunələrin DNT profillərinin çıxarılması işinə başlayıb. Vətəndaşlarımızın diqqətinə çatdırıram ki, bu bioloji nümunələr məhz BQXK ilə birgə həyata keçirilmiş layihənin əsasında toplanıb.

Məlumdur ki, 2008-ci ildə Dövlət Komissiyası ilə BQXK arasında “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişi imzalanıb. Sazişin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanmasından və gələcəkdə naməlum meyit qalıqlarının identifikasiyası zamanı istifadəsindən ibarətdir.

Sazişə uyğun olaraq 2014-cü ildə Dövlət Komissiyası BQXK ilə birlikdə itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlayıb. Toplanmış bioloji nümunələr Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında xüsusi şəraitdə saxlanılır.

– İndiyə qədər neçə nəfərdən bioloji nümunələr götürülüb?

– Qeyd edim ki, bioloji nümunələrin toplanması respublikamızın bütün rayonlarını tam əhatə edib. Təəssüf ki, pandemiya ilə əlaqədar olaraq bu iş bir müddət dayanmışdı. İtkinlərin axtarışı ilə bağlı vətəndaşların çoxsaylı müraciəti nəzərə alınaraq, Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin ötən il verdiyi tapşırığa əsasən, BQXK ilə bu işin davam etdirilməsinə qərar verildi. Hazırda bu iş qərb rayonlarında davam etdirilir. Plana uyğun olaraq, prosesin cari ilin payızına kimi başa çatdırılması nəzərdə tutulur. Bu günə olan məlumata görə, 3079 itkin ailəsindən 99 544 bioloji nümunə toplanıb. Cari il ərzində təxminən 2696 bioloji nümunənin götürülməsi nəzərdə tutulur.

Hazırda tapılmış və gələcəkdə işğaldan azad edilmiş ərazilərdə tapılacaq meyit qalıqlarının eyniləşdirilməsi üçün bioloji nümunələrin toplanması vacib addım idi. Əgər bu gün əlimizdə bu bioloji nümunələr olmasaydı, çox çətin vəziyyət yaranardı. Zaman keçdiyi üçün itkin ailələrinin müəyyən hissəsinin artıq həyatda olmadığını, başqa ölkələrə köçdüyünü nəzərə alsaq, bioloji nümunələrin götürülməsi ilə bağlı atılmış addım Dövlət Komissiyasının prosesə hazır olmasına yardım edib. Müharibənin acı reallıqlarına baxmayaraq, Dövlət Komissiyası bu prosesdə mümkün nəticənin əldə olunmasına çalışacaq.

– Bu yaxınlarda Ağdam rayonunun işğaldan azad olunan – Uzundərə adlanan ərazisində Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən meyit qalıqlar aşkarlanıb. Bu skeletlərin tibbi ekspertizası yekunlaşıbmı? Bu skeletlər itkin düşmüş vətəndaşlara aid ola bilər?

– Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra cənab Prezidentin tapşırığı ilə geniş bərpa prosesinə start verilib və tikinti işlərinə başlanılıb. Tikinti-quruculuq işləri zamanı itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilməsinin mümkünlüyü nəzərə alınaraq, ötən ilin əvvəlində Dövlət Komissiyasının sədri tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə məktub ünvanlanıb.

Məktubda I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinə aydınlıq gətirilməsinin zəruriliyini nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən qazıntı işləri zamanı aşkar edilmiş insan qalıqlarının ekshumasiyasının mütəxəssislər tərəfindən aparılması məqsədilə Dövlət Komissiyasının və hüquq mühafizə orqanlarının məlumatlandırılması barədə aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilməsi xahiş edilib.

Müraciətlə əlaqədar olaraq Baş nazir tərəfindən aidiyyəti dövlət qurumlarına xüsusi tapşırıq verilib. Buna görə də Ağdam rayonunda yol tikintisi zamanı 2 naməlum meyit qalığının aşkarlanması ilə bağlı Dövlət Komissiyasına məlumat verilib və əraziyə aidiyyəti dövlət qurumlarının nümayəndələri ezam edilib. Həmin meyit qalıqları götürülərək müvafiq ekspertizanın aparılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinə təhvil verilib. Meyit qalıqlarının eyniləşdirilməsi üçün zəruri tədbirlər görülür. Əlbəttə ki, tapılmış meyit qalıqlarının itkin düşmüş vətəndaşlarımıza aid olması ehtimalı mümkündür, ancaq dəqiq nəticə eyniləşdirmə prosesində əldə ediləcək.

– İşğaldan azad edilmiş ərazilərdə başqa meyit qalıqları aşkarlanıbmı? Bu istiqamətdə iş gedir?

– Qeyd edim ki, üçtərəfli Bəyanat imzalandıqdan sonra həm Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, I Qarabağ müharibəsi ilə bağlı təxminən 140 şəxsə aid meyit qalığı müəyyən edilərək götürülüb və Dövlət Komissiyasına təhvil verilib. Bu meyit qalıqları üzrə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyində 230 bioloji nümunə götürülərək Daxili İşlər Nazirliyinin Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib. Yuxarıda da qeyd etdiyim kimi, bu sahədə iş davam etdirilir. Ancaq həm münaqişənin xarakterini, həm də erməni xislətini nəzərə alaraq demək olar ki, eyniləşdirmə prosesi uzun zaman tələb edəcək. Bu sahədə fəaliyyət göstərən ekspertlərin də fikri bundan ibarətdir.

– Dövlət Komissiyası tərəfindən verilən məlumata görə, I Qarabağ müharibəsində həlak olaraq Bakı şəhərindəki şəhidlər xiyabanlarında və bölgələrdə tanınmadan dəfn olunmuş 200-ə yaxın naməlum məzar aşkar edilib, ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Baş Prokurorluğa müraciətlər ünvanlanıb. Bu sahədə iş hansı yerdədir?

– Qeyd edilən məzarların müəyyən edilməsi sahəsində işə Dövlət Komissiyası 2005-ci ildən sonra başlayıb. Elə həmin vaxt itkin düşmüş şəxslərə aid siyahılarda dəqiqləşmə işinə də start verilib. O vaxta qədər siyahılarda qeyri-dəqiqlik var idi və ilkin olaraq bunun aradan qaldırılması çox vacib idi. Bu iş paralel olaraq digər işlərin də görülməsini zəruri edirdi.

2005-ci ildən etibarən Dövlət Komissiyası işğalda olan ərazilər istisna olmaqla Azərbaycan Respublikasının bütün yaşayış məntəqələri üzrə araşdırma aparıb və 200-ə yaxın naməlum məzar yeri aşkar edilərək qeydiyyata alınıb. Sonrakı prosesdə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Dövlət Əmlak Komitəsi ilə birlikdə məzar yerlərinin GPS koordinatları çıxarılaraq arxivləşdirilib. Eyni zamanda, həmin dövrdən etibarən məzar yerlərinin itməsinin qarşısının alınması üçün Dövlət Komissiyası tərəfindən yerli icra hakimiyyəti orqanlarına müraciət edilib.

I Qarabağ müharibəsi zamanı həlak olaraq Azərbaycan Respublikasının şəhər və rayonlarında tanınmadan dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının ekshumasiyası və tibbi-genetik ekspertizasının aparılması ilə bağlı ötən ilin əvvəlində Baş Prokurorluğa müraciət edilib. Məsələ ilə bağlı müvafiq prosessual qərar qəbul edilib və ekshumasiya işi aparılıb. Hərbi Prokurorluqdan daxil olmuş məlumata əsasən, Dövlət Komissiyasının təqdim etdiyi siyahı üzrə artıq Bakı şəhərindəki birinci və ikinci Şəhidlər xiyabanında, o cümlədən respublikanın digər şəhər və rayonlarında 171 şəhid məzarı üzrə müəyyən edilmiş meyit qalıqlarından nümunələr götürülərək DİN Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib. Hərbi Prokurorluq tərəfindən bu istiqamətdə iş davam etdirilir.

– Vətən müharibəsində əldə olunan zəfərdən sonra Komissiyaya müraciətlərin artdığını bildirdiniz. Ümumiyyətlə, I Qarabağ müharibəsində əsir və girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşları ilə bağlı məlumatlar var?

– Yuxarıda qeyd etdiyim ki, Dövlət Komissiyası tərəfindən aparılmış araşdırmaların nəticəsində I Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 nəfər vətəndaşımızdan 872 nəfərinin intensiv hərbi əməliyyatlar zamanı əsir-girov götürülməsi və saxlanması barədə məlumatlar əldə edilərək sənədləşdirilib. Onların müəyyən hissəsi ailə üzvləri, yaxın qohumları, həmkəndliləri və döyüş yoldaşları ilə birlikdə əsir-girov götürülmüş və saxlanılmış şəxslərdir. Onların yaxınları hazırda itkin düşmüş şəxsləri əsir-girovluqda sağ-salamat gördüklərini təsdiq edirlər. Çox sayda Azərbaycan vətəndaşının əsir-girov götürülərək saxlanmasına dair təkzibedilməz faktların olmasına və Dövlət Komissiyası tərəfindən müntəzəm olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılmasına baxmayaraq, Ermənistan tərəfi bunları inkar edib.

Əsir-girovları bir çox halda beynəlxalq təşkilatlardan, o cümlədən BQXK-dan gizlədərək saxlayıblar. Ancaq BQXK-nın əsir-girovluqda baş çəkərək qeydiyyata aldığı şəxslərin sonradan bu qurumdan gizlədildiyi və barələrində məlumat verilmədiyi hallar da olub. Dövlət Komissiyasına BQXK tərəfindən 1998 və 2001-ci illərdə təqdim edilmiş məlumatlara əsasən, I Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və işğal edilmiş Qarabağ ərazisində bu qurumun əməkdaşları tərəfindən saxlanma yerlərində baş çəkilib, onlar rəsmi qeydiyyata alınıblar. Sonradan 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb. Beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı qeyd olunan faktların hüquqi məsuliyyəti Ermənistanın üzərində qalır. Ölkə rəhbərliyinin tapşırığı ilə bu məlumatlar beynəlxalq təşkilatlara təqdim edilib.

Bu fakt tam təsdiq edir ki, qarşı tərəfin əlində azad ediləndən daha çox əsir-girov olub. Lakin Ermənistan tərəfi onları beynəlxalq təşkilatlardan gizlədib və Azərbaycana məlumat verilməyib. Onların saxlanması faktı riyakarcasına inkar edilib.

– Bəs girov götürülmüş azərbaycanlı yeniyetmələrdən ermənilərin donor kimi istifadə etməsi ilə bağlı faktlar varmı?

– I Qarabağ müharibəsində girov götürülmüş azərbaycanlı yeniyetmələri ailələrindən zorla ayıraraq naməlum istiqamətə aparılması ilə bağlı Dövlət Komissiyasında çox sayda təkzibedilməz məlumatlar toplanıb. Onlardan, sadəcə, ikisini diqqətə çatdırmaq istəyirəm.

17 fevral 1992-ci il tarixdə erməni milliyyətli beynəlxalq terrorçu, ASALA terror təşkilatının lideri Monte Melkonyanın rəhbərliyi ilə Azərbaycan Respublikası, Xocavənd rayonu, Qaradağlı kəndi işğal edilərkən dinc əhaliyə qarşı amansız soyqırımı həyata keçirilib.

İşğal zamanı kənddə olan 116 nəfərdən 57 nəfər qətlə yetirilərək silos quyusunda, kolxoz idarəsinin həyətində və digər yerlərdə kütləvi dəfn edilib. Əsir-girov götürülmüş 50 nəfər (47 mülki, 2 hərbçi, 1 polis əməkdaşı) isə dəyişdirmə yolu ilə azad olunub. Qətlə yetirilmiş 57 nəfərdən 27 nəfərinin meyiti sonradan Azərbaycan tərəfinə qaytarılsa da, 30 nəfərin meyiti təhvil verilməyib. Bununla yanaşı, girov götürüldükdən sonra əvvəlcə Xankəndi şəhərinə, oradan isə naməlum istiqamətə aparılmış 9 nəfərin də sonrakı taleyi barədə məlumatlar gizlədilib. Onlardan 5 nəfəri yeniyetmə və gənc olub.

Şahidlər təsdiq edir ki, 26 fevral 1992-ci il tarixdə Azərbaycan Respublikasının Xocalı şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı girov götürülərək Dəhraz kəndindəki tövlədə saxlanılan 150-200 nəfər mülki insanın arasından 13 nəfər yeniyetmə və gənc oğlan valideynlərindən sözün tam mənasında zorla qoparılaraq “UAZ” markalı maşınlarda naməlum istiqamətə aparılıb. Hadisə şahidləri 13 gənci aparan Ermənistan hərbçilərinə Əsgəran rayonu, Çanaqçı kəndinin sakini olmuş Samvel adlı erməni zabitin rəhbərlik etdiyini bildirirlər. Hadisədən 30 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi yumşaq desək, valideynlərinin bağrından çəkib apardığı 13 yeniyetmə gəncin sonrakı taleyi barədə məlumat vermir və faktı inkar edir. 13 gəncdən dörd nəfəri bir ailənin üzvü olub.

Misalları artırmaq olar. Ancaq girov götürülmüş fiziki cəhətdən sağlam olan Azərbaycan gənclərinin seçilərək naməlum istiqamətə aparılması ilə bağlı bu iki fakt ciddi şübhələrin yaranmasına əsas verir. Böyük ehtimalla demək olar ki, qarşı tərəf bu gəncləri onların orqanlarından donor kimi istifadə etmək və ya çıxarılaraq satılması üçün aparıb.

Məlumatlara görə, həmin şəxslər işğal olunmuş Qarabağdan Ermənistana aparılıblar. Sonradan beynəlxalq mətbuatda da bu barədə yazılar, faktlar dərc edilib. Həmin dövrdə ermənilərin insan orqanı alveri ilə məşğul olması barədə çoxsaylı faktlar beynəlxalq mətbuatda işıqlandırılmışdı.

– Xocalı soyqırımı barədə danışdıq. Xocalı soyqırımının ildönümü yaxınlaşır. Dövlət Komissiyasında Xocalı soyqırımında itkin düşmüş neçə nəfər qeydiyyatdadır və onlarla bağlı hansı işlər görülür?

– Bu günə olan məlumata görə, 26 fevral 1992-ci ildə Xocalı şəhərinin Ermənistan hərbçiləri və erməni terrorçu dəstələri tərəfindən işğalı və soyqırımı zamanı 196 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

196 nəfərin hər biri ilə bağlı ayrıca iş açılıb, araşdırma aparılıb, məlumatlar toplanaraq sistemləşdirilib. Həmçinin, toplanmış məlumatlar itkin düşmüş şəxslərlə bağlı elektron məlumat bazalarına əlavə edilib.

Xocalı soyqırımı zamanı itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 196 nəfərdən 42 nəfəri şəhərin müdafiəçiləri, 154 nəfəri isə silahsız mülki şəxsdir. Bu rəqəmlər də Ermənistan hərbçilərinin əsas hədəfinin mülki şəxslər olmasını təsdiq edir. Bu isə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə tam ziddir.

Onu da qeyd edim ki, 196 nəfərdən 95 nəfərinin əsir və girov götürülməsi və saxlanması barədə məlumatlar və şahid ifadələri mövcuddur.

– Ermənistan tərəfindən törədilmiş insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, əsir, girovlara münasibətdə Cenevrə Konvensiyalarının pozulması faktları ilə bağlı Komissiya tərəfindən hansı işlər görülüb?

– Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1 mart 2001-ci il tarixli Sərəncamına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hücum diplomatiyası taktikasına uyğun olaraq, Dövlət Komissiyası Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması barədə həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının ildönümləri ilə əlaqədar “Xocalıya Ədalət” kampaniyası və “31 mart azərbaycanlıların soyqırımı günü” ilə bağlı ardıcıl, məqsədyönlü və sistemləşdirilmiş iş aparıb, silsilə tədbirlər təşkil edib, xarici ölkələrdə və respublika ərazisində müvafiq tədbirlərin keçirilməsinə yardımçı olub.

Ötən müddət ərzində Dövlət Komissiyasının təşəbbüsü və iştirakı ilə 20-dən çox dildə hazırlanmış on minlərlə vəsait – filmlər, kitablar, bukletlər, CD və DVD-lər xarici ölkələrdəki səfirlik və nümayəndəliklərə, diaspor təşkilatlarına, dünyanın tanınmış elm ocaqlarına və kitabxanalarına göndərilib, politoloq və konfliktoloqlara, xarici dövlətlərin elm və ictimai xadimlərinə paylanıb, keçirilmiş tədbirlərdə yayılıb. Materialların yayılma coğrafiyası dünyanın aparıcı dövlətlərinin demək olar ki, hamısını əhatə edib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2017-ci ildə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı sonuncu kitab vətəndaşlarımıza qarşı Ermənistan hərbçiləri tərəfindən törədilmiş işgəncə və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə əsir-girovluqdan azad edilmiş üç yüzdən artıq şəxsin ifadəsi əsasında tərtib edilib.

Dövlət Komissiyasında toplanmış məlumat və materiallar, eyni zamanda, Qarabağın silahlı separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2003-cü ildə yaradılmış birgə istintaq-əməliyyat qrupuna təqdim edilib.

Birgə əməliyyat-istintaq qrupun yaradılmasında əsas məqsəd ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərinin gələcəkdə beynəlxalq məhkəmələrə təqdim olunması üçün zəruri prosessual tədbirlərin həyata keçirilməsindən ibarət olub.

– Ötən il dekabrın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair Bəyanat yayıb. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Ümumiyyətlə, I Qarabağ müharibəsində əsir, itkin və girov götürülmüş azərbaycanlılarla bağlı aparılan işlərə beynəlxalq dəstək göstərilir?

– Bütün münaqişə dövründə itkin düşmüş 3890 nəfərin taleyinin müəyyən edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edilib. Təəssüf ki, dünyada mövcud olan ikili standartlar və Azərbaycanın haqq işinə ədalətsiz münasibət humanitar məsələlərdə də özünü göstərib. Nə itkin düşmüş şəxslərlə, nə də işğal olunmuş yerlərdəki fərdi və kütləvi dəfn yerləri ilə bağlı qarşı tərəfin məlumat verməsi üçün beynəlxalq təşkilatlar tərəfindən effektiv addımlar atılıb.

Ermənistanın itkin düşmüş şəxslərin sonrakı taleyi ilə bağlı məlumatları təqdim etməsi, bu sahədə konstruktiv mövqe nümayiş etdirməsi beynəlxalq təşkilatlar tərəfindən indiyə kimi tələb edilməyib. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən verilən Bəyanatda ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusunun daxil edilməsi irəli atılmış addımdır. Ümid edək ki, Avropa İttifaqı tərəfindən qaldırılmış bu məsələyə Ermənistan konstruktiv yanaşacaq, vaxtilə işğal edilmiş ərazilərdəki dəfn yerləri və itkinlərlə bağlı məlumatları Azərbaycan tərəfinə bildirəcək. Bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, ümumiyyətlə, əsir, girov, itkin düşmüş şəxslərin məsələsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman diqqət mərkəzində olub.

– Azərbaycan II Qarabağ müharibəsindən sonra indiyə qədər neçə erməni əsir və girovu geri qaytarıb?

– Üçtərəfli Bəyanatın tələblərindən biri də əsir və girovların qarşılıqlı şəkildə geri qaytarılması ilə bağlı idi. Üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası 150 erməni əsilli şəxsi azad edərək qarşı tərəfə təhvil verib. 150 nəfərdən 41 nəfəri mülki şəxs, 109 nəfəri isə hərbçi olub.

Poliqon.az

CATEGORIES