İsrail ADEX-2022-də yeni PUA-larını sərgiləyəcək
İsrailin “Aeronautics Group” şirkəti 6-8 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək ADEX-2022 beynəlxalq müdafiə sənayesi sərgisində “Orbiter-4” pilotsuz uçuş aparatının (PUA) yeni modifikasiyasını və yeni hazırlanan “Trojan” adlı PUA-sının təqdimatını keçirəcək.
Bu barədə “Poliqon”a “Aeronautics Group” şirkətindən məlumat verilib.
“Aeronautics Group” mühəndisləri tərəfindən təkmilləşdirilimiş “Orbiter-4” PUA sələfindən fərqli olaraq vertikal qalxma və enmə (Vertical Take-Off and Landing-VTOL) xüsusiyyətlərinə malikdir. Bu isə onu personal tərəfindən qısa zaman ərzində havaya qaldırılmasına kömək edir.
“Orbiter 4” mini taktik PUA “Orbiter” uçuş aparatı ailəsinin ən mürəkkəb hava şəraitlərində istifadə edilə bilən uzaq məsafəli və uzun müddət havada qalma qabiliyyətinə malik nümunəsidir. Platforma eyni vaxtda elektro-optik komplekslə bərabər SAR radarı, və yaxud MPR radarı olmaqla iki fərqli faydalı yükü daşıya bilir. Bundan əlavə, sistem müasir sensorların sürətli inteqrasiyasına imkan verən açıq arxitekturaya malikdir.
“Orbiter 4” mini taktik PUA kəşfiyyat məlumatlarının toplanması, sərhəd mühafizə, dəniz əməliyyatları və digər bütün ISTAR missiyaları üçün nəzərdə tutulur. Uçuş kütləsi 50 kq təşkil edən “Orbiter 4” PUA-nın qanad açıqlığı 5.4 metr, sürəti 70 uzl (130 km/saat), datalink məsafəsi 150 km təşkil edir. 5500 metr uçuş yüksəkliyinə malik PUA 12 kq faydalı yük götürmə qabiliyyətinə sahibdir.
“Aeronautics Group” şirkətinin çətin taktiki tapşırıqları yerinə yetirmək üçün yeni hazırladığı VTOL tipli “Trojan” PUA həm ISR (Intelligence, Surveillance and Reconnaissance), həm də WAPS (Wide-Area-Persistent-Surveillance) imkanlarına sahib çox yönlü və dinamik həlldir. Sistem dəqiq, etibarlı, real vaxt situasiya məlumatlılığını təmin etmək üçün qabaqcıl analitika imkanları ilə birlikdə çoxsaylı sensorlardan istifadə edir.
“Trojan”nın UHP (Unmanned Hover Plane) konfiqurasiyasında hazırlanması ona 2.5 saat havada qalma müddəti, sürətli uçuş və 150 km-ə qədər uçuş uzaqlığı, həmçinin çəkisi 12 kq-a qədər olan çoxsaylı faydalı yükləri daşımaq imkanı verir. PUA əlverişsiz hava şəraitində həm gecə, həm də gündüz vaxtı tapşırıqları yerinə yetirmək qabiliyyətinə malikdir.