İsrail adı açıqlanmayan Avropa ölkəsinə çox sayda “SkyStriker” tədarük edəcək

İsrail adı açıqlanmayan Avropa ölkəsinə çox sayda “SkyStriker” tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan Avropa ölkəsinə bir neçə yüz ədəd “SkyStriker” kamikadze pilotsuz uçuş aparatı tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 95 milyon ABŞ dolları dəyərində alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, “Elbit Systems” “SkyStriker”in istehsalı və müştəriyə çatdırılması ilə bağlı bütün işləri qarşıdakı ilk iki il ərzində yerinə yetirəcək.

“Skystriker” düşmən hədəflərinin məhv edilməsi üçün hazırlanmış yüksək dəqiqlikliyə və performansa malik tam avtonom kamikadze PUA-dır. 10 kiloqram ağırlığa qədər döyüş başlığı daşıyan PUA operator tərəfindən təyin edilmiş hədəfləri aşkarlaya, müəyyənləşdirə və vura bilir.

“SkyStriker”in əsas üstünlüklərindən biri onun elektrikli mühərriklə təchiz edilməsidir. Bunun sayəsində PUA həm ətrafa daha az akustika yayır, həm də 2 saata qədər havada qalaraq istifadəçiyə 100 km məsafədə gizli əməliyyatlar aparmağa imkan verir. Beləliklə, “SkyStriker” düşmən üçün səssiz, gözəgörünməz və sürpriz hücumçuya çevrilir.

CATEGORIES
TAGS