
İsrail 2025-ci ildə müdafiə ixracında ölkə tarixinin rekord göstəricisinə imza atıb.
“Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, beləliklə, beşinci il ardıcıl olaraq müdafiə ixracı rekordunu yenilənib.
2025-ci ildə İsrailin müdafiə ixracının həcmi 19,2 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 30 faiz artım deməkdir. Son beş ildə bu göstərici iki dəfədən çox, son on ildə isə dörd dəfə artıb.
İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində 2025-ci ildə hökumətlərarası (GTG) müqavilələr üzrə də rekord nəticə qeydə alınıb. Bu müqavilələrin ümumi dəyəri təxminən 10 milyard ABŞ dolları təşkil edib və bütün ixrac müqavilələrinin yarıdan çoxunu əhatə edib.
Ötən ilin hesabata əsasən, İsrailin müdafiə sənayesi şirkətləri Müdafiə Nazirliyinin dəstəyi və koordinasiyası altında dünyanın müxtəlif ölkələri ilə çox sayda yeni müqavilə imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 19,2 milyard ABŞ dolları olub. Razılaşmaların 53 faizi hər biri 100 milyon dollardan çox dəyərə malik iri həcmli sazişlərdən ibarət olub.
2025-ci ildə də raket, reaktiv sistemlər və hava hücumundan müdafiə sistemləri İsrailin ixracının əsas istiqaməti olaraq qalıb və ümumi müqavilə həcminin 29 faizini təşkil edib. Digər diqqətçəkən artım isə müşahidə və optronik sistemlər sahəsində qeydə alınıb. Bu kateqoriyanın payı əvvəlki ildəki 6 faizdən 22 faizə yüksəlib.





