İsrail Müdafiə Qüvvələri döyüşlərdə yeni “Lahav” multiçaplı YARS tətbiq edir

İsrail Müdafiə Qüvvələri döyüşlərdə yeni “Lahav” multiçaplı YARS tətbiq edir

2024-cü il fevralın 4-də İsrail Müdafiə Qüvvələri (IDF) ilk dəfə döyüş şəraitində yeni multiçaplı “Lahav” yaylım atəşli reaktiv sistemdən (YARS) istifadə edib.

“Poliqon” N12 saytına istinadən xəbər verir ki, bir neçə il əvvəl İsrail Müdafiə Qüvvələri perspektivli “Lahav” multiçaplı YARS almağa və mənimsəməyə başlayıb.

Bildirilib ki, bu günədək belə texnika qoşunlar arasında az miqdarda yerləşdirilib və heyətlər tərəfindən lazımi səviyyədə mənimsənilib. Məlumata görə, artıq bir ay əvvəl yeni YARS-nin həqiqi döyüş tətbiqinə başlanıb – döyüş maşınları müxtəlif növ raketlərdən istifadə edir və Qəzza zolağındakı hədəfləri atəşə tutur.

“Elbit Systems” şirkətinin PULS (Precise & Universal Launching System) YARS-nin platforması əsasında yaradılmış “Lahav” multiçaplı YARS döyüş maşınının konstruksiyasına Oshkosh  HEMTT (Heavy Expanded Mobility Tactical Truck – yüksək keçidlikli hərbi ağır yük maşını) 8×8 hərbi maşınının dəyişdirilmiş şassisi daxildir. O, 122 mm-dən 370 mm-ə qədər müxtəlif çaplı reaktiv mərmilərlə atəş aparmağa qadirdir. PULS YARS-nin İsrail Müdafiə Qüvvələri üçün olan modifikasiyası “Lahav” adlandırılıb.

Lahav YARS döyüş maşını iki növ olmaqla “Romah” və “Raam Eitan” reaktiv mərmiləri ilə atəş aparmağa qadirdir. 18 istiqamətləndiricili nəqletmə-buraxma konteynerinə doldurulan 122 mm-lik “Romah” reaktiv mərmilərinin konstruksiyasına 20 kq ağırlığında döyüş başlığı daxildir və onların atəş məsafəsi 35 km-dir. Bunlardan fərqli olaraq, 6 istiqamətləndiricili nəqletmə-buraxma konteynerinə doldurulan 227 mm kalibrli “Ra’am Eitan” reaktiv mərmisinin konstruksiyasına kaset döyüş başlıqları daxildir. Reaktiv mərmilərin atəş məsafəsi 40 km-dir ki, bu da qoşunların döyüş meydanında daha təhlükəsiz keçidini asanlaşdırır.

“Lahav” YARS döyüş maşınından daha üç reaktiv mərmidən də  istifadə edilə bilər:

  • 10 istiqamətləndiricili nəqletmə-buraxma konteynerinə doldurulan 160 mm çaplı “Kidon Kesum” reaktiv mərmisinin hər birinin konstruksiyasına çəkisi 35 kq olan döyüş başlığı daxildir. Reaktiv mərminin atəş məsafəsi 40 km-dir.
  • 306 mm kalibrli EXTRA raketləri 4 istiqamətləndiricili nəqletmə-buraxma konteynerinə doldurulur. Hər bir raket 120 kq ağırlığında fuqas döyüş başlığı ilə hazırlanmışdır və onların uçuş məsafəsi 30 – 150 ​​km arasında dəyişir.
  • 140 kq ağırlığında döyüş başlığı olan 370 mm kalibrli “Nitz Dors” raketləri 2 istiqamətləndiricili nəqletmə-buraxma konteynerinə doldurulur və onların atəş məsafəsi 50 – 300 km arasında dəyişir.

Raketlər suya davamlı nəqletmə-buraxma konteynerlərində saxlanılır ki, bu da onları xarici amillərdən və mümkün zədələrdən qoruyur.

Modifikasiya edilmiş Oshkosh HEMTT 8×8 yük maşını şassisinə quraşdırılmış artilleriya hissəli “Lahav” YARS döyüş maşını layiqli texniki xüsusiyyətlərə malikdir. Uzunluğu 10,4 metr və eni 2,4 metr olan döyüş maşının manevr qabiliyyəti ilə seçilir və 100 km/saat sürətə çatmağa qadirdir. Bu manevr qabiliyyəti 515 kVt gücə malik etibarlı Caterpillar C15 dizel mühərriki ilə bağlıdır ki, bu da yüksək hərəkətliliyi və müxtəlif relyef şəraitinə uyğunlaşmanı təmin edir. Avtomobilin tam ötürücülü quruluşu müxtəlif döyüş şəraitində manevr etmək üçün zəruri olan müstəsna manevr və hərəkətliliyi təmin edir.

Bundan başqa, “Lahav” YARS döyüş maşını onun döyüş effektivliyini artırmaq üçün nəzərdə tutulmuş avadanlıqla təchiz edilib. Fırlanan artilleriya hissəsi və 2 nəqletmə-buraxma konteyneri üçün yeri olan döyüş maşını sürətli açılmanı və atəşi təmin edir.

Mobillikdən əlavə, “Lahav” YARS döyüş maşınının konstruksiyasında istismar səmərəliliyinə əsas diqqət yetirilib. Özünü enən domkratlar atəş zamanı döyüş maşınının sabitləşməsini (tarazlaşdırılmasını) təmin edir, atəşin dəqiqliyini və topluluğunu təmin edir. Quraşdırılmış kran nəqletmə-buraxma konteynerlərinin tez bir zamanda yenidən doldurulmasına imkan verir. Bu proses döyüş işi arasında dayanma müddətini minimuma endirməklə təxminən 10 dəqiqə çəkir.

“Lahav” YARS döyüş maşının, həmçinin C4ISTAR imkanları da daxil olmaqla, sürətli və dəqiq tuşlamanı təmin edən müasir atəşə nəzarət və idarəetmə sistemləri ilə təchiz edilib. Döyüş maşınının inersial naviqasiya və GPS texnologiyasını özündə birləşdirən qabaqcıl naviqasiya sistemləri hətta çətin şəraitdə də dəqiq yeri və hədəfi təyin etməklə onun döyüş qabiliyyətini daha da artırır.

Nəqliyyat vasitəsinin və artilleriya bölməsinin idarə olunması sürücü kabinəsində cəmləşib, o, həm də operatorun oturacağı rolunu oynayır və şəxsi heyətin potensial təhlükələrdən əlavə müdafiəsini təmin edir.

Əhəd Vahidoğlu

CATEGORIES