
İsveçin “Saab” şirkəti Polşa Silahlanma Agentliyi ilə üç ədəd A26 tipli sualtı qayığın tədarükünə dair müqavilə imzalayıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, ümumi dəyəri 47 milyard SEK (4.2 milyard avro) olan müqaviləyə sualtı qayıqların tədarükü ilə yanaşı, silah, təlim və dəstək paketləri də daxildir.
Şirkət tərəfindən mərhələli şəkildə həyata keçiriləcək çatdırılma prosesinin 2038-ci ildə tamamlanması planlaşdırılır.
“Saab”ın A26 sualtı qayığı Baltik dənizinin mürəkkəb əməliyyat şəraitinə uyğun olaraq hazırlanıb və tam səssiz fəaliyyət göstərərək aşkarlanma riskini minimuma endirmək üçün xüsusi şəkildə layihələndirilib. Sualtı qayıqlar yüksək hərəkət azadlığı, gizlilik, eləcə də kəşfiyyat, müşahidə və məlumat toplama imkanları vasitəsilə çoxdomenli dəniz əməliyyatlarına mühüm töhfə verir.
Müqavilə çərçivəsində “Saab” Polşa sənayesi ilə sıx əməkdaşlıq edərək, ölkədə texniki xidmət, təmir və modernləşdirmə imkanlarının yaradılmasını öhdəsinə götürüb. Bu addım Polşanın strateji müstəqilliyinin gücləndirilməsinə dəstək verəcək.
Bundan əlavə, Varşava ilə Stokholm arasında imzalanmış ayrıca razılaşmaya əsasən, Polşa keçid dövründə müvəqqəti həll kimi İsveçə məxsus “HMS Södermanland” sualtı qayığından istifadə edəcək.




